Qiyamət günü insanın əməl dəftərini ona verərlər və o, orada yazılan yaxşı əməlləri tanımaz…
Həzrət Peyğəmbər (s) buyurur: “Bir nəfər Qiyamət günü gələcək və əməl dəftərinə baxacaqdır. Yaxşı əməllərinin təsirini o dəftərdə görməyəcəkdir. Ərz edəcəkdir ki, dünyada yerinə yetirdiyim layiqli əməllər haradadır.
Cavab veriləcəkdir: “Sən insanların qeybətini etmisən. Sənin savabların, qeybət etdiyin kəslərin əməl dəftərində yazılmışdır””. Uca Allah bu əməli məzəmmət edir və buyurur: “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün, onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyib və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12). Allah Təala Həzrət Musaya (ə) vəhy göndərir ki, o kəs ki, ölər və etdiyi qeybətlərə görə tövbə edərsə – o, behiştə daxil olacaq axırıncı şəxsdir. O kəs ki, ölər və qeybət etməkdə israrlı olar – cəhənnəmə daxil olacaq ilk şəxs olar. Başqa hədisdə oxuyuruq ki, Qiyamət günü insanın əməl dəftərini ona verərlər və o, orada yazılan yaxşı əməlləri tanımaz. Ona deyilər ki, bu savablar insanların sənin haqqında etdikləri günahlara görə bura yazılmışdır. Alimlərdən biri buyurur ki, əgər mən kiminsə qeybətini etmək istəsəm, yaxşı olar ki, öz övladımın qeybətini edəm. Çünki övladım – mənim savablarımı almağa başqalarından daha layiqlidir. Həsən Bəsriyə deyirlər ki, filankəs sənin qeybətini etmişdir. O, həmin şəxsə hədiyyə göndərir. Həmin şəxs deyir ki, axı mən səni tanımıram. Həsən deyir ki, sən mənim qeybətimi edərək, savablarını mənə bağışlamısan. Mən də istədim ki, onun əvəzini verəm. Beləliklə deyə bilərik ki, qeybət - o rəzil sifətlərdəndir ki, insanın savablarını aradan aparar və qarşı tərəfin əməl dəftərinə yazılar. Əgər yaxşı əməllərinizi itirmək istəmiriksə, onda qeybət əməlindən çəkinməliyik. Ayətullah Mirzə Cavad Ağa Məliki Təbrizi haqqında nəql edirlər ki, bir gün bir yerdən keçirdi. İki nəfər bir-biri ilə bir insan haqqında söhbət edirdilər. Alim deyir: “Onların söhbəti qulağıma çatdı və 40 gün (mənəvi durumumda) geri düşdüm”. Bax, beləcə, hətta qeybəti eşitmək belə, insanın mənəvi durumuna bu cür ziyan vura bilir. /Deyerler.org/ Oxşar xəbərlər
|