Həzrət Həvva Həzrət Adəmin qabırğasından yaranıb?
Mьəllif: Admin
Tarix: 4-07-2021, 10:50
Həzrət Həvva Həzrət Adəmin qabırğasından yaranıb?
Uydurulmuş hədislərin Quranla rədd edilməsi.

Həzrət Həvvanın necə yaranması məsələsi mənbələrdə fərqli-fərqli şəkillərdə qeyd edilmişdir. Bəzi mənbələrdə iddia edilir ki, Həzrət Həvva guya Həzrət Adəmin qabırğasından yaranıb. Həmin saxta hədisə birlikdə nəzər salaq:

Saxta hədis: “Qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər.”

Bu hədisə həm şiə, həm də sünni mənbələrində rast gəlmək olar. Maraqlıdır ki, bəzi mənbələrdə bu saxta hədisin hədisi-qüdsi olduğu yazılmışdır.

Bəziləri öz qənaətlərini Quran ayələri ilə əsaslandırmağa çalışmış, ancaq yenə də yanlışlığa yol vermiş və bəzi nüansları gözdən qaçırmışlar. Gəlin öncə bu mövzuya aidiyyatı olan ayələrə nəzər salaq:

“Nisa” 1: “Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən çəkinin!”

“Əraf” 189: “Sizi tək bir nəfsdən yaradan, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur.”

“Zümər” 6: “Allah sizi tək bir nəfsdən yaratdı. Sonra ondan zövcəsini yaratdı.”

Bəziləri bu üç ayədə “خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا” (xaləqakum min nəfsin vəhidətin və xaləqa minhə” ayəsini “bir insandan” kimi başa düşürlər.

Yəni onlar düşünürlər ki, ayənin tərcüməsi belədir: “Sizi bir insandan yaratdım, sonra da ondan (kişidən) qadını yaratdım”.

Burada ondan sözünü kişi mənasında anladıqları üçün qabırğa deyirlər. Amma ayənin orijinalına diqqət yetirdikdə görürük ki, “minhə” sözündəki “hə” (هَ) əvəzliyi qadın cinsindədir, Adəm isə kişidir.

Ayədə “bir insandan” deyil, “bir nəfsdən” ifadəsi işlənmişdir. Bu isə qadın və kişi yaradılışının növ baxımından eyni olduqlarını göstərir.

“Rum” 21: “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün nəfsinizdən (növünüzdən) zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən toplum üçün ibrətamiz dəlillər vardır.”

“Nəhl” 72: “Allah sizin üçün nəfsinizdən (növünüzdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi.”

Bu ayələrdəki “nəfs” sözünü qabırğa mənasında izah edənlər Allah Rəsulunun (s) da bizim qabırğamızdan olduğunu düşünürlər? Ayəyə diqqət yetirək:

“Tövbə” 128: “Sizə özünüzdən (nəfsinizdən) elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə qarşı şəfqətli, rəhmlidir.”

Allah Rəsulu (s) da bizim nəfsimizdəndir. Yəni bizim növümüzdəndir, mələk deyil, bizim kimi bir insandır.

“İsra” 94: “İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.”

“İsra” 95: “De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk (elçi) göndərərdik”.

Bu ayələr bizə başa salamq istəyir ki, Adəmin nəfsindən olmaq o demək deyil ki, qadın kişinin qabırğasından yaranıb. Bu, qadınla kişinin eyni növdən olduğunu göstərmək üçündür.

İnsanlar hamısı eyni nəsnədən, yəni torpaqdan yaranıb.

“Rum” 20: “(Allahın) sizi torpaqdan yaratması Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi (yer üzünə) yayıldınız.”

Bu ayə də göstərir ki, “nəfsin vəhidəh” deyilərkən qadın və kişi yaranışının mənbəyinin eyni olduğu nəzərdə tutulmuşdur.Yəni kişi nədən yaranıbsa, qadın da ondan yaranıb.

Başqa sözlə desək, nəzər nöqtəsi olan ayədə bir nəfsdən, bir cövhərdən, bir mənbədən yaranma nəzərdə tutulur. Yəni kişi hansı mənbədən yaradılıbsa, qadın da ondan yaradılıb.

Təfsirçilər yazırlar ki, ayədəki “nəfs” sözü konkret şəxsə (Adəmə) aid olunmamalıdır. “Nəfs” sözü həm də insan cinsinə şamildir. Allah bu və buna bənzər digər ayələrdə bütün bəşəriyyətin “insan” adlı varlıqdan yarandığını bəyan edir.

Ayədəki “nəfs” sözünü Həzrət Adəmə aid etsək də, vurğulamalıyıq ki, burada qabırğadan yaradılmaya zərrə qədər də işarə yoxdur. Adəm və Həvva iki müstəqil fərd olaraq yaradılmışlar, ilk öncə Adəm, ondan sonra Həvva xəlq olunmuşdur.

Onları birləşdirən ortaq cəhət budur ki, əvvəla, hər ikisi eyni bir varlıq cinsinin - bəşəriyyətin nümayəndələri olmuşlar.

İkincisi, Həvva Adəmin yaradıldığı materialdan -gildən xəlq olunmuşdur. Daha dəqiq desək, Adəm yaradıl-dıqdan sonra qalan gildən Həvva yaranmışdır.

Bəzi təfsirçilər isə “Nisa” surəsinin 1-ci ayəsinin şərhində Həzrət Həvvanın Həzrət Adəmin “sol qabırğasından deyil, sol qabırğasının yaradıldığı gilin artığından xəlq olunması” iddiasını irəli sürürlər.

Məşhur ruhani alim və ədib, “Nəhcul-bəlağə” kitabının tərtibatçısı Seyyid Rəzi “Həqaiq ət-təvil” kitabında yazır ki, ayədəki “nəfsi vahidə” (vahid nəfs) – “həqiqətul-vahidə”dir. Yəni kişi ilə qadın eyni həqiqətdən xəlq olunmuşlar.”

Bəzi alimlərə (Feyz Kaşani kimi) görə qadının kişiyə aid olan sol qabırğadan yaradılması zahiri deyil, batini mənada qəbul olunmalıdır.

Bədənin sol tərəfi adətən, cismani istəklərə və emosiyalara, sağ tərəfi isə ağla, ruhani və mələkuti aləmə aid edilir.

Məhz bu səbəbdəndir ki, bir çox müstəhəb əməllərin sağ tərəfdəki bədən üzvləri ilə icra olunması təkid edilir. Müstəhəb olmayan işlər bədənin sol tərəfdəki üzvləri ilə yerinə yetirilir.

“Həvva Adəmin sol qabırğasından yaradılıb” ifadəsi qadında emosiyaların və dünyəvi istəklərin üstünlük təşkil etməsini göstərir.

Quran özü aydın şəkildə bizə öyrədir ki, Həzrət Həvva Həzrət Adəmin qabırğasından yaranmayıb və beləliklə, bu ayələr bu mövzuda olan bütün rəvayətləri asanlıqla inkar edir.

Sənədi Allah Rəsuluna (s) yetişən bir mötəbər hədisdə “Həzrət Həvva nədən yaradıldı?” sualına o həzrətin belə cavab verdiyini görürük: “Allah bir miqdar torpağı öz qüdrət əli ilə bir-birinə qarışdırdı və ondan Həzrət Adəmi yaratdı. Sonra o torpaqdan bir miqdar artıq qaldı ki, ondan da Həzrət Həvvanı yaratdı”.

Görəsən Quran və səhih rəvayətlərlə ziddiyyət təşkil edən bu saxta rəvayət hansı mənbədən qaynaqlanır? Mövzunu araşdırdıqda aydın olur ki, bu kimi saxta rəvayətlər İslam mənbələrinə təhrif olunmuş “Tövrat”dan daxil edilmişdir. Yəhudilikdə qadın daim mənfi bir obraz kimi təsvir edilmişdir.

Hətta “Həzrət Adəmin Cənnətdən qovulması” adlı qissədə günahkar məhz Həzrət Həvva, yəni qadın hesab edilmişdir. Lakin bu iddialar Quranla daban-dabana ziddir. Təhrif olunmuş “Tövrat”ın həmin hissəsinə diqqət yetirək:

21. O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü.

22. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.

23. İnsan dedi: “Bax, nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, çünki o, kişidən götürülüb”.

Bu aydın dəlillərdən sonra öncə, araşdırmalara əsasən, gəldiyimiz nəticəni qeyd edir, ardınca isə mövzu ilə bağlı bir neçə sual ünvanlayırıq:

1. Qadının qabırğadan yaranması hədisi Quran ayəsi və səhih hədislərə ziddir.

2. Qadın əyri qabırğadan yaranıbsa, deməli əyriliyin mənbəyi yarandığı yerin özüdür, yəni kişi. Elə isə bu naqislik niyə qadına aid edilir?

3. Həzrət Həvva Adəmdən yarandısa, onda Adəm (ə) özündən yaranan biri ilə evləndi? Bunu necə izah edə bilərsiniz?

4. Əgər qadın əyri qabırğadan və naqis yaranıbsa, deməli, bu, Quranın digər ayələrinə ziddir. Məsələn, “Tin” surəsində Allah bütün insanları ən gözəl şəkildə yaratdığını qeyd edir”.

Yaxud “İsra” surəsinin 70-ci ayəsində buyrulur: “Biz insanları üstün yaratdıq”.

5. Sözügedən saxta hədisdə buyrulur: “Onu (qadını) düzəltməyə çalışmayın”. Bu ifadə özü də İslami mətnlərə ziddir. İslam dininin əsas prisiplərindən biri də “əmr be məruf, nəhy əz munkər” – Yaxşılığa dəvət, pislikdən çəkindirməkdir.

Əgər bir qadın səhv yolda olarsa, onda bu ilahi prinsip necə olsun? Necə ola bilər ki, peyğəmbər ilahi qanunların ziddinə söz desin?

6. Bəziləri bu mövzuda ifrata vararaq iddia edirlər ki, bu günün özündə də kişilərin qabırğalarının sayı qadınların qabırğalarına nisbətdə azdır. Bu iddianın da əsassız olduğu müasir tibb elmi ilə sübuta yetmişdir.

Qeyd olunanlardan aydın olur ki, qadının kişi qabırğasından yaranmasını qeyd edən bütün rəvayətlər batil və əsassızdır. Həzrət Həvva da Həzrət Adəm kimi torpaqdan yaranmışdır.

Bütün Peyğəmbərlər məsumdur kitabından (ixtisarla)

İlahiyyatçı, yazar Mahir Şəkərov

Ahlibeyt.ge




Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031