Allahın insana olan sevgisi
Qurani-kərim “Bismillahir- Rəhmanir- Rəhim” ayəsi ilə başlayır. Allah-təalanın Rəhman sifəti Onun rəhminin genişliyini, Rəhim sifəti isə tükənməzliyini göstərir.
Uca Yaradan bu dünyada hamıya qarşı mehribandır. Kafirə də, möminə də ruzi verir. Günəş öz istiliyini, torpaq öz bərəkətini, su öz ləzzətini heç kəsdən əsirgəmir. Bütün bunlar Allahın sonsuz mərhəmətinin nişanəsi olmaqla yanaşı, həm də bir imtahan vasitəsidir. Nemətlərlə bəslənən insanların içindən kim şükr edəcək, kim nankor olacaq? Dünya və onun nemətləri ələk kimidir. Hər kim bunlara etinasız yanaşsa, ələyin gözündən keçər. Hər kim bunlara bağlansa, ələyin gözlərində ilişib-qalar. Müqəddəs kitabın ayələrində dönə-dönə Allahın mərhəmət və lütfündən danışılır: “Mərhəmətim hər şeyi ehtiva etmişdir” (Əraf, 156). “De: “Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər, 53). Peyğəmbər (s) buyururdu ki, ərşin üzərində Allahın bu mübarək kəlamı yazılıb: “Mənim mərhəmətim qəzəbimi qabaqlayır”. Allah o qədər mərhəmətlidir ki, insanları doğru yola hidayət etmək, dünya və axirət səadətinə qovuşdurmaq üçün hər kəsin batinində daxili rəhbər – vicdan yerləşdirib. Bundan əlavə, hər millətə, hər qövmə peyğəmbərlər göndərib, kitablar nazil edib. Allah o qədər mərhəmətlidir ki, insanın hər yaxşı əməlinin müqabilində ona qat-qat artıq savab yazır: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz” (Ənam, 160). Bəzi hədislərdə xeyir əmələ görə verilən savabın 600 qata qədər artırıldığını oxuyuruq. Günahlar isə səmimi tövbədən sonra heç olmamış kimi silinər. Belə isə, günah girdabına qərq olan insan həqiqətən, özünə qarşı zalım və cahil deyilmi? Əbuzər Ğifarinin Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət etdiyi bir hədisi-qüdsidə deyilir ki, Allah-təala buyurur: “Mən yaxşılığın əvəzini onqat və hətta artıq verirəm. Pisliyə görə ya bir cəza verirəm, ya da bağışlayıram. Vay o adamın halına ki, bütün bunlarla birlikdə biri onunu (yəni günahı savabını) üstələmiş olsun” (Təfsiri-nümunə, VI, 67). Bir gün bir bədəvi ərəb Peyğəmbərlə görüşmək üçün Mədinəyə gəlir. Kasıb olduğu üçün Peyğəmbərə (s) hədiyyə gətirməyə imkanı olmur, amma əliboş gəlməyə də utanır. Çöldə bir göyərçin balasını yuvasından tutub özü ilə gətirir. Mədinə məscidində Peyğəmbərin hüzuruna yetişən bədəvi ərəb göyərçin balasını o həzrətə təqdim edir. Bir də görürlər ki, ana göyərçin özünü məscidin içinə vurub, adamlardan qorxmadan balasına yaxınlaşır. Hamı göyərçinin fədakarlığına və sevgisinə məəttəl qalır. Peyğəmbər (s) bu mənzərəni seyr edən müsəlmanlara buyurur: “Gördünüzmü ana öz balasını nə qədər sevir? Bilin ki, Allah-təalanın öz bəndələrinə sevgisi və mərhəməti bu quşun öz balasına sevgisindən qat-qat çoxdur”. Səhihi-Müslimdə və sair mənbələrdə xatırlanan başqa bir rəvayətdə deyilir ki, bir gün müharibədə ələ keçirilmiş əsirləri Peyğəmbərin hüzuruna gətirirlər. Bu zaman uşaqlardan birinin ağlamaq səsi eşidilir. Əsir qadınlardan biri yüyürərək özünü uşaqların arasına vurur, ağlayan körpəni bağrına basıb əmizdirməyə başlayır. Peyğəmbər (s) ətrafdakılardan soruşur: “Necə düşünürsünüz, bu qadın öz körpəsini yanar odun içinə atarmı?”. Səhabələrin hamısı: “Əlbəttə ki yox!” – cavabını verir. Peyğəmbər (s) buyurur: “Bilin ki, Allahın öz bəndələrinə sevgisi bu ananın balasına məhəbbətindən min dəfə çoxdur” (Əllamə Hilli. Nəhcül-həqq və kəşfüs-sidq, səh. 374). Deyirlər ki, Həzrət Nuh Peyğəmbər (ə) yüz illər boyunca öz xalqını imana dəvət etmiş, amma sözləri nəticəsiz qalmışdı. Axırda Həzrət Nuh (ə) camaatın inadkarlığından qəzəblənir, onları məhv etməsi üçün Allaha bəd-dua edir. Allah-təala öz peyğəmbərinə vəhy edir ki, bir qədər gil hazırlasın və gildən qablar düzəltsin. Nuh Peyğəmbər (ə) Allahın əmrini yerinə yetirir, gildən xeyli qab-qacaq yapır. İşini qurtarandan sonra Allah Ona vəhy edir: “Ey Nuh! Indi bu qabların hamısını yerə çırpıb sındır!”. Həzrət Nuh (ə) heyrət içində deyir: “Axı mən bunları düzəltmək üçün zəhmət çəkmişəm. Bunlar mənim məhsullarımdır. Bu qabları məhv etməyə mənim əlim gəlməz”. Allah-təala cavab verir: “Sən öz yaratdıqlarını məhv etmək istəmirsən, onlara heyfin gəlir. Amma tələb edirsən ki, mən öz yaratdıqlarımı yox edim?!”. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Allahın mərhəməti yüz qismdir. Onun bir qismini öz məxluqatına bəxş edib. Insanlar, cinlər, heyvanlar və quşlar bu mərhəmətin sayəsində bir-biri ilə ünsiyyət qurur, bir-birini sevirlər. Bu mərhəmətin sayəsində vəhşi heyvanlar belə, öz balalarını istəyirlər. Allah mərhəmətin qalan 99 qismini özünə saxlayıb, qiyamət günündə öz bəndələrinə bu mərhəməti izhar edəcək”. Başqa bir hədisdə buyurulur ki, əgər kafir Allahın mərhəmətinin miqdarını tam bilsəydi, cənnətdən ümidini üzməzdi (Səhihül-Buxari, Kitabür-Riqaq, hədis 6469). Allahın mərhəmətinin sonsuzluğu barədə aşağıdakı rəvayət də yerinə düşür. Məaz ibn Cəbəl adlı səhabə bir gün Peyğəmbərə (s) dedi: ”Qapıda yaraşıqlı bir cavan oğlan durub, balası ölmüş ana kimi ağlayır, Sizin hüzurunuza gəlmək istəyir“. Peyğəmbər (s) tapşırdı ki, cavanı onun yanına gətirsinlər. Bəhlul adlı oğlan ağlaya-ağlaya içəri daxil oldu. Niyə ağladığı barədə Peyğəmbərin (s) sualına cavab verdi ki, çox dəhşətli, hətta dağlardan da böyük bir günah edib. Peyğəmbər (s) heyrətlə soruşdu: “Əgər günahın yerdən, dənizlərdən, qum dənələrindən, ağaclardan, yerdəki bütün məxluqatdan da böyük olsa, Allah bağışlayar”. Oğlan dedi: “Mənim günahım bunlardan da böyükdür”. Peyğəmbər (s) buyurdu: “Əgər günahın asimandan, ulduzlardan, ərşdən və kürsidən də böyük olsa, yenə Allah bağışlayar”. Bəhlul ümidsizliklə söylədi: “Mənim günahım bunların hamısından daha böyük və daha ağırdır”. Peyğəmbərin israrlı tələbi ilə Bəhlul öz günahı barədə danışmağa başladı: “Mən yeddi ildir ki, qəbirləri açıb ölülərin kəfənini oğurlamaqla məşğulam. Bu günlərdə ənsardan bir qızı dəfn etdilər. Camaat dağılışıb gedəndən sonra gecə qəbristanlığa gəldim, qızın məzarını açdım, kəfənini əynindən çıxardım. Qayıtmaq istəyəndə şeytan mənə vəsvəsə etdi. Qızın gözəlliyi məni özünə çəkdi, meyitlə yaxınlıq etdim. Çıxıb getmək istəyəndə meyitdən belə bir səs eşitdim: “Ey cavan! Qiyamət gününün sahibindən qorxmursanmı? Məni çılpaq halda ölülərin arasında buraxdın. Kəfənimi soyundurdun, məhşərə cənabətli (qüsllü) halda gəlməyimə səbəb oldun! Vay halına ki, cavan bədənin cəhənnəm atəşində yanacaq!”. Peyğəmbər (s) bu etirafdan elə dəhşətə gəldi ki, Bəhlulun günahının bağışlanması haqqında dua etməkdən imtina etdi. Bəhlul Mədinə ətrafındakı dağlara çəkildi, iki əlini zəncirlə boynuna bağladı, ibadət və duaya başladı. Qırx gün tövbə etdikdən sonra Allaha yalvardı: “Allahım, bacardığım qədər tövbə etdim. Əgər dualarımı müstəcab edib günahımı bağışladınsa, öz peyğəmbərinə bu barədə vəhy göndər. Əgər bağışlamadınsa, bu dünyada məni yandır ki, qiyamət günündə hamının qarşısında rüsvay olmayım”. Bu zaman Allah-təala Peyğəmbərə (s) bu ayəni nazil etdi: “Onlar bir əxlaqsızlıq etdikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb, günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar” (Ali-Imran, 135). Peyğəmbər (s) Bəhlulu görmək üçün dağlara gəldi, öz əlləri ilə onun qolundakı zənciri açdı, üstündən toz-torpağı təmizləyib söylədi: “Müjdə olsun sənə, ey Bəhlul! Allah səni cəhənnəm atəşindən xilas etdi”. Sonra yanındakı səhabələrə belə buyurdu: “Günahlarınızı Bəhlul kimi bağışlatdırın”. Oxşar xəbərlər
|