Peyğəmbərimiz (s) üçün təyin edilən bəndəlik proqramı
İbadət – bəndəliyin sütunu və insan olmağa məna verəndir. Belə ki, əgər bəşər üçün ibadət olmasaydı, insan yer üzərində olan başqa məxluqlardan fərqlənməzdi ki, bir müddət üçün dünyaya gələr və sonra onu tərk edərlər.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün insan o kəsdir ki, ibadətə eşq bəsləyər və bütün varlığı ilə onunla yaxın olar. Vaxtını ibadətlə keçirər. Onun üçün fərqi olmaz ki, dünya onun üçün çətin keçir, yoxsa asan”. Əgər insan ruhu Allah Təala ilə kamil şəkildə ünsiyyətdə olmazsa, gündəlik fəaliyyətində bəndəliyinə düzgün əməl edə bilməyəcəkdir. Uca Allah Həzrət Peyğəmbəri (s) məbus edən zaman ona bəndəlik proqramı təyin edir və buyurur ki, gecənin az bir hissəsini yatsın və qalan hissəsində ibadətlə məşğul olsun. Dua etsin, münacat etsin, namaz qılsın, Allahı zikr etsin və Quran oxusun. Bu əmrdən sonra Peyğəmbərin (s) bəzi səhabələri də bu deyilənlərə əməl etməyə başladılar. Allah bu göstərişlərinin səbəbini açıqlayaraq buyurdu ki, hər kim bu deyilənlərə əməl edərsə, qəlbi və ruhu Quranın, ilhamların və qeyb xəbərlərinin maarifini dərk etmək üçün hazır olar, ruhu qüvvətlənər, küdurətə və günaha düçar olmaz. Hər kim gecə ibadəti ilə məşğul olar – onun qəlbi yumşaq olar. O, dinində sabitqədəm olar. Beləliklə deyə bilərik ki, bəndəlik ibadətdə özünü göstərər. Hər kimin ibadəti xalis və Allah üçün olarsa, onun səmərəsi möminin saf və pak qəlbi və ruhu olar. Hər kim Allaha xalis ibadət edərsə, İlahi qürbə yaxınlaşar və Allahın sevimli bəndəsi olar. Özündə İlahi əxlaqi sifətləri genişləndirər və özünü İlahi rəngə boyayar. Bu cür bəndə həm dünyada və həm də axirətdə Allaha ən yaxın olan bəndədir. Ona görə də deyə bilərik ki, insanın bir insan kimi məna tapmasına yardım edən ən mühüm amil – ibadətdir. /Deyerler.org/ Oxşar xəbərlər
|