Quranın həcmcə ən böyük ayəsi
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 282-ci ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ من رِّجَالِكُمْ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ وَإِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُواْ اللّهَ وَيُعَلِّمُكُمُ اللّهُ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ “Ey iman gətirənlər! Bir-birinizə müddətli borc verdiyiniz vaxt onu yazın. Aranızdakı katib bunu ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs yazmaqdan imtina etməməlidir. Necə ki, Allah ona təlim etmişdir. O yazmalıdır, öhdəsində haqq olan (borclu) kəs imla etməlidir. Rəbbi olan Allahdan çəkinsin və bir şeyi əskiltməsin. Boynunda haqq olan səfeh və ya zəifdirsə və ya imla etmək qabiliyyəti yoxdursa, onun böyüyü ədalətə riayət etməklə imla etsin. Kişilərdən iki nəfərini şahid tutsun. Əgər iki kişi olmasa, razı və arxayın olduğunuz bir kişi və bir qadın şahidliyə bəsdir. Onlardan (qadınlardan) biri unutsa, digəri ona xatırlatsın. Şahidlər dəvət olunduqları zaman imtina etməməlidirlər. Kiçik və ya böyük müddətə veriləni yazmaqda süstlük etməyin. Bu iş Allahın yanında ədalətə daha yaxındır, şahidliyin ədası üçün daha möhkəmdir, şəkk-şübhənin qarşısını almaqda daha üstündür. Yalnız aranızda əldən-ələ etdiyiniz nağd alış-veriş üçün eybi yoxdur. Alış-veriş zamanı şahid tutun. Katib və şahidə ziyan dəyməməlidir. Əgər belə etsəniz, Allahın hökmündən xaric olmusunuz. Allahdan çəkinin, Allah sizə öyrədir və Allah hər şeyi biləndir.” Bu ayə Quranın həcmcə ən böyük ayəsidir. Ayənin mövzusunu hüquqi məsələlər və ticari sənədlərin tənzim qaydaları təşkil edir. Ayə İslamın diqqət və əhatəliliyini göstərir. Bu ayədə cahiliyyət dövründə, geri qalmış xalq arasında ən incə hüquqi məsələlər bəyan olunur. “Tədayəntum” sözü “dəyn” sözündən olub “borc” mənasını daşıyır. Bu söz qeyri-nağd bütün müamilələrə, borc və “sələf” alış-verişə şamil olunur. Hədisdə bildirilir: Əgər bir şəxs müamilə zamanı sənəd tərtib edib şahid tutmasa və malını tələf olmaq təhlükəsində qoysa, nə qədər dua etsə, Allah onun duasını qəbul etməz və buyurar: “Nə üçün Mənim göstərişlərimə əməl etmədin?!” (“Kənzul-dəqaiq”, c.2, səh.465. Əgər fərdi haqların qorunması zəruridirsə, beytül-malın (dini büdcənin) hifzi daha zəruridir. Hətta nağd alver zamanı da sənəd tənzim etmək faydalıdır. Amma nağd alverdə sənəd tərtibi nisyə alverdə olduğu kimi zəruri deyil. Çünki nisyə alverdə tərəflərdən biri və ya şahid dünyasını dəyişə bilər, ya da müamilə razılığını unudar. Bu səbəbdən də nisyə müamilə sənədləşməlidir. Yazmaq əmrindən məlum olur ki, adil şahidin iştirakı ilə tənzimlənmiş sənəd şahid gətirilə bilər. Ayədən məlum olur ki, İslam cəmiyyəti bir-birinin haqlarının müdafiəsində himayə göstərməlidir. Çünki hər bir müamilədə katibə və bir neçə şahidə ehtiyac var. Bütün Ərəbistan yarımadasında cəmi on yeddi savadlı şəxsin olduğu bir dövrdə yazmaq məsələsinə bu qədər diqqət İslamın elm və hüquqların qorunmasına verdiyi əhəmiyyəti göstərir. Bildirişlər 1. İman hökmlərə əməl zəminəsi və müqəddiməsi, “ya əyyuhəlləzinə əmənu” xitabı hökmlərə əməl üçün təşviqdir. 2. Borc müddəti aydın olmalıdır. 3. Etimadın qorunması, qarşılıqlı etimad, ruhi rahatlıq, unutqanlığın mənfi nəticələrindən qaçmaq, sui-zənni və inkarı aradan qaldırmaq üçün borclar yazılmalıdır. 4. Tərəflərin müqaviləyə müdaxiləsinin qarşısını almaq üçün hər iki tərəfin iştirakı ilə və üçüncü şəxs tərəfindən müqavilə yazılmalıdır. 5. Müqaviləni yazan katib haqqı əsas götürməli və həqiqəti yazmalıdır. Katib seçilərkən yazıda ədalət əsas götürülməlidir. 6. Allahın bizə verdiyi elmə şükür olaraq biliyimizi işə salaq. 7. Hər peşə sahibinin xüsusi məsuliyyəti var. Qələmi olan kəs xalq üçün yazmalıdır. 8. Boynunda haqq olan borclu mətni deməli, katib isə yazmalıdır. Borc sahibinin dediyi katib üçün əsas deyil. 9. İnsanın öz əleyhinə etirafı məqbuldur. 10. Borclu şəxs sənədi yazdırarkən Allahı nəzərdə tutmalıdır. O, borcu əskiltməməli və borcun bütün xüsusiyyətlərini sadalamalıdır. 11. Qanun elə bir şəkildə tənzimlənməlidir ki, zəiflərin haqqı tapdalanmasın. Əgər borclu səfeh, zəif, lal və ya kardırsa, onun böyüyü, himayətçisi sənədin mətnini deməli və katib yazmalıdır. 12. Səfehlər və zəiflərin ictimai münasibətlərin tənzimində böyüyə, himayətçiyə ehtiyacı var. 13. Məhrum və zəif təbəqənin haqlarına diqqət məsulların və himayətçilərin vəzifəsidir. Borc müqaviləsi bu işin zəruriliyini göstərir. 14. Kişilər şahid olmaqda və şəhadət verməkdə qadınlardan öndə gəlir. 15. Şahid ədalətli, etibarlı və tərəflərin razı olduğu şəxs olmalıdır. 16. Kişilərdən hər biri təklikdə şahid ola bilər. Əgər şahid bir kişi və iki qadındırsa, həmin iki qadın birlikdə şəhadət versin. Onlardan biri çaşıb səhvə yol versə, ikincisi onu xatırlatsın. Şahidlikdə bir kişinin əvəzinə iki qadının müəyyənləşdirilməsi qadınların zərif və mərhəmətli ruhiyyəsi səbəbindəndir. Digər bir səbəb isə, qadınların alış-veriş məsələlərində az iştirak etmələridir. Qadınlar kişilərlə müqayisədə müamilə məsələlərindən bir o qədər də xəbərdar deyillər. 17. Əgər sizi şahid göstərmək istəyirlərsə, imtina etməyin. Dəvət edilməmiş şahid durmaq vacib deyil. 18. Müqavilədə hansı məbləğdən söhbət getməsi mühüm deyil. Əsas məsələ əminliyin və xalqın haqqının qorunmasıdır. 19. Dəqiq və ədalətli şəkildə sənəd tərtibinin üç faydası var: bu sənəd ədalətin icrasında zamindir; sənəd şahidləri şəhadət verməyə cürətləndirir; bu sənəd cəmiyyətdəki bədbinliyi aradan qaldırmağa kömək edir. 20. Əgər dini hökmlərin faydası və sirri xalqa açıqlansa, onların qəbulu asanlaşar. 21. Bu gün müqavilə yazmaq üçün bir qədər yubanmaq gələcəkdə fitnə və ixtilafla üzləşməkdən yaxşıdır. 22. Nağd müamilələrdə yazmaq vacib deyil. 23. Nağd müamilələrdə yazmaq zəruri olmasa da, şahid tutulması yaxşıdır. 24. Katib və şahid amandadır. Onlar yazdığı və şahidlik etdiyi üçün tərəflərin əziyyətinə məruz qalmamalıdır. 25. Haqqa şəhadət verilməsi və haqqın yazılması xeyli vaxt apararsa və zəhmət bahasına başa gələrsə, şahid və katibə maddi təminat verilməlidir. Əks-təqdirdə, onlar hər ikisi zərər görəcək. 26. Katib və şahid bir tərəfin xeyirini nəzərə alıb sənəd tənzim edə bilməz. 27. Sənəddə istənilən bir nöqsan ona yol verən üçün günahdır. 28. Katib və şahid xalqın hüquqlarının keşikçisidirlər. Qoyulmuş hədləri pozmaq günah xəttini keçməkdir. 29. Pak və təqvalı qəlb ayna kimi elm və həqiqətləri əks etdirir. 30. Allah sizin bütün maddi və mənəvi ehtiyaclarınızı bilir. Bu ehtiyaclar əsasında hökmlər və qanunlar bəyan olunur. Qanun verən kəs dərin məlumata malik olmalıdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.1, “Bəqərə” surəsi, 282-cı ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|