Təqvanın həqiqəti nədir?
İslam dinimiz təqva əhlini həmişə üstün hesab etmiş və onları başqalarından fərqləndirmişdir. Təqva haqqında Qurani-Kərimdə buyurulmuşdur ki, təqva – insan dəyərini ölçən meyardır.
“Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13). Başqa yerdə təqvanı axirət üçün ən yaxşı azuqə adlandırır. “Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə – təqvadır”. (“Bəqərə” 197). Başqa yerdə təqvanı ən yaxşı libas adlandırır. “Əlbəttə, təqva libası daha yaxşıdır”. (“Əraf” 26). Qurani-Kərimin bir çox ayələrində buyurulur ki, İlahi peyğəmbərlərin (ə) dəvətinin üsulunda təqva dayanmışdır. Təqvanı o qədər üstün bir əməl halına salır ki, Uca Allaha da belə, aid edir. “O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir”. (“Muddəssir” 56). Quranın nəzərinə görə təqva – nurdur. Hansı yerdə olarsa, orada elm və bilik yaradar. “Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir”. (“Bəqərə” 282). Qurani-Kərim, yaxşılıq və təqvanı bir-birinə yaxın hesab edir. “Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin”. (“Maidə” 2). Dinimiz, ədaləti təqvaya yaxın hesab edir. “Ədalətli olun, ki, o, təqvaya daha yaxındır”. (“Maidə” 8). Quranın bəzi yerlərində təqva qəlb adlandırılır. “Həqiqətən Allahın peyğəmbərinin yanında səslərini aşağı salanlar – Allahın qəlblərini pərhizkarlıq üçün sınadığı (və hazırladığı) kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır”. (“Hucurat” 3). Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, təqva – həmin məsuliyyət hissidir ki, ardınca imanın qəlbdə sabit olması gələr. İnsan varlığına hakim olar. Onu günahdan uzaq saxlayar. Yaxşılığa, ədalətə tərəf dəvət edər. İnsanın əməlini xalis edər. İnsanın fikir və niyyətini pisliklərdən yuyar. Uca Allah bizləri təqva əhlindən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|