Ali himmətin nişanələrini tanıyaq
Ali himmətə (səy, cəhd, çalışma, əzm, dilək, məram) malik olmaq ruhun böyüklüyündən xəbər verir. İslam dini insanları ali himmətə malik olmağa təşviq edir. İslam dini buyurur ki, özünüzü alçaq işlərlə məhdud etməyin. Ali himmətə çatmaq üçün insana böyük əzm və iradə lazımdır. Əgər məktəbdə oxuyan uşaq desə ki, mənim əzm və iradəm belədir ki, təhsilimdə doktorluq səviyyəsinə çatım, bu şagirdə heç kəs gülməz və heç kəs ona irad tutmaz. Əksinə, ona afərin deyərlər ki, belə bir himmətə malikdir. Mömin insan hansı vəziyyətdə olursa-olsun, himməti - Əmirəl-möminin (ə) yoldaşı olmaqla yanaşı, Həzrət Peyğəmbərin (s) yoldaşı olmaq da olmalıdır. “Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar”. (“Fəth” 29). İnsanın vilayət mövzusunda da himməti yüksək olmalıdır ki, İlahi görüşə hazır olsun. “Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar”. (“Qəmər” 54). Ali himmətin nişanəsini insanın rəftarında görmək olar. İman. Bir insanın ali himmətə malik olması – imana malik olmasından bilinər. Belə ki, İmam Əli (ə) buyurur: “Ali himmət - imandandır”. İnfaq. İnfaq 3 cəhətdən insanı inkişaf etdirər: 1. Nəfsi təkamülə mane olan amilləri aradan qaldırar. 2. İnsanda insanlıq ruhunu aşkar edər. 3. İslami tərbiyə ruhunu gücləndirər. İmam Əli (ə) buyurur: “İnsanın bəxşişi - ali himmətinin nişanəsidir”. Gözəl əməl. O kəsin ki, ali himməti var, öz işində bütün diqqətini toplayar. Çalışar ki, gördüyü işi gözəl şəkildə yerinə yetirsin. İmam Əli (ə) buyurur: “Gözəl əməl ali himmətdən xəbər verər”. Allaha itaət etmək. İmam Əli (ə) buyurur: “Allaha itaət etmək - zirəklərin himmətidir. Allaha itaətsizlik etmək isə alçaqların himmətidir”. Əhdə vəfa etmək. İmam Əli (ə) buyurur: “Ən şərəfli himmət – haqqı və hörməti qorumaq, əhdə riayət etməkdir”. İnsanların əlində olana tamahkarlıq etməmək - ali himmətdəndir. Qənaətli olmaq - ali himmətdəndir. Gözəl əxlaq - ali himmətin səmərəsidir. İmam Əli (ə) buyurur: “Ən üstün xasiyyət - ali himmətə malik olmaqdır”. İblis (lən) insanın bu sufətinə görə əziyyət çəkər. Ona görə də daima onu bu yolda vəsvəsə edər və deyər ki, sənin günahın çoxdur, ona görə də belə şeyləri düşünmə. Əslində insana İlahi rəhmətdən məyus olmağı vəsvəsə edər ki, bu da böyük günahdır. O kəs ki, məyus olar, himməti ali olmaz. /Deyerler.org/ Oxşar xəbərlər
|