Peyğəmbərlərin imtiyazları
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 253-cüayəsində buyurur:
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِنِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ “ O peyğəmbərlərin bəzisini bəzilərindən üstün etdik. Onlardan eləsi oldu ki, Allah onunla danışdı və bəzilərinin dərəcəsini yuxarı qaldırdı. Məryəm oğlu İsaya aşkar nişanələr verdik, onu Ruhul-Qüdslə (Cəbraillə) gücləndirdik. Allah istəsəydi, onlardan (peyğəmbərlərdən) sonrakılar aşkar dəlil gəldikdən sonra bir-birləri ilə savaşa qalxmazdılar. (Amma Allah xalqı yol seçimində azad buraxmışdır.) Amma onlar bir-birləri ilə ixtilaf etdilər. Bəziləri iman gətirdi, bəziləri kafir oldu. Allah istəsəydi, (möminlər və kafirlər) savaşa qalxmazdılar. Amma Allah istədiyini yerinə yetirir. Hədislərə görə, peyğəmbərlərin sayı yüz iyirmi dörd min olsa da, Quranda onlardan yalnız iyirmi beşinin adı çəkilmişdir. (Bax: “Ğafir”, 78.) Peyğəmbərlərin məqamları və dərəcələri eyni deyil. Onların hər birinin öz yeri və imtiyazları var. Məsələn, İslam Peyğəmbərinin (s) fərqli xüsusiyyətləri onun xatəmiyyəti (son peyğəmbər olması), “ümmiliyi” (heç vaxt dərs oxumaması), kitabının təhrif edilməməsi, İbrahim peyğəmbərin imtiyazı vahid ümmət olması, nəslinin mübarəkliyi, Nuh peyğəmbərin imtiyazı uzunömürlülüyü, Allah tərəfindən xüsusi salam almasıdır. Bu ayədə isə Həzrət Musa və Həzrət İsanın imtiyazı bəyan olunmuşdur. Musa Allah kəlamının dinləyicisi, İsa Ruhul-Qüds tərəfindən qüvvətləndirilmiş şəxs kimi tanıtdırılır. “Dərəcat” sözü çoxsaylı üstünlüklər nişanəsidir. Fəxr-Razi “Təfsiri-Kəbirdə” bu ayə ilə bağlı söz açarkən İslam Peyğəmbərinin iyirmiyə yaxın imtiyazını bəyan etmişdir. Məsələn, İslam Peyğəmbərinin möcüzəsi olan Qurani-Kərim bütün möcüzələrdən üstündür. Onun digər bir imtiyazı bütün digər peyğəmbərlərə şahid olmasıdır. (Bax: “Nisa”, 41.) Bildirişlər 1. Peyğəmbərlərin yetərincə üstün məqamları vardır. “Tilkə” sözü (“o” işarə əvəzliyi) uzağa və uca məqama işarədir. 2. Bütün peyğəmbərlər eyni rütbədə deyillər. Vahid məqsəd onların xüsusi kamilliklərə malik olmasına mane olmur. 3. Ötən peyğəmbərlərin uca tutulması lazımdır. Uyğun ayədə Musa və İsa haqqında xoş sözlər söylənilir. 4. Allahın sünnə və qanunu insanın azad buraxılmasıdır. Allah Öz bəndələrini məcburi şəkildə də haqq yola döndərə bilər. Amma həqiqi inkişaf azadlıq sayəsində mümkün olur. Bu ayədə iki dəfə rastlaşırıq ki, əgər Allah istəsəydi, xalq arasında ixtilaf və savaş baş verməzdi. 5. Əksər ixtilafların kökü cəhalət və qəflət yox, nəfs istəkləri, həsəd və eqoistlikdir. 6. Peyğəmbərlərin yolu aşkar dəlillərlə təqdim olunur. 7. Müharibə alovunu qızışdıran səbəblərdən biri də etiqadi ixtilaflardır. Əlbəttə ki, din ixtilaf mənşəyi deyil. İxtilafı törədən insanlardır. 8. Xalq arasındakı əqidə ixtilafları onların azadlığını göstərir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.1, “Bəqərə” surəsi, 253-cü ayənin təfsiri.) Maide.Az Oxşar xəbərlər
|