Uca Allahı nə qədər tanıyırıq?
Mömin bir insanın hər şeydə ünvanı Allahdır. Bəs insan Allahı nə qədər tanıyır?
İmam Əli (ə) buyurur: “(O Allah) yeganədir, nəinki çoxdur. Cavidandır və qalıcıdır. Zehinlər Onu tanıyır və Onu dərk etməyi bacarmaz. Hər yer Onun varlığına şəhadət verər”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Həmd olsun o Allaha ki, kürsü, ərş, yer, göy, pəri və insan meydana gəlməzdən əvvəl olmuş və olmaqdadır. Nə xəyal Onu dərk edə bilər, nə dərk Onun ölçüsünü bilər. Nə sual verən Onu işindən dayandırar, nə əta istəyən evində azalmaq meydana gətirər. (Yəni, hər nə qədər əta etsə də, neməti azalmaz). Demək olmaz ki, haradadır. Hisslər Onu dərk edə bilməz. Onu insanlarla müqayisə etmək olmaz”. Bəli, bu hədislərdən də göründüyü kimi, Allah tək və yeganədir. Onun tayı-bərabəri yoxdur. Onu zehnlər dərk edə bilməz. O, hər yerdədir və insana şah damarından da yaxındır. İnsan hər nə qədər səy göstərsə də, Allahı lazım olan qədər tanıya bilməyəcəkdir. Çünki Allah sonsuzdur. Onu tanımalı olduğumuz qədər tanımırıq. Onun haqqını əda edə bilmirik. Ancaq bu, o demək deyildir ki, insan Allahı tanımaqdan əl çəksin. Xeyr, insan ömrü boyu Allahı tanımalı və hər yerdə onun nişanələrini görməyə çalışmalıdır. Çünki bu bilik insanın bəndəliyini inkişaf etdirər və Allaha yaxınlaşdırar. İnsanın təkamül etməsinə səbəb olar. Allahı tanımaq – bizim tərəqqi etməyimizə yardım edə bilən elmlərdəndir. Ona görə də Allahı bacardığımız qədər tanıyaq və Ona layiq olan kimi pərəstiş etməyə çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|