Həzrət Zeynəbin (s.ə) həyatına qısa bir baxış
Mьəllif: admin1
Tarix: 5-02-2023, 22:58
Həzrət Zeynəbin (s.ə) həyatına qısa bir baxış
Rəcəb ayının 15-i iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) vəfat günüdür. Bu münasibətlə əziz həmvətənlərimiz və oxucularımıza başsağlığı deyir, o xanımın həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s.ə.) evliliyindən beş övlad dünyaya göz açdı: Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm və Möhsin!

Xanım Zeynəb (s.ə.) bu ailənin 3-cü övladıdır. “Zeynəb” sözünün iki mənası var: 1. Ətirli və mənzərəli ağac; 2. Atasının zinəti. (“Lisanul-ərəb”, 1-ci cild, səh.453; “Tacul-ərus min cəvahiril-qamus”, 2-ci cild, səh.60.)

Müxtəlif rəvayətlərə əsasən, xanım Zeynəbin (s.ə.) adı Allah-Taala tərəfindən, Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə qoyulmuşdur. Tarixdə göstərilir ki, xanım Zeynəb (s.ə.) dünyaya göz açdığı zaman Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan, xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun.

İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən (s) irəli keçmərəm. Gözləyək Peyğəmbər (s) səfərdən gəlsin və məsləhət bildiyi adı uşağa qoysun.”

Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) bu xəbəri Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir.

Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.”

Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.”

Bunu eşidən Peyğəmbər (s) Zeynəbi ağuşuna alıb öpür və buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub-saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.55.)

Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın (s.ə.) da İslam yolunda fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Xanım Zeynəbi-Kubra (s.ə.) 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və beş yaşında ikən, babası Peyğəmbəri-Əkrəm (s) əbədiyyətə qovuşur.

Anası xanım Fatimeyi-Zəhra (s.ə.) da bu dünyada Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır. Anasından sonra onun tərbiyəsini imam Əli (ə) və qardaşları Həsənlə (ə) Hüseyn (ə) öz öhdələrinə götürürlər.

Xanım Zeynəbin (s.ə.) qardaşı Hüseynə (ə) məhəbbəti hədsiz olduğundan, ailə həyatı qurmaq istədiyi zaman elçiliyinə gələn əmisi oğlu Abdullah ibn Cəfərlə şərt kəsir ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, qardaşımla birlikdə səfərə çıxmağıma mane olmasın.

Bu evlilikdən dörd oğul və bir qız dünyaya gəlir: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm. Ovn ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirlər. (“Həzrət Zeynəb – furuğe tabane-Kovsər”, Məhəmmədi İştihardi, səh.17; “Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.44.)

Xanım Zeynəb (s.ə.) 35 yaşında atası imam Əli (ə), 45 yaşında isə böyük qardaşı imam Həsən (ə) şəhadətə yetirlər. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il qardaşı imam Hüseynin (ə) kənarında həyatın ağrı-acılı hadisələrinin şahidi olur, həyatında ağır müsibətlərlə üzləşir.

Amma onun Kərbəla faciəsində öz gözü ilə şahid olduğu müsibətləri qələmlə təcəssüm etmək mümkünsüzdür. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu) dağı gördü.

Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid oldu. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü.

Xanım Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını, əsarət günlərinin ağrı-acısını da gördü.

Kərbəla faciəsindən sonra xanım Zeynəb (ə) Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhərinə aparıldı. Bütün bu müsibətlərə görə xanım Zeynəb (s.ə.) “Müsibətlər anası” adlandırılmışdır.

Nəhayət, xanım Zeynəb (s.ə.) Kərbəla faciəsindən bir il neçə ay sonra, 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 14-ü (və yaxud 15-i), bazar günü Şamda (Suriya) təqribən 57 yaşında ikən əbədiyyətə qovuşdu. (“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh.591.)



Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031