Başımıza gələn hər bir müsibət dərs almağımız üçündür
Yaşadığımız bu dünya əziyyət və zəhmətlə doludur. Bu müsibət və əziyyətlər həyatımızın bir hissəsini təşkil edir. Hər bir halda bu müsibət nə olursa-olsun, gərək onun qarşısında məğlub olmayaq, mübarizə aparaq.
İmam Əli (ə) Osman ibni Hənifə yazdığı məktubda buyurur: “Agah olun ki, səhra ağaclarının çubuqları daha sərt və çay kənarında olan ağacların qabığı daha nazik olur. Səhra ağacları yağışla su içərlər, çubuqlarının atəşi daha şöləli və daha davamlıdır”. İmamın (ə) məqsədi budur ki, səhra ağacları çətin bir şəraitdə böyüdüklərinə görə başqa ağaclardan daha sərt və daha davamlıdırlar. Bir xətib məclislərin birində cibində böyük dəyəri olan pul əskinasını çıxardıb insanlara deyir: “Kim bu əskinası almaq istəyir?”. Çox sayda insan əlini qaldırır. Xətib deyir: “Yaxşı, mən bu pulu sizlərdən birinizə verəcəyəm. Lakin əvvəlcə bir iş görmək istəyirəm”. Sonra hamının gözü qarşısında həmin əskinası əzib bükdü və dedi: “Kim indi bu pulu almaq istəyir?”. Yenə də çox sayda insan əlini qaldırır. Xətib bu dəfə həmin pulu ayağının altına atıb tapdalayır və əzir və yenə həmin sualı verir. Bu dəfə də bir neçə insan əlini qaldırır. Xətib deyir: “Dostlarım, mən bu pulum başına bu qədər oyun gətirsəm də o, dəyirini itirmədi. Sizlərdən bir çoxu yenə də onu istəyir. Həqiqi həyatda da bu cürdür. Bir çox çətinliklər və ya müsibətlər bizim belimizi bükür, yerə vurur və biz elə bilirik ki, artıq dəyərimiz yoxdur. Ancaq bu, belə deyildir. Hər nə qədər başımıza bəla gəlsə də, biz heç bir zaman dəyərimizi itirmirik. Bizi sevənlər üçün hələ də dəyərli insanlarıq!”. Əgər həmin pulu cırsaydı və ya parçalasaydı dəyərini itirərdi. İnsan da belədir. Əgər özü-özünü parçalamazsa və əzməzsə, başqa heç kim onu belə edə bilməz. Əgər müsibətlər qarşısında kiminsə yanında nalə çəkiriksə və ya ümidimizi əldən veririksə və əgər həyatdan getmək istəyiriksə - bu olur özümüzü parçalamaq, əzmək. Ayətullah Cavadi Amuli buyurur: “Buğda anbarda olana qədər qiyməti bahalıdır. O zaman ki, daşın altında üyüdülər, qiyməti daha da artar. O zaman ki, təndirə gedər və çörək olar, qiyməti əvvəlkindən daha baha olar və insanın qidasına çevrilər. Həmin bu təzyiq buğdanı kamala çatdırar. Biz əgər özümüzü günahla zəhərləməsək, Allah yolunda olsaq, heç bir çətinlik yaranmaz. Əgər dəyirmandan keçsək belə, ona görədir ki, bişək və imtahan olaq”. Biz gərək öyrənək ki, başımıza gələn hər bir müsibət dərs almağımız üçündür. Allah zalım deyildir ki, səbəb olmadan bizə əziyyət versin. Bu əziyyətlərə ya özümüz səbəb oluruq, ya da Allah tərəfindən olan imtahandır ki, bizi kamala çatdıra bilsin. Biz gərək çətinliklərə nikbin bir eynəklə nəzər salaq. Hər bir halda Allah Təala həmişə yanımızdadır. Bizə həmişə yardım edər. Həyat dərsi elə bir dərsdir ki, onu heç bir məktəb verə bilməz. Biz bu məktəbdə böyüyür və tərəqqi edirik. Əgər bu dərslərdən ibrət almağı bacarsaq, o zaman güclü və qüvvətli olar, kamala çatmaq yolunda irəliləmiş olarıq. Buna görə həyatın çətinliklərindən qorxmayaq, ondan dərs almağı bacaraq. /Deyerler.org/ Oxşar xəbərlər
|