İnsanlar məhşər səhrasından sonra hara gedirlər?
O zaman ki, Qiyamət günü gəlib çatar – insanlar 50 dayanacaqdan keçərlər ki, ya behiştə getsinlər, ya da cəhənnəmə. Hər dayanacaqda min il qalmalı olurlar.
Allah Təala buyurur: “Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar”. (“Məaric” 4). Qiyamətin bəzi dayanacaqlarını tanıyaq: 1. Qəbirdən çıxmaq dayanacağı. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü insanların hekayəsi, aləmlərin Allahı qarşısında dayanan zaman ox qabına qoyulan ox kimidirlər”. Yəni, tərpənməyə yerləri olmaz və ox kimi dik dayanarlar. 2. Əməllərin ölçülməsi dayanacağı. Qurani-Kərim buyurur: “Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar! Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!”. (“Əraf” 8-9). 3. Hesab vermək dayanacağı. Allah Təala buyurur: “İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər”. (“Ənbiya” 1). İmam Səccad (ə) buyurur: “Şirk əhli üçün tərəzi nəsb olmayacaqdır. Onlar hesab vermədən dəstə-dəstə cəhənnəmə gedəcəklər. Tərəzinin nəsb olması və əməllərin ölçülməsi – İslam əhli üçündür”. 4. Əməl dəftəri. Quran buyurur: “Əməl dəftərləri (Haqq Təala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman”. (“Təkvir” 10). Qiyamət günü insanlara əməl dəftəri təqdim olunacaqdır. Cənnətə gedənlərə sağ tərəflərindən, cəhənnəmə gedənlərə isə sol tərəflərindən təqdim olunacaqdır. 5. Sirat körpüsü. Sirat körpüsü – cəhənnəmin üzərindən çəkilmiş bir körpüdür ki, bütün insanlar onun üzərindən keçər. Quran buyurur: “Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür”. (“Məryəm” 71). Sirat körpüsünün özü isə bir neçə dayanacaqdan ibarətdir və hər kim oradan keçərsə – o biri dayanacağa getməyə icazə almış olar. Yox, əgər keçə bilməzsə – cəhənnəmə süqut edər. Bizi qarşıda gözləyən bu ağır imtahan günləri haqqında təfəkkür edək və bilək ki, həmin günü bizə ancaq əməllərimiz yardım edə biləcəkdir. Ona görə də əməl və rəftarlarımıza diqqət etməliyik. /Deyerler.org/ Oxşar xəbərlər
|