Xalqla xoş rəftar ilahi bir hədiyyədir
Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 159-cu ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən belə buyurur:
فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ “(Ey peyğəmbər:) Allah tərəfindən olan rəhmətə xatir xalqla mehriban keçinirsən. Əgər sərt və daşürəkli olsaydın, (xalq) sənin ətrafından dağılardı. Belə isə, onların təqsirini bağışla, onlar üçün bağışlanma dilə, işlərdə onlarla məsləhətləş. Qərara gəldiyin zaman Allaha təvəkkül et. Həqiqətən, Allah təvəkkül edənləri sevir.” Ayənin məzmunu ümumi göstərişlərdən ibarət olsa da, o, Ühüd döyüşü haqqındadır. Çünki Ühüd döyüşündə məğlub olub qaçanlar peşmançılıq odunda yanırdılar. Onlar Peyğəmbəri əhatəyə alıb üzr istəyirdilər. Allah da bu ayə ilə ümumi əfv göstərişi verdi. “Şuvr” sözü əslində arının güldən şirə çəkməsini bildirir. İnsan da məşvərət yolu ilə ən üstün nəzəriyyələri əldə edir. Bildirişlər 1. Xalqla xoş rəftar ilahi bir hədiyyədir. 2. Sərt və qaraqabaq adamlar xalqa rəhbərlik edə bilməz. 3. İslam hökumətinin nizamı məhəbbət və xalqa bağlılığa əsaslanır. 4. Düzgün rəhbərlik və müdiriyyət əfv və mərhəmətlə yanaşıdır. 5. Peşman olmuş xatakarları və xəcalət çəkən günahkarları qəbul edin və özünüzdən kənarlaşdırmayın. 6. Məşvərətin dəyərini mövsümi, ötəri nakamlıqlara görə nəzərdən qaçırmayın. Ühüd döyüşündə məşvərət nəticəsində şəhərdən bayırda döyüş aparılması uğursuzluqla sona çatsa da, bu o demək deyil ki, məşvərət faydasızdır. 7. Peyğəmbərin (s) məşvərətində qüvvələrin cəzbi, istedadların çiçəklənməsi, dost-düşmənin seçilməsi, ən yaxşı rəyin aşkara çıxması, məhəbbət və bağlılıq yaranması, eləcə də başqaları üçün əməli bir dərs nəzərdə tutulmuşdur. 8. Sənə edilən zülmü bağışla. Allaha qarşı yol verdikləri günahlara görə bağışlanma dilə. 9. Peyğəmbər Allah əmri əsasında ümməti üçün bağışlanma diləyir. Demək, bu dua qəbuldur. 10. Məşvərət vahid və qəti hakimiyyət prinsipinə zidd deyil. 11. Düşüncə və məşvərətlə yanaşı Allaha təvəkkül də unudulmamalıdır. 12. Əvvəlcə məşvərət, sonra təvəkkül düzgün yoldur. Nəticəyə çatıb-çatmamaq isə başqa bir məsələdir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 159-cu ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|