Təvəkkülün əsasında nə dayanır?
Təvəkkül – insanın Allaha etimad etməsi və qəlbi ilə Ona inanmasıdır. Allahdan başqa qüvvələrdən ehtiyacsız olmasıdır.
Əlbəttə, hər insanda təvəkkül o zaman meydana gələr ki, bu insan imana və dini əqidəyə malik olsun. Allaha etimad etməyi bacarsın. Allahdan başqa heç bir güc və qüdrət tanımasın. İnansın ki, bu dünyada əsil qüdrət sahibi – ancaq Allahdır. Ona görə də təvəkkülün kökündə tövhid durur. Hər kim işlərində Allaha təvəkkül edərsə, deməli imana və dini əqidəyə malikdir. İnanır ki, Allah onun işlərini sahmana salacaqdır. Ona etimad edir və Onu qüdrət sahibi hesab edir. Təvəkkül o əməllərdəndir ki, insanı başqalarından ehtiyacsız edər və izzətə çatdırar. İnsan ancaq Allahın ipindən yapışar və işlərini Ona tapşırar. Özü də səy göstərər və zəhmət çəkər. Ancaq işlərinin necə sonlanacağını Allaha tapşırar. Ona ümid və etimad edər. Qurani-Kərim dəfələrlə buyurmuşdur ki, möminlər gərək hər bir işlərində Allaha təvəkkül etsinlər. Əgər bəndələr Allaha etimad etsələr, Allah da vədə verir ki, onların işinə kifayət edəcəkdir. Qurani-Kərim buyurur: “De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O, bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər»”. (“Tövbə” 51). Başqa ayədə buyurulur: “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 3). İmam Sadiq (ə) buyurur: “Həqiqətən ehtiyacsızlıq və izzət, dövr etmək halındadırlar. O zaman ki, təvəkkül yerində dayanarlar, oranı öz vətənləri seçərlər”. Bəli, hər kim Allaha təvəkkül edərsə, başqalarından ehtiyacsız olar və izzət sahibi olar. Çünki, Allah onun vəkilidir. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|