Səxavət və cücərən sünbül misalı
Səxavət sözü, simiclik sözünün əks mənasıdır. Bundan başqa səxavətdən də uca bir söz vardır ki, ona cəvad deyirlər. Yəni, istənilmədən bəxşiş etmək və həmin bəxşişi kiçik hesab etmək.
Bəzən cəvad haqqında deyirlər ki, cəvad bəxşiş verən zaman şad olmağa aid edilir. Bəziləri deyir ki, cəvad – o bəxşişdir ki, malı Allahın malı – hesab edər, yoxsulu – Allahın bəndəsi hesab edər, özünü – bu arada vasitə bilər. Ancaq səxavət hər cür bəxşişə şamil edilir. O kəs ki, malının bir hissəsini bağışlayar və bir hissəsini özü üçün saxlayar – o, səxavətlidir. O kəs ki, malının əksər hissəsini bağışlayar və az hissəsini özü üçün saxlayar – o, cəvad sahibidir. Ona görə də cəvad, səxavət mərtəbəsindən daha üstündür. Hər bir halda cəvad və səxavət – əxlaqın fəzilətli sifətlərindəndir. Necə ki, simiclik insanın alçaqlıq, zəiflik, həqarət və şəxsiyyətinin olmamasına dəlalət edir, cəvad və səxavət isə insanın imanına və uca şəxsiyyətinə aid edilir. Quranda birbaşa cəvad və səxavətin adı çəkilməsə də, ona işarə edən ayələr mövcuddur. “Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr”9). “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır). Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir”. (“Bəqərə” 261). “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274). “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92). “Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan”. (“İsra” 29). Həzrət Peyğəmbər (s) buyurur: “Səxavət – böyük İlahi əxlaqdır”. İmam Sadiq (ə) buyurur: “Səxavət – peyğəmbərlərin (ə) əxlaqındandır və imanın sütunudur”. İmam Əli (ə) buyurur: “Səxavət – ağıl ağacının meyvəsidir və qənaət – nəcibliyə dəlalətdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|