Valideynə ehtiramın mərtəbəsi
Müqəddəs Quran ata və anaya hörmət etməyi çox böyük dərəcədə tövsiyə etmişdir.
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya, həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin”. (“Nisa” 36). “De: “Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin””. (“Ənam” 151). “Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq”. (“Bəqərə” 83). “Və Biz insana ata-anası barəsində tövsiyə etdik”. (“Loğman” 14). Bu ayələrdən də göründüyü kimi, Allaha pərəstiş mövzusundan sonra ata və anaya ehtiram göstərmək – ən mühüm əhəmiyyətə malik olan məsələdir. Bütün bunların səbəbi odur ki, ata və ana övlad dünyaya gətirər, onu əziyyətlə böyüdər və başa çatdırar. Yaxşı insan kimi böyüməsi üçün əlindən gələni edər. Quran onların bu zəhmətinə böyük dəyər verir və onlara hörmət olunmasını övladlarına vacib buyurur. Onlara “uf” deməyi belə, icazə vermir. Övladlara buyurur ki, valideynlərinizə hörmət edin, yaxşılıq edin. Onları incitməyin ki, əks təqdirdə ağvalideyn olarsınız. Bu böyük günah sizi cəhənnəmə qədər aparıb çıxarda bilər. Ona görə də deyə bilərik ki, Quranın Allaha pərəstişdən sonra, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) məhəbbət və ehtiramdan sonra hörmət etməyə layiq bildiyi insanlar – valideynlərdir. Valideynlər də öz növbələrində tövhidi, nübuvvəti, imaməti, ədli və məadı qəbul etməli və övladlarını İslami dəyərlər əsasında tərbiyə etməlidirlər. /Deyerler.org/ Oxşar xəbərlər
|