İnsanın əxlaqi vicdanı nə zaman susur?
Bəzən tövbəni təxirə salmaq və günaha qarşı biganə olmaq insanda peşmançılıq üçün şəraiti aradan aparır. Tövbə halının yaranmasına mane olur.
Belə halda məlumdur ki, həmin insan özünü günahkar hesab etmədiyi üçün, tövbə etməyəcəkdir. Halbuki, Quran tövbə üçün şərt qoymuşdur ki, tövbəni təxirə salmaq olmaz. Ona görədir ki, günaha qarşı biganə olmaq – insanın günaha adət etməsinə gətirib çıxardar. Bu adətin sayəsində günaha görə peşman olmaq qəlbdən gedər və nəticədə günah onun üçün adi bir şeyə çevrilər. Bu insan özünü günahkar bilməz və bu halda təbiidir ki, tövbə də etməyəcəkdir. Bu mövzunu bir misal ilə izah etsək, daha aydın olacaqdır. Qeybət – o kəbirə günahlardandır ki, həm fərdə və həm də cəmiyyətə ziyan vurar. Bəzən insan onun günah olmasına diqqət etmədən o qədər qeybət edir və insanların abrını aradan aparır ki, nəticəsinə belə diqqət etmir. İş o yerə gəlib çatır ki, qeybəti günah hesab etmir və buna adət edir. Qeybəti günah saymadığı üçün, ona görə tövbə etmir. Çünki özünü günahkar hesab etmir. Bu insanın əxlaqi vicdani susmuşdur. Hədislərdə oxuyuruq: “Qeybətdən çəkinin, çünki qeybət zinadan da pisdir”. Başqa sözlə desək, günahın çoxluğu səbəb olar ki, həmin şəxs onu günah hesab etməsin və ona görə tövbə etməsin. İnsanın bu halı – çox təhlükəli haldır və insanı başqa günahlara da düçar edər. O zaman ki, insan günaha adət edər, günahı təkrar edər – o, tormozu işləməyən maşına bənzəyər ki, sürətlə dərəyə tərəf hərəkət etməkdədir. Heç bir şey onun qarşısını almağa qadir olmaz. “(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?». Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104). Günah edən insanın qəlbi qaralar və o yerə gəlib çatar ki, Allahın ayələrini inkar edər. “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10). Bəli, tövbəni təxirə salmaq insanı bu qədər ziyana sala bilər. Ona görə də hələ ki, fürsət vardır və mübarək Ramazan ayı bitməmişdir bu rəhmət ayında Allahdan bağışlanma istəyək və tövbəmizi təxirə salmayaq. /Deyerler.org/ Oxşar xəbərlər
|