Nə üçün Həzrət Yusifin (ə) əhvalatı "ən gözəl əhvalat" adlandırılıb?
Allah-Taala Qurani-Kərimin “Yusuf” surəsinin 3-cü ayəsində belə buyurur:
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـذَا الْقُرْآنَ وَإِن كُنتَ مِن قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ “Biz sənə vəhy etdiyimiz bu Quranla sənin üçün ən gözəl əhvalatı danışırıq. Halbuki sən bundan öncə xəbərsizlərdən idin.” “Qəsəs” dedikdə, həm əhvalat, həm də onun nəql olunması başa düşülür. İnsanın tərbiyəsində hekayə və əhvalat dinləyib xatırlamağın xüsusi yeri var. Çünki əhvalat bir ümmətin həyatının və əməli təcrübəsinin təcəssümüdür. Tarix millətlərin güzgüsüdür. Tarix və keçmişdəkilərlə tanış olduqda, sanki onların həyatını yaşayırıq. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 31-ci məktubunda oğlu İmam Həsənə (ə) buyurur: “Ey oğlum! Mən keçmişdəkilərin başına gələnləri elə mütaliə etmişəm ki, sanki onlarla yaşamışam, onlar qədər ömür sürmüşəm.” Hekayə və əhvalatın insana güclü təsir etməsinin bir səbəbi də onun qəlbən hekayəyə meyilli olması ola bilər. Adətən, tarixi kitablar və dastanlar bəşər tarixi boyu rövnəqli olmuş, əksər insanlar tərəfindən başa düşülmüşdür. Hansı ki, əqli dəlillərlə müşayiət olunan mövzuları az insanlar anlayır. Rəvayətlərdə Quran bütövlükdə “əhsənul-qəsəs”, yəni “əhvalatların gözəli” adlandırılır. Səmavi kitablar arasında Quranın, Quran surələri arasında “Yusif” surəsinin “əhsənul-qəsəs” adlandırılmasında heç bir təzad yoxdur. (“Təfsiri-Kənzud-dəqaiq.”) Quran əhvalatlarının digər əhvalatlarla bir sıra fərqləri var. O cümlədən, bu əhvalat Allah tərəfindəndir, məqsədlidir, xəyal yox, həqiqətdir, güman yox, elmə əsaslanır, əyləncə yox, düşüncə vasitəsidir, baş qatmaq yox, ibrət üçündür. (Bax: “Hud”, 120; “Kəhf”, 13; “Əraf”, 7; “Əraf”, 176; “Yusuf”, 111.) Həzrət Yusifin əhvalatının “əhsənül-qəsəs” adlandırılmasının səbəbləri var: 1. Əhvalatların ən mötəbəridir; 2. Bu əhvalatda ən böyük cihad olan nəfslə cihaddan danışılır; 3. Əhvalatın qəhrəmanı bütün insani kamilliklərə malik bir gəncdir (səbir, iman, təqva, iffət, əmanətdarlıq, hikmət, əfv, ehsan); 4. Əhvalatdakı bütün simaların aqibəti xoş olur. Məsələn, Yusif (ə) hakimiyyətə çatır, qardaşları tövbə edir, atasının gözü açılır, ölkədə qəhətlik aradan götürülür, qəm və həsəd vüsal və məhəbbətə çevrilir; 5. Bu əhvalatda bir sıra ziddiyyətlər yanaşı zikr olunur: ayrılıq və vüsal, qəm və şadlıq, qıtlıq və bolluq, vəfasızlıq və vəfadarlıq, ağa və qul, quyu və saray, yoxsulluq və var-dövlət, bəndəlik və sultanlıq, korluq və görmə, paklıq və pislikdə ittiham. Yalnız ilahi dastanlar yox, Allahın bütün işləri “əhsən”dir (gözəldir). Çünki: O, ən üstün yaradandır; ən üstün kitaba malikdir; ən üstün surət verəndir; ən üstün dinə malikdir; ən üstün mükafatı verir. (Bax: “Muminun”, 14; “Zumər”, 23; “Ğafir”, 64; “Nisa”, 125; “Nur”, 38.) Bütün bu üstün nemətlər müqabilində Allah insanlardan ən üstün əməli istəmişdir. (Bax: “Hud”, 7.) “Qəflət” Quranda üç mənada zikr olunur: a) Pis qəflət: “Həqiqətən, xalqın çoxu Bizim ayələrimizdən qəflətdədir.” (“Yunus”, 96.) b) Yaxşı qəflət: “Pak və pis işdən xəbərsiz (qəflətdə olan) qadınları zinada ittiham edənlər dünya və axirətdə lə’nətlənmişlər.” (“Nur”, 23.) c) Təbii qəflət: Hazırkı ayədə nəzərdə tutulan qəflət. Bildirişlər 1. Quran əhvalatlarını Allah bəyan edir. 2. Əhvalatı danışan (və ya yazan) mötəbər olmalıdır. 3. Psixoloji və tərbiyəvi baxımdan daha güclü təsir etmək üçün müqəddiməyə yer verilməlidir. (Əhvalata başlamazdan öncə müqəddimə verilir ki, Allah ən gözəl əhvalatı nəql etmək əzmindədir.) 4. Ən üstün sözlər ən üstün fərdlərin ixtiyarındadır. 5. Başqalarına nümunə göstərmək üçün ən üstünləri seçib təqdim edək. 6. Quran əhvalatları ən üstün və ən gözəl şəkildə bəyan edir. 7. Ən üstün hekayə vəhyə əsaslanmalıdır. 8. Peyğəmbər (s) vəhy olan məsələləri bilməlidir. 9. Peyğəmbər (s) ona vəhy nazil olmamışdan öncə keçmişlərin tarixindən xəbərsiz idi. 10. Quran qəfləti aradan götürür. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.6, “Yusuf” surəsi, 3-cü ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|