İnsan nəfsinin 5 növü
Mьəllif: admin1
Tarix: 13-03-2021, 21:28
İnsan nəfsinin 5 növü
Müqəddəs Quranın nəzərinə görə, insanın beş nəfsi vardır. Fəlsəfə dili ilə desək, insan nəfsi birdir, ancaq özündən cilvələr və əməllər həyata keçirir. Bu hərəkətlər, işığın pəncərədən düşən zaman beş rəngə boyanmasına bənzəyir.

Qurani-Kərimin bizlərə tanıtdığı nəfs bunlardır:

1. Məlhəmə nəfsi və ya ilham edən.

2. Məsulə nəfsi.

3. Əmmarə nəfsi.

4. Ləvvamə nəfsi.

5. Mütməinə nəfsi.

1. Məlhəmə nəfsi – o nəfsdir ki, Allah Təbarəkə və Təala Quranda on dəfə and içdikdən sonra buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).

Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!

Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 7-10).

Uca Allah insana fəzilətləri, yaxşılıqları, rəzillikləri və pislikləri ilham edir. Hər kəs öz tərəfini tutur və ona əməl edir. İnsan fitri olaraq başa düşür ki, hansı şey yaxşıdır və hansı şey pisdir.

Yaxşı bilir ki, doğruluq, şücaət, ədalət – yaxşı sifətlərdir. Əksinə xəyanət, sözünə əməl etməmək, zülm etmək – bəyənilməyən sifətlərdəndir. Allah bu nəfsi, ilham edən nəfs adlandırmışdır.

Baxmayaraq ki, insan yaxşılıqları və pislikləri tanıyır, ancaq bu demək deyildir ki, hər bir yaxşılıq və pisliyi ilham yolu ilə öyrənmək olar.

Yaxşılıq və pislikləri bilmək üçün insanın xarici peyğəmbərlərə (ə) də ehtiyacı vardır. Onların risalətinin səbəbi də elə budur ki, insanları doğru yola yönəldib, pis yollardan çəkindirsinlər.

Hər kim həm ilhamedici nəfsinə və həm də xarici peyğəmbərlərin (ə) buyurduqlarına əməl edərsə, o zaman səadətə çatar.

2. Məsulə nəfsi. İnsanın həddən artıq həvayi-nəfsinə meyil etməsinə aid olan nəfsdir. Quran onu məsul nəfs adlandırır.

Bu nəfsin işi – pislikləri yaxşı cilvələndirməkdir. Onu nəfsi vəsvəsə edən də adlandırırlar. Məsul nəfs çalışır ki, insanın meyillərini dəyişdirsin və haqqı batil və batili haqq kimi göstərsin.

3. Əmmarə nəfsi. Qurani-Kərim Həzrət Yusifdən (ə) nəql edir ki, Yusif (ə) deyir: “Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla, (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən, mənim Rəbbim çox bağışlayan və mehribandır”. (“Yusif” 53).

O zaman ki, əmmarə nəfsi Yusifi (ə) əhatə edir və onu günaha salmağa çalışır, Yusif (ə) onun əlindən Allaha pənah aparır. Yəni, əmmarə nəfsi o qədər güclüdür ki, hətta Allahın peyğəmbəri (ə) belə, onunla mübarizə aparmaqda aciz qalır və Allaha pənah aparır.

Hər bir pislik və günah, əmmarə nəfsin sayəsində həyata keçirilir. İnsan əgər Allaha söykənməz və Ona pənah aparmazsa, o zaman əmmarə nəfsinə məğlub olacaq və günahkar olacaqdır.

4. Ləvvamə nəfsi. Uca Allah Quranda buyurur: “Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 2).

Allahın inayəti daima bəndələrinin üzərindədir. O zaman ki, insan əmmarə nəfsi tərəfindən günah edər, bu zaman insanın vicdanı oyanar və ləvvamə nəfsi onu danlamağa başlayar. Adil qazi kimi insanı məhkum edər və günahlarına görə ittiham edər.

İnsan məhz ləvvamə nəfsinin sayəsində tövbəyə üz tutar və paklanar. Ona görə deyə bilərik ki, ləvvamə nəfs vicdan məhkəməsidir ki, insanı xatalarından agah edər və ittiham edər.

5. Mütməinə nəfsi. Bu, nəfsin ən ali məqamıdır. Qurani-Kərim buyurur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir)!

Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol”. (“Fəcr” 27-29).

“Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi- həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri Cənnətdir”. (“Naziat” 40-41).

Bəli, hər kim nəfsi-mütməinə həddinə çatıbdırsa, deməli, o insan – kamil insandır. Çünki bu insana əmmarə nəfsin vəsvəsələri təsir etməz.

Bu, elə nəfsdir ki, kamala çatmışdır. Allahdan başqa heç kəsi görməz və eşitməz olur. Ancaq Ona tabe olur. Onun pənahında qərar tutur.

Belə bir nəfs sayəsində İmam Hüseyn (ə) hər şeyini qurban verdi və şəhadət şərbətini içdi…

Allah bizlərə də mütməinə nəfsə çatmaq tofiqatını versin. Amin!
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031