Şeytan (lən) bu məkanda toxum qoyur
İnsanın günah düşüncəsində olmasının əsas səbəblərindən biri də bekar olmasıdır. Məhz belə bir bekarlıq şeytanın toxum qoyduğu məkandır. İstər bədənin bekarlığı olsun, istərsə də ruhun. İmam Əli (ə) buyurur: “Həqiqətən, bu nəfs davamlı olaraq pisliyə əmr edir. Nəticədə hər kim onu öz başına buraxsa, nəfs onu günaha tərəf çəkəcəkdir”. Fikirlərin daxil olduğu yollar – zehin, göz, qulaq yollarının açıq olmasıdır. Əgər bu yollara filtr qoysaq və hər şeyi ora daxil etməsək, o zaman günah fikirlərin də qarşısını almış olarıq. Həmçinin yediklərimizə, içdiklərimizə diqqət etməliyik. Çünki onların bizim fikir və əməllərimizə təsiri böyükdür. Ruhun bütün yollarını gərək pak edək. Orada da filtr qoyaq və hər fikrin ora daxil olmasına imkan verməyək. Əgər qəlb və ruh Allahı yada salmaqdan uzaq olarsa, bunlar şeytanın (lən) məkanına çevrilər. “Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. (“Zuxruf” 36). Ruhumuza və zehnimizə qoyduğumuz filtr – Allahı zikr etmək və ölümü yada salmaqdır. Əgər insan hər an Allahı və ölümü yada salarsa, bu amil günah fikirlərin qarşısını alan filtrə çevrilər. Ölüm haqdır və insan bunu yaxşı bilir. İnsan əgər hər an ölümü düşünərsə, o zaman günahdan uzaq olar və günah fikirləri də onu tərk edər. İmam Əli (ə) buyurur: “(Ölümü) yada salın. Ləzzətləri məhv edəni, şəhvətləri qaraldanı, ayrılmağa dəvət edəni”. İnsan elə varlıqdır ki, daima düşünür. İnsanın rəftar və əməlləri yaxşı və pis düşüncələrinin meyvəsidir. Əgər yaxşı və ləzzətli meyvələrin istəyindəyiksə, o zaman düşüncələrimizi gərək islah edək və qoymayaq ki, cismimiz və ruhumuz şeytanın toxum qoyduğu məkana çevrilsin. /Deyerler.org/ Oxşar xəbərlər
|