Fidyə nədir? Nə vaxt ödənilir?
Fidyə - üzrlü səbəblərə görə tərk edilmiş ibadətin qarşılığında ödənilən maddi dəyərə deyilir.
Ramazan ayının orucu ilə bağlı fidyə 750 qram təamdır – yəni, buğda, arpa, un, çörək, düyü və bu kimi ərzaq məhsullarıdır. Bunlar alınıb, fəqirə verilməlidir. Əgər çörək və bu kimi ərzaqlar alınıb, sonra fidyə kimi fəqirə verilsə, kifayət edir. Təamın özünü deyil, pulunu fəqirə vermək olar. Amma, bu halda vacibdir ki: a) həmin fəqir təam almağa vəkil edilsin; b) fidyə ünvanında sizin tərəfinizdən özünə götürməsi üçün həmin fəqir şəxsi özünüzə vəkil etsəniz. Amma özünüzə vəkil etdiyiniz şəxsin öz şəri vəzifəsinə əməl edəcəyinə əmin olmalısınız. Fidyə və ya kəffarə verən şəxsin nəzərdə tutduğu sayda fəqirin hər birinə 750 qram məhz “təam”, yəni buğda, arpa, un, çörək, düyü və bu kimi ərzaq məhsulları alınıb verilməlidir. Odur ki, yağ və bu kimi ərzaq məhsulları “təam” sayılmadığına görə, onları alıb fəqirlərə vermək düzgün deyildir. Beləliklə, fidyə üzrlü səbəbə görə tutulmayan orucun yerinə ödənən əvəzə deyilir, xəstəliyi növbəti Ramazan ayınadək davam etməsi nəticəsində orucunun qəzasını tuta bilməyən xəstələrin yoxsula verdikləri təam buraya aiddir. Həmçinin bəzi hallarda qəzadan əlavə olaraq ödənilməsi vacib olan təam da, "fidyə" adlanır, körpəyə süd verən ananın orucunun qəzasından əlavə yoxsula verməsi vacib olan təam kimi. Xatırladaq ki, bu, yalnız üzrlü səbəblərə xatir orucunu tutmayan şəxslərə aiddir, amma üzrü olmadan orucunu qəzaya verən şəxslərə vacib olan xüsusi kəffarələrə "fidyə" deyilməz. Aşağıdakı yerlərdə gərək fidyə verilsin: - Oruc tutmaq məşəqqətli və çətin olan qoca kişi və qoca qadın. - "İstisqa" xəstəliyinə düçar olan şəxs, yəni təşnə və susuzluq xəstəliyinə düçar olanlar, belə ki, oruc tutmaq onlar üçün məşəqqətli olsun. - Azad olmağı yaxın olan hamilə qadınlar, əgər oruc uşağa zərər edirsə. - Südverən qadınların südü az olduqda, əgər oruc tutmaq körpəyə zərər edərsə. - Xəstə şəxslərə, əgər oruc tutmaq zərər edərsə və həmin xəstəlikləri növbəti Ramazan ayınadək davam edərsə. - Əgər hamilə qadın orucun uşağa zərər etməyindən qorxa və onun bu qorxusunun üqəlayi (aqillər arasında qəbul edilmiş və normal) mənşəyi ola, (oruc tutmamalıdır və əgər orucdursa) gərək orucunu iftar etsin (pozsun), hər bir gün üçün fidyə ödəsin və həmin günlərin qəzasını da, tutsun. - Əgər südverən qadın oruc tutmaq nəticəsində südünün azalmasının, yaxud qurumasının körpəsinə zərər etməsindən qorxa, (oruc tutmamalıdır və əgər orucdursa) gərək orucunu iftar etsin (pozsun), hər bir gün üçün fidyə ödəsin və həmin günlərin qəzasını da tutsun. - Xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmayan xəstənin xəstəliyi yeni Ramazan ayınadək davam edərsə, tutmadığı orucların qəzası vacib deyil və təkcə hər bir gün üçün fidyə verməlidir. Amma əgər səhlənkarlığa görə və heç bir üzr olmadan orucun qəzasını təxirə salsalar, onlara həm orucun qəzasını tutmaq, həm də fidyə vermək vacibdir. - Təxir fidyəsi odur ki, bir şəxs gələn ilin Ramazan ayı çatanadək bu ilin Ramazan ayının orusunun qəzasını tutmalı olduğu halda, bunları tutmur. - İki il ardıcıl şəri üzr səbəbinə oruc tuta bilməyən qadının üzrü bətnindəki uşağa, yaxud süd verdiyi körpəsinə zərər etmək qorxusu olubdursa, qəzadan əlavə hər gün üçün fidyə də ödəməlidir. Əgər bu orucların qəzasını növbəti Ramazan ayınadək şəri üzrü olmadan təxirə salıbdırsa, qəza tutmaqdan və fidyədən əlavə, təxir kəffarəsi də verməlidir. Amma əgər onun üzrü özünə olan zərər olubdursa və zərərə görə yeni Ramazan ayınadək orucun qəzalarını tutmağa qadir olmayıbsa, (qəzası yoxdur və) təkcə fidyə ödəməlidir. - Xəstəlik səbəbinə Ramazan ayı orucunu tuta bilməyən qadın, (həmin) xəstəliyi növbəti Ramazan ayınadək davam etdiyinə görə, qəzasını tutmadığı orucların fidyəsi onun özünə vacibdir və ərinin boynuna bir şey vacib olmur. - Əgər şəxs heç bir şəri üzr olmadan qəza oruclarını gələn Ramazan ayınadək təxirə salıbsa, hər gün üçün təxir kəffarəsi, yəni bir müdd təam (təxminən 750 q buğda, çörək və kimi şeylər) ödəməlidir. (Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin hökmlərinə istinadən) /Deyerler.org/ Oxşar xəbərlər
|