Namazda qəlb hüzuruna malik olmaq nədən asılıdır?
Bizlərin hər biri camaat rolunu oynayır və bir imamın vasitəsilə iş görürük. Bu camaatın imamı bizim daxilimizdədir – ya ağıldır, ya xəyaldır, ya da vahimədir.
Hər bir halda hər kəs öz imamını yaxşı tanıyır. İnsan bədəninin bütün üzvləri imamın əmrinə tabedir. Əgər insan sağlamdırsa, bütün bədən üzvləri ağlına tabe olar. Aqil insan daxili və xarici işlərini bir-biri ilə əlaqəli şəkildə tənzim edər. Əgər biz bilmək istəyiriksə ki, bizə əmr edən ağıldır, yoxsa başqa qüvvədir – gərək rəftarlarımıza və əməllərimizə nəzər salaq. Biz haradan bilək ki, filankəs yaxşı insandır? Görürük ki, yaxşı söz danışır, yaxşı iş görür, sözü əməli ilə uyğun gəlir, heç kəsin pisliyini istəmir, zahir və batini eynidir və bütün əməllərini bir yerə toplayanda, görürük ki, onun daxilində nur vardır. Ancaq əgər kimsə pis iş görürsə, yalan deyirsə, şəmatət edirsə, rüşvət alırsa – məlum olur ki, daxilində xain imam hakim olmuşdur. Ona görə də əgər bədən üzvləri sağlam olarsa, bunlar o məmumlardır ki, qibləyə namaz qılan imama iqtida edirlər. Əgər bədən üzvləri fəsada düçar olarsa, onlar o imamın məmumlarıdır ki, arxası qibləyə dayanıblar. O kəs ki, vəhşi təbiətə malikdir, Qiyamət günü it simasında zahir olacaqdır. Bədən üzvləri şəhadət verəcəkdir ki, o, vəhşi heyvandır. Çox tamahı olan insanlar siçan kimi zahir olacaqlar. Burada onun bədən üzvlərinin danışmağa ehtiyacı yoxdur. Qurani-Kərimdə buyurulur: “Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz”. (“Loğman” 18). O kəs ki, xəyalla yaşayır, Allahın məhbubu ola bilməz. O kəs ki, ağıl yerinə xəyalına tabe olarsa, o insanı Allah sevməz. Bu insanın axırı yaxşı olmaz. Bu insanın aqil həyatı və aqil namazı olmaz. Aqil namazı o kəslər yerinə yetirir ki, namazdan əvvəl qüvvələrini paklamışdır. Nalayiq danışmalar, deyilənlər, pis sözlər səbəb olar ki, aqil namaza malik olmayaq. Əgər insan çalışsa ki, bütün bədən üzvləri ancaq ağıla tabe olsun, bu zaman insanın namazı da qəlb hüzuru ilə olar. Çünki namazda bir neçə dəqiqə olan qəlb hüzuru – insanın bütün həyat boyu ağılla yaşamasının nəticəsidir. O kəs ki, hər an özünü Allah qarşısında hiss edər – namazını qəlb hüzuru ilə qılar. Ancaq o kəs ki, bütün günü Allahdan başqa şeylər haqqında düşünərsə, namazda qəlb hüzuruna malik ola bilməyəcəkdir. (Ayətulllah Cavadi Amulinin əxlaq dərslərindən) /Deyerler.org/ Oxşar xəbərlər
|