İnsan düzəlsə dünya da düzələr
Türkiyə kanallarının birində efirə gedən bir verilişdə maraqlı bir səhnə ilə qarşılaşmaq olur.
Bu verilişdə qonaq qismində gələn iştirakçı deyir ki, ata evə gələndə evdəki balaca uşağı qarşısına çıxıb yorğun ataya deyir ki, gəl gedək parkda oynayaq. Ata isə təbii ki, yorğundur, amma, uşağın qəlbini də qırmaq istəmir. Naçar qalır ki, nə etsin. Otağına gedir və otağında olan böyük dünya xəritəsini əlinə alıb paralayır. Xeyr, bunu o, hirsindən, yaxud yorulduğu üçün etmir. Sadəcə, yorğun ataya israr edən uşağın başını qatmaq üçün belə edir. Uşağa deyir ki, bu paralanmış xəritəni götür, get otağına. Onu yenidən düzəltməyə çalış. Əgər düzəldə bilsən, parka gedərik. Uşaq sevincək paralanmış “dünyanı” əlinə alıb otağına çəkilir. Yorğun ata otağına gedib yatağında uzanır, uşağın bu xəritəni düzəldə bilməyəcəyini düşünən ata, bir müddət sonra qarşısında oğlunu əlində hazır xəritə tutmuş halda görür. Oğlunun ona uzatdığı xəritəni götürüb baxır və görür ki, doğrudan da uşaq paralanmış dünya xəritəsinin paralarını düzgün bir şəkildə bir-birinə yapşdırıb. Daha sonra ata bunu necə bacardığını uşaqdan soruşanda, uşaq dünyagörmüş ataya ibrət dərsi keçir. Uşaq deyir ki, ata, sən verdiyin dünya xəritəsinin arxasında insan şəkli var idi. Mən xəritənin insan şəkli olan hissəsini qabağıma qoyub insanı düzəltdim, “dünya” da öz-özünə düzəldi. Doğrudan da çox ibrətamizdir. Bəli, həkim və alim Allah hətta bir uşaq vasitəsilə də atalara-babalara dərs öyrətməyə qadirdir. “İnsan düzəlsə dünya da düzələr” məsələni elə Quran özü buyurur. Necə ki, “Rəd” surəsinin 11-ci ayəsində buyurulur: "...Həqiqətən, bir qövm öz halını dəyişməyincə Allah o qövmün halını dəyişməz..." Bildiyimiz kimi dünya insanlar üçün xəlq edilib. “Dünyanın düzəlməsi” ibarəsindən məqsəd insanın düzəlməsidir. Dünya insanları isə müxtəlif ölkələrdə yaşayan xalqlardan ibarətdir. Bu xalq cəmiyyətlərdən, cəmiyyətlər də insanlardan təşkil tapıb. Deməli, məsələ fərdi olaraq insanın özünə qayıdır. Xalqı təşkil edən insanlar tək-tək düzəlməsə dünya da düzəlməz. Maraqlısı budur ki, qeyd etdiyimiz uşağın dediyi ibrətamiz hadisəni Quranın buyurduğunu deyiriksə də bir çoxları yenə Quranla ünsiyyətdən uzaq durmağa çalışırlar. Halbuki Quran bu məsələni gözəl bir şəkil bəyan etmişdir. Odur ki, bu dünyanı düzəltməyən insanların o dünyası bərbad gündə olacaq. Oxşar xəbərlər
|