Ramazan ayına necə hazırlaşaq? Önəmli cəhətlər
Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Ramazan ayı haqqında bilmək və ona hazırlaşmaq dövrü gəlib çatıb. İslam mütəxəssisləri mübarək Ramazan ayı ilə bağlı proqramlaşmanı, planlaşmanı zəruri görürlər. Bunu üç hissəyə bölməyi tövsiyə edirlər. İlk olaraq mübarək Ramazan ayı daxil olmazdan əvvəl hazırlaşma mərhələsi gəlir. Bu aydan maksimal istifadə etmək üçün bu aya hazırlaşmaq zərurəti var. İkinci mərhələdə, bu ayın içərisində olduğumuz zaman bu aydan maksimal götürməyə çalışmalıyıq. Üçüncü mərhələdə isə, bu mübarək ay yekunlaşandan sonra bu ayda əldə olunan sərmayəni qoruyub saxlamağa çalışmalıyıq. Mübarək İlahi ziyafət ayına mərifətimiz hasil olmalıdır Bəhsimizdə əziz İslam mütəxəssislərinin birinci – mübarək Ramazan ayına hazırlaşmaq mərhələsi ilə bağlı tövsiyələrinə diqqət çəkmək istərdik. İlk olaraq qeyd edək ki, mübarək Ramazan ayına hazırlığın əsas hissəsi – mərifətdir. Yəni biz mübarək Ramazan ayı ilə bağlı gərək mərifətə, tanımaya, kamil əhatəyə malik olaq. Biz hansı aya daxil olacayıq, bu ayın mahiyyəti nədir, bu ayın keyfiyyətləri hansılardır, bu ayı başqa aylardan fərqləndirən cəhətlər hansılardır? Yəni, hazırlıq mərhələsində mərifətin olması – ilk zəruri amillərdəndir. İnsan bilməlidir ki, hansı aya daxil olur, necə daxil olur, bu ayın sahibi kimdir, biz bu ayda kimin dəvətlisiyik, kim bizi öz qonaqlığına dəvət edib? Bütün bunlar çox önəmlidir. İnsanın bunları bilməsi, əhatəsinin olması, mübarək Ramazan ayına mərifətinin olması – çox zəruridir. “Şəbaniyyə” xütbəsi bu ayı bizə tanıdır Mübarək Ramazan ayı ilə bağlı mərifətin artırılması üçün ən gözəl fürsətlərdən biri – əziz Peyğəmbərimizin (s) “Şəbaniyyə” xütbəsi ilə tanışlıqdır. Bu xütbəyə diqqət etdikdə, əslində fərqinə varmış oluruq ki, mübarək Ramazan ayı bizim üzərimizə bərəkətlə, rəhmətlə, məğfirətlə gəlməkdədir. Yəni, bu özü çox ciddi bir mövzudur ki, mübarək Ramazan ayı Allah bəndələrinə tərəf gəlməkdədir, özü də bu xüsusiyyət və keyfiyyətlərə malikdir. Bərəkət dolu, rəhmət dolu və məğfirət dolu bir aydır. Bu ayın Allah qatında bütün aylardan ən fəzilətli olması vurğulanır. “Şəbaniyyə” xütbəsində bizlərə aydınlaşdırılır ki, bu ayın günləri – günlərin ən fəzilətlisi, gecələri – gecələrin ən fəzilətlisi, saatları – saatların ən fəzlətlisidir. Yəni biz bir aya daxil olacağıq ki, o ay özü bizə tərəf bərəkət, rəhmət və məğfirətlə gəlir və bir aydır ki, bütün aylardan Allah qatında ən üstündür, ən dəyərlidir. Bir aydır ki, biz hamımız o ayda Allahın ziyafətinə dəvət olunmuşuq. Peyğəmbərimiz (s) bu nurani xütbəsində bizə əslində həm də Allahın dəvətini çatdırır ki, hər bir imanlı şəxs bu İlahi ziyafətə dəvət olunub. Allah Təala bu ayın içərisində böyük imkanlar, böyük fürsətlər qoyub. İstər insanın yuxusunun bərəkətli olması, istər insanın yuxusunun zikr olması, istər əməllərinin qəbul olunması – hamısı bu ayın xüsusi bərəkətə malik olmasına vurğu edir. Həzrət Rəsulallah (s) “Şəbaniyyə” xütbəsində buyurur: “Ey insanlar, həqiqətən, Allahın rəhmət, bərəkət və məğfirət (bağışlanma) ayı (mübarək Ramazan ayı) sizə üz tutmuşdur. Bu ay – Allah yanında ən yaxşı ay, onun günləri – ən yaxşı gün, gecələri – ən yaxşı gecə və saatları – ən yaxşı saatlardır. Bu ayda Allah sizi Öz ziyafətinə dəvət etmişdir və siz bu ayda Allahın əziz bəndələrindən qərar verilmisiniz. Sizin bu ayda nəfəsləriniz – zikr, yatmağınız – ibadət, əməl və dualarınız qəbuldur. Sadiq niyyət və pak qəlblərlə Allah-Taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin...". Gördüyümüz kimi, bu nurani ayda Allah bizi Öz ziyafətinə dəvət etməklə bu ayda bizi öz əziz bəndələrindən qərar vermiş olur. Bu ayda nəfəslərimizin zikr, yatmağımızın ibadət, əməl və dualarımızın qəbul olması üçün Rəbbimiz bizə Öz lütfünü inayət edir. Niyyətlərimizin doğru, qəlblərimizin pak olmasını Allahdan istəsək, biz bu ayda oruc tutmaqla, Quran oxumaqla bunlara nail ola bilərik. Ramazan ayına paklanaraq daxil olaq Beləliklə, Ramazan ayına hazırlıq mərhələsində ilk görəcəyimiz iş – Ramazan ayına mərifətimizin artırılmasıdır. Hazırlığın ikinci cəhəti kimi paklanmaq, təharətə can atmaq göstərilir. Əslində Rəcəb və Şəban aylarında olan istiğfar, tövbə, özümüzü hazırlama, Allah hüzuruna bağışlanmış halda getmək fürsəti bu anlamda çox önəmlidir. Allah-Təala bizə iki ay müqəddimə imkanı verir ki, biz bu iki ayda Allahın lütfü ilə hazırlığın ikinci mərhələsini həyata keçirmiş olaq. Sözsüz ki, bağışlanmanın önəmli bir hissəsi də Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) təvəssül etməkdir. Əslində onlara təvəssül edərək onlardan bizim üçün bağışlanma istəmələrini rica etmək – tövbənin zəruri bir hissəsidir. Allahdan istəyirik ki, Şəban ayından bu imkanlarla çıxmış olaq və bağışlanmışlardan olaq. Bu aya daxil olmaqdan öncə, mütəali ruhiyyəyə yiyələnmək lazımdır Mübarək Ramazan ayına hazırlaşarkən üçüncü mühüm mövzu – lazımi ruhi qüvvəni, mütəali ruhiyyəni əldə etməkdir. Bizim ruhi qüvvəli halımız olmalıdır, ruhumuz qüvvətlənməlidir. Bu da müraqibədən, nəfsimizlə böyük cihaddan keçir. Əslində İlahi ziyafətə hazırlığın üçüncü mühüm cəhətlərindən biri də bundan ibarətdir. Mübarək Ramazan ayı ilə bağlı mərifətimizin artması, ruhiyyələrimizin yenilənməsi, bu aya pak halda və müraqib halda daxil olmaq üçün, bu ayın mahiyyətini anlamaq üçün Qurani-Kərimdə “Bəqərə” surəsinin 183-cü ayəsində olan müfəssirlərin buyuruşlarına əsasən təfsiri nöqtələrə diqqət edək. Ayədə buyurulur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. Ayə ilə bağlı aşağıdakı təfsiri nöqtələr vurğulanır. Rəbbimiz bu ayın əməllərinin çətinliyini, Öz şirin buyuruşu ilə aradan aparır Əvvəla, görürük ki, Rəbbimiz iman əhlinə ən gözəl, ən mehriban bir formada müraciət edir. Bu gözəl müraciətin özü, əslində hər bir iman əhlinə böyük bir təsir qoyur. Bu gözəl müraciət, gözəl xitab hər bir iman əhlinə mahiyyəti çatdıran zaman, ən gözəl təsir edən vasitədir. “Ey iman gətirənlər” xitabında olan şirinlik, şirinliyin ləzzəti təfsirşünasların nəzərində orucun bütün çətinliyini, oruc tutmağın ağırlığını da aradan aparmış olur. Həm də Rəbbimizin tərbiyə müstəvisində bizə öyrətdiyi bir mövzudur ki, valideynlər, tərbiyəçilər öz övladlarına məsuliyyətli bir mövzunu tapşırarkən, uyğun və düzgün xitab seçməlidirlər. Bundan başqa, ayədə orucun tarixinin yalnız müsəlmanlarla başlamaması, öncəki ümmətlərdə də bu təcrübənin olması xatırlanır. Bu özü, təbliğat və tərbiyə baxımından çox önəmlidir. Çünki, insanın hansısa bir məsuliyyətli mövzuda bilgi aldığı zaman, onun bu məsələdə ilk olmadığını, öncədən də insanların bununla bağlı təcrübələrinin olmasını bilməsi – müəyyən mənada verilən tapşırığı daha rahat həyata keçirməsinə gətirib çıxardır. Rəbbimiz Qurani-Kərimdə bir çox digər əməllərin fəlsəfəsini göstərdiyi kimi, eyni zamanda orucun da fəlsəfəsini bəyan etmiş olur. Orucun mahiyyətcə fəlsəfəsi bundan ibarətdir ki, insanlar ocur tutarkən təqva halına gəlmiş olurlar. İnsanlar bir əməlin, davranışın niyəliyini anladıqda, o əməli daha böyük şövqlə həyata keçirmiş olurlar. Bu baxımdan da biz görürük ki, mübarək Ramazan ayına hazırlaşarkən bu nöqtəyə də mərifətimizin olması çox önəmlidir. Biz bir təqva ayına hazırlaşırıq. Biz bir aya hazırlaşırıq ki, orada oruc kimi vacib bir əməl var ki, o, təqvanı yüksəldir, artırır, təqvanın əmələ gəlməsini və inkişafını həyata keçirdir. Ona görə də istər təharət baxımından tövbə ruhiyyəsini əldə etmək, istər müraqibə və nəfsimizlə mübarizə baxımından mübarək Ramazan ayının verəcəyi bu fürsətə yiyələnmək üçün, fəlsəfəsini tam həyata keçirmək üçün bu hazırlıqlar çox önəmlidir. Mərifət, təharət və güc toparlama – önəmli şərtlərdir. Allah bizlərə bu hazırlığı həyata keçirməyi, mübarək Ramazan ayının içərisində də bəhrə aparmağı, ondan sonrakı mərhələdə əldə etdiyimiz sərmayəni qoruyub saxlamağı nəsib etsin! Allahım, tövbələrimizi qəbul et! Allahım, bizləri həqiqi müntəzirlərdən qərar ver! Amin! Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof Oxşar xəbərlər
|