Namazda əllərin bağlı olmaması barədə dəlil
Sual: Namazda əllərin bağlanmasının caiz olmadığı haqqında əhli-sünnə kitablarında bir dəlil varmı? Varsa xahiş edirəm bir neçəsini qeyd edəsiniz.
Bismillahir-rəhmanır-rəhim Əhli-beytdən (ə) nəql olunan hədislərə əsasən, əli bağlı namaz qılmaq batildir. Əhli-sünnə məzhəbində isə bu vacib deyil, icazəli sayılır. Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs və maliki alimlərinin nəzəri digər əhli-sünnə məzhəblərinin nəzəri ilə müxalifdir. Onlar hətta vacibi namazlarda əli bağlı (təkəttof halında) namaz qılmağı müstəhəbb belə bilmirlər. Əhli-sünnə məzhəbləri alimləri əli bağlı namaz qılmağın keyfiyyətində nəzərləri ixtilaflıdır. Əhli-sünnənin namazı əli bağlı qılmasına ən mühüm dəlil Buxarinin nəql etdiyi rəvayətdir ki, Əbi Hazem, Səhl ibn Səddən belə nəql edir: Camaat əmr edirdilər ki, namaz qılan şəxs namaz qılarkən sağ əlini sol dirsəyinin üzərinə qoysun. (Səhih Buxari kitabı, 1-ci cild, səh. 181, hədis-740. Kitabul-əzan, bab 87-vəzul yumna ələl-yusra). Bu rəvayətdə aydın bildirir ki, (الناس يؤمرون) yəni camaat əmr edirlər. Demir ki, Peyğəmbər (s) əmr etdi ki, sağ əli sol əlin üzərinə qoysun. Eləcə də məlum deyildir ki, kim bu əmri etmişdir. Əhli-beytdən (ə) yetişən rəvayətlərə əsasən əlləri bağlayıb namaz qılmaq caiz deyil və əlibağlı namaz qılmağı qadağan etmişlər. Zürarənin həzrət İmam Baqirdən (ə) nəql etdiyi "həsən” sənədli hədisdə belə deyilir: "لا تُكَفِّر فإنما يصنع ذلك المجوس” Həzrət İmam Baqir (ə) buyurdu: Təkfir (əlləri namaz qılarkən bir-birinin üstünə qoymaq) etmə, belə ki, təkfir etmək məcusun işidir. (Mənbə: Vəsailuş-Şiə, 7-ci cild, səh. 266, hədis 9297; Əl-Kafi, 3-cü cild, səh. 336, hədis 9) Həmçinin, Muhəmməd ibn Muslim həzrət İmam Baqir (ə) belə nəql etmişdir: İmama (ə) dedim: Bir nəfər namaz qılarkən sağ əlini sol əlinin üstünə qoyur. Həzrət buyurdu: Bu təkfirdir, bunu etmə. (Vəsailuş-Şiə, 7-ci cild, səh. 265, hədis 9295; Ət-Təhzib 2-ci cild, səh. 84, hədis 310) Əhli-beyt (ə) məktəbi alimləri hamılıqla namaz əsnasında əlləri bağlamağı haram və namazı batil edən səbəblərdən saymışlar. Çünki bu əməl bid`ətdir, eləcə də Allah taalanın əmrinə və Peyğəmbərin (s) namaz qılmaq tərzilə müxalifdir. Belə ki, Peyğəmbər (s) əlləri açıq surətdə namaz qılmışdır. Peyğəmbərin (s) əlləri açıq surətdə namaz qılmasının dəlili, şiə mənbələrindən əlavə əhli-sünnənin bir çox mötəbər rəvayətləri də bu məsələ ilə bağlı nəql edilmişdir. Burada, əhli-sünnə mənbəlrində Peyğəmbərin (s) namazını təsvir edən rəvayətlərin ən mötəbərlərindən birinə işarə edirik: Muhəmməd ibn Ömər və İbn Əta rəvayət etmişlər ki, Əbu Həmid (Humeyd) Saedi deyir: Mən həzrət Rəsulullahın (s) necə namaz qılmasına hamınızdan daha çox agaham. Ona dedilər: Həzrətin necə namaz qılmasını bəyan et. O dedi: Həzrət Rəsulullah (s) namaza durduğu zaman iki əllərini yuxarı, qulaqlarının bərabərində qaldırıb sonra təkbir deyərdi. Bütün bədən üzvləri hər biri öz yerində qərar tutduqdan sonra "Həmd” və surəni qiraət edərdi. Sonra təkbir deyib iki əlini qulaqları səviyyəsində yuxarı qaldırar və sonra ruku edib iki əlinin içini dizlərinə qoyar və sakit halda başını bir qədər yuxarı tutar və çox aşağı salmadan deyərdi: "Allah Onu mədh edən kəsin səsini eşitdi.” Sonra iki əlini yuxarı qulaqları həddinə qaldırıb: Allahu Əkbər deyər və torpağa əyilər (səcdə edər) və iki əlinin içini öz kənarında yerə qoyardı. Sonra başını qaldırıb sol ayağının üstünə oturardı. Səcdə etdiyi zaman ayaq barmaqlarını açar (yerə qoyar) səcdə edərdi. Sonra Allahu Əkbər deyər başını qaldırar və sol ayağı üstə oturardı, belə ki, bütün bədən üzvləri öz yerində sakin qərar tutardı. Sonra ikinci rükəti də həmçinin, bu tərzdə təkrar edərdi. (Orada olanlar) Dedilər: Doğru dedin, Rəsulullah sallallahu əleyhi və alih elə bu cür namaz qılardı... Bu hədisi əhli-sünnə alimləri öz mötəbər dini mənbələrində, o cümlədən, imam Malik özünün "Məvəttə`” kitabında və Əbu Davud da nəql etmişdir. Termizi bu hədisi belə həsən və səhih kimi qiymətləndirmişdir. Mənbə: Qum Elmi Hövzəsi Oxşar xəbərlər
|