Quran təkbaşına bizə kifayət deyil! (Araşdırma)
“Bir məsələ Quranda yoxdursa, onu qəbul etmirəm” deyən müəyyən insanlar mövcuddur. Görəsən Quran təkbaşına bu ümmətə kifayət edərmi? Əlbəttə, xeyr. Öncə bu fikirdə olan şəxslərə bəzi suallar ünvanlayaq: Məgər hər bir hökmün (məsələn, namazın) bütün incəlikləri Quranda yer alıbmı? Əlbəttə, yox! Bəs onda İslam ümməti hansı dəlillərə əsaslanaraq namazı bu şəkildə qılır? Namazla bağlı hər hansı məsələnin Quranda olmaması həmin məsələnin yanlış olduğunu deməyə əsas verirmi? Əgər bu cür təfəkkür tərzinə malik olan insanlarla razılaşsaq, onda heç kim namaz qılmamalıdır. Çünki namazın rükətlərinin sayı, namazda istifadə olunan sözlərin tam mətni, namazı pozan hallar və bu kimi məsələlərin heç biri Qurani-Kərimdə yoxdur. Belə olan halda, İslam ümməti namaz və sair məsələlər üçün səciyyəvi olan, lakin Quranda olmayan hökmlərdə nəyə əsaslanırlar? Cavab olduqca sadədir. Gəlin, bir nümunə göstərməklə bu suala cavab axtaraq: Quranda oruc tutmaq əmr edilir.[1] Amma orucun əsas hökmləri – orucu batil edən işlər, oruc tutana məkruh olan işlər, orucun kəffarəsi, orucun qəzası, hansı halda oruc tutan kəffarə verməlidir? Kəffarəni kimə verməlidir? Necə verməlidir? Haçan verməlidir? Bu kimi bir çox hökmlər Quranda göstərilmir və onlar bizə Həzrət Peyğəmbər (s) vasitəsilə izah etdirilib çatdırılır. Quranda “namaz qılın”, - deyə əmr olunur.[2] Lakin namazın əsas hökmləri – namazın rükətərinin sayı, vacib namazlar, nafilə namazlar və bu namazların hökmləri, namazı pozan amillər və namazla əlaqəli bir çox hökmlər Qurani-Kərimdə göstərilmir. Bu cür məsələlərdə biz yenə də Peyğəmbərin (s) hədislərinə və sünnəsinə müraciət etməliyik. Deyilənlərdən aydın oldu ki, əgər bir məsələ ilə bağlı Quranda ayə yoxdursa, bu o demək deyil ki, həmin məsələ yanlışdır. Əgər deyilənlərdən sonra həmin şəxslər yenə də öz iddialarında israr edirlərsə, namazın rükətlərinin sayını, namazı batil edən əməlləri və sairəni Quran ayələri əsasında sübut etməlidirlər. Sizcə isbat edə bilərlərmi? Əsla! Deməli, İslam ümmətinin iki əsas qaynağı var: 1. Qurani-Kərim. 2. Hədis (Sünnə). Qurani-Kərimdə olmayan məsələlər ikinci qaynağa istinadən əldə edilir ki, buna da nümunələr göstərdik. Sözügedən məsələ o qədər ciddidir ki, hətta İbrahim (ə) və İsmail (ə) Kəbə evinin bünövrəsini ucaltdıqları zaman belə dua etmişdilər: “(Onlar yenə dedilər:) Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən.”[3] Qeyd olunan ayəyə əsasən, Quran təkbaşına bu ümmətə kifayət edə bilməz. Əgər etsəydi, “elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin” cümləsi Quranda dəfələrlə təkrarlanmazdı. Deməli, Quran Peyğəmbər (s) tərəfindən izah və təfsir olunmalıdır ki, bu ilahi hökmlər hamıya aydın olsun. Əgər ərəb öz dilində olan bu Quran kitabını anlamağa çətinlik çəkib müəllimə (Peyğəmbərə) ehtiyac duyursa, qeyri-ərəb necə iddia edib deyə bilər ki, “Bizə müəllim (Peyğəmbər (s)) lazım deyil, biz Qurana əsaslanırıq...”? “Biz ancaq Quranla gedirik” deyənlərə Quran özü anladır ki, Peyğəmbər (s) olmadan (onun hədislərinə, həyatına, sünnəsinə istinad etmədən) Quranı başa düşmək qeyri-mümkündür. Quranda dəfələrlə “...Sizə peyğəmbər göndərdik ki, kitabı və hikməti öyrətsin, sizi paklaşdırsın...”[4], - deyə buyrulur. Məgər bu ayələr bu fikirdə olanlara heç rast gəlməyib? Qurani-Kərim bir daha sübut edir ki, “Quran mənə kifayət edər” deyib Peyğəmbər (s) sünnəsindən (hədislərindən) üz döndərmək özü batil əməldir. Quranı Peyğəmbərsiz (s) (onun hədislərinə və sünnəsinə istinad etmədən) anlamaq qeyri-mümkündür. Əgər mümkün idisə, Peyğəmbərin (s) səhabələri nə üçün ondan etiqad və fiqhə dair suallar soruşurdular. Hətta Peyğəmbərin (s) zamanında belə, bəzi ayələrin izahı soruşulurdu. Deməli, təkcə Allahı sevmək (onun göndərdiyi Qurandan yapışmaq) kifayət etmir, həm də onun Peyğəmbərini (s) sevmək (onun buyuruqlarına əməl etmək) lazımdır. Bu, Quranın məntiqidir! Bu, Allahın istəyidir! Uca Allah buyurur: “(Ya peyğəmbər!) De:Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah mehriban və bağışlayandır”.[5] “Quran bizə yetər” deyənlərin gətirdikləri dəlillərin Quranla rədd edilməsi “Quran bizə kifayətdir” deyənlərin gəirdikləri birinci dəlil: “Ənkəbut” surəsinin 51-ci ayəsi: “Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?” Cavab: Qeyd olunan ayədəki “kifayət deyilmi” ifadəsinə əsasən iddia olunur ki, Quran bu ümmətə təkbaşına kifayət edər. İlk növbədə bu ayənin nazilolma səbəbinə baxaq: Bu ayənin nazilolma səbəbi müşriklərin Peyğəmbərdən (s) möcüzə istəmələri ilə bağlıdır. Müşriklər Peyğəmbərdən (s) Qurandan qeyri bir möcüzə istəyirlər. Quran da onların cavabında buyurur ki, “Məgər bu Quran möcüzə olaraq onlara bəs etmir?” Yəni bu Qurana etirazı olan varsa, Quranın mislində, Quran kimi bir kitab gətirsin. Bu kitab ki, kafir və müşriklərə oxunur, onlar da öz qulaqları ilə eşidib yəqin bilirlər ki, bu insan sözü deyil, ilahi möcüzədir. Belə olan halda, Quran möcüzə olaraq onların iman gətirməsi üçün yetərli olmurmu? Quran onlara kifayət etmədi ki, yeni möcüzə istəyirlər? Ayənin nazilolma səbəbindən aydın olur ki, bu ayənin mövzumuzla əlaqəsi yoxdur. “Quran bizə kifayətdir” deyənlərin gətirdikləri ikinci dəlil: “İsra” surəsinin 89-cu ayəsi: “Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl olaraq izah etdik. Lakin insanların əksəriyyəti yalnız küfrü seçdi.” Cavab: Bu ayənin orijinal mətnində ümumiyyətlə, “müfəssəl” sözü yoxdur. Öz düşüncələrini insanlara təlqin etmək istəyənlər hətta Allahın adından yalan danışmaqdan da utanmırlar. Quranın dilimizə tərcümə edilmiş nüsxələrində də bu ayənin tərcüməsində “müfəssəl” sözünə rast gəlmədik. “Quran bizə kifayətdir” deyənlərin gətirdikləri üçüncü dəlil: “Nəhl” surəsinin 89-cu ayəsi: “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik”. Cavab: Bu ayədə “hər şey” deyilərkən İslamın kamilliyi üçün lazım olan hər şey nəzərdə tutulmuşdur. Başqa bir ayədə belə buyurulur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.”[6] Qurani-Kərimin “Maidə” surəsinin 3-cü ayəsində “dini sizə kamil etdim”, - deyə buyurulduğu kimi, “Nəhl” surəsinin 89-cu ayəsində də “kamillik üçün hər şey bu Quranda var”, - deyə bəyan edilir. Yəni ümumi hökm və müddəalar Quranda yer alır. Bəs həmin hökmlərin incəliklərini bizə kim çatdırmalıdır? Quran bizə Peyğəmbəri (s) ünvan göstərir: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin...”[7] İndi Peyğəmbər (s) aramızda yoxdursa, nə edək? Kimə müraciət edək? Quran buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun.”[8] “Quran bizə kifayətdir” deyənlərin gətirdikləri dördüncü dəlil: “Hud” surəsinin 1-ci ayəri: “Əlif, Lam, Ra. Bu, ayələri möhkəmləndiril-miş, sonra izah edilmiş və Allah tərəfindən göndərilmiş bir kiabdr”. Bəzi tərcümələrdə bu ayənin “ətraflı izah edilmiş” şəklində tərcümə olunması bir çoxlarını çaşdırır və onlar elə düşünürlər ki, bu qəbildən olan ayələr Quranın təkbaşına kifayət etdiyini göstərir. Ancaq belə deyil. Çünki ayənin orijinal mətnindəki “فُصِّلَت” (fussilət) sözü “izah edilmiş” mənasındadır. Bəzi təfsirçilər bu sözü Quranın tədricən nazil olması ilə əlaqələndirirlər. Ayədə Peyğəmbərin (s) sünnəsini bir kənara qoymaqdan və onu tərk etməkdən söhbət getmədiyi halda, bəzi müxaliflər buna necə istinad edirlər? Ayənin mənasına gəlincə, Allah bu ayə ilə Quranda insanların fərdi və ictimai həyatları üçün lazım olan bütün məsələlərə aydınlıq gətirdiyini çatdırmaq istəmişdir. Əlbəttə, bir sıra məsələlər də var ki, onları bizə Allah Rəsulu (s) izah edib çatdırmalıdır. Bu məsələyə daha öncə geniş izahat vermişik. “Quran bizə kifayətdir” deyənlərin gətirdikləri beşinci dəlil: “Qəmər” surəsinin 17, 22, 32 və 40-cı ayələri: “Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç ibrət götürən varmı?” Quranın mübarək “Qəmər” sürəsində eyni ayə dörd dəfə təkrar olunur. Bu, mövzunun əhəmiyyətini göstərir. Dildə və qəlbdə Allahla ünsiyyət yaratmaq üçün Quran ən asan, ən yaxşı və ən yaxın vasitədir. Onun asanlıq səbəbi yüngül və səthi olması deyil, ismarışlarının qəlbə və cana yaxın olmasıdır. “Müzzəmmil” sürəsinin 5-ci ayəsində belə buyrulur: “Biz tezliklə sənə çox ağır bir çətinlik endirəcəyik”. Quran çox ağır və dərin məzmunlu bir kitabdır, ancaq insanın fitrətinə tanış olduğu və onunla səsləşdiyi üçün bu kitabı anlamaq və ondan istifadə etmək hər kəsə asandır. Ağır və dərin mənalı olmaqla yanaşı, asan, rəvan və hər kəs üçün başadüşülən olması Quranın möcüzəvi xüsusiyyətlərindəndir. Ağır olmaq heç də çətin olmaq deyil. Necə ki, yüngül olmaq da səthilik və məzmunsuzluq demək deyil. Asanlıq və ağırlıq bir-birinə zidd xüsusiyyətlər olmadığı üçün onların bir araya gəlməsi heç də təəccüblü deyil. Hər halda, bu ayələri “Quran bizə kifayətdir” iddiasına dəlil gətirmək doğru deyildir. “Quran bizə kifayətdir” deyənlərin gətirdikləri altıncı dəlil: “Ənam” surəsinin 38-ci ayəsi: “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq.” Cavab: Unutmaq olmaz ki, Qurani-Kərimdə “kitab” deyilərkən təkcə Quran nəzərdə tutulmur. Diqqətlə baxdıqda görürük ki, “kitab” məna yükü geniş olan bir sözdür. Sözün mənası ayənin kontekstindən asılı olaraq dəyişir. Kitab sözü Quranda təxminən 262 yerdə və müxtəlif mənalarda işlənib. Quranda “kitab” deyilərkən “əməl dəftəri”, “məktub”, “lövhi məhfuz” və “kitab” nəzərdə tutulur. Quranın hər hansı ayəsində kitab sözü ilə qarşılaşdıqda, həmin ayənin motivini və izahını bilmədən onun Quran olduğunu demək yanlışdır. Bir nümunəyə nəzər salaq: Həzrət Süleymanın (ə) qissəsindən xəbərdar olanlar bilirlər ki, Süleyman (ə) Bilqeysə məktub yazır. Məktub yazılıb hazır olduqdan sonra Həzrət Süleyman (ə) buyurur: “Bu məktubumu apar.” Məktub sözü Quranın bu ayəsində məhz “kitab” sözü ilə ifadə edilmişdir. Tərcümədə bu söz konteksə uyğun olaraq məktub kimi verilmişdir.[9] Gördüyünüz kimi, Quranda kitab, konteksdən asılı olaraq mənaca dəyişilə bilən bir sözdür. “Ənam” surəsinin 38-ci ayəsində “bu kitabda” deyilərkən Quran deyil, “lövhi məhfuz” nəzərdə tutulur. Allah buyurur: “Biz bu kitabda (lövhi məhfuzda) heç bir şeyi nəzərdən qaçırtmadıq.”[10] Deməli, Qurani-Kərimdə işlənmiş “kitab” sözü müxtəlif mənaları ehtiva edən bir sözdür. “Sizə bu kitabda hər şeyi izah etdik” deyə buyrulan ayələrdə “kitab” deyilərkən hansı mənanın nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır. “Ənam” surəsinin 38-ci ayəsində “bu kitabda” deyilərkən də Quran deyil, məhz “lövhi-məhfuz” nəzərdə tutulmuşdur. “Sizə bu kitabda hər şeyi izah etdik” deyilərkən nə nəzərdə tutulmuşdur? Əgər cavab Quran olsa, o zaman “hər şey” deyilərkən bütün ilahi hökmlərin incəlikləri deyil, ümumi hökmlərin nəzərdə tutulduğunu deməliyik. Qeyd olunanların əksini iddia edən zəhmət çəkib daha öncə qeyd etdiyimiz kimi, bütün ilahi hökmlərin incəliklərini bir-bir Quran ayələri ilə bizə göstərsin. Məsələn: Həccin bütün hökmlərini, namazın rükətlərini və s. Quran o zaman bizə kifayət edər ki, biz ya Allahın yer üzərində elçisi olaq, ya da elə bir həddə olaq ki, ilahi elçi – peyğəmbər (ə) olmayanda onu əvəz edə bilək, eyni ilə onun kimi bir bir şəxsiyyət olaq. Əks təqdirdə, Quran təkbaşına kifayət etmir. Mövzumuza birbaşa aidiyyatı olan bir hadisəyə nəzər salaq: Bir gün İmam Şafei Məscidül-Həramda əyləşərək “Mənə hər nə sual versəniz, sizə Allahın kitabı – Quran ilə cavab verərəm” - deyir. Bir nəfər yerindən qalxaraq ona həcc ilə bağlı bir sual verir. İmam Şafei sualın cavabını Quran ayəsi ilə deyil, hədislə verdikdə həmin şəxs etiraz edərək deyir: “Axı siz iddia etdiniz ki, bizə Quranla cavab verəcəksiniz?” İmam Şafei deyir: “Müsəlman! Bəs sən Quran oxumursan? Quran “Peyğəmbər sizə nə versə onu götürün və nəyi qadağan etsə ondan uzaqlaşın?”- deyə buyurmurmu? Sonra “Həşr” surəsinin 7-ci ayəsini qeyd edib həmin şəxsə başa salır ki, Quran Peyğəmbərin (s) hədisi, izah və təfsiri olmadan təkbaşına bu ümmətə kifayət etməz. “Nəhl” surəsinin 44 və 64-cü ayələrində ayələrin Peyğəmbər (s) tərəfindən izah edilməsi və açıqlanmasının zəruriliyi vurğulanır. Tarixdən də bəzən səhabələrin ayələri anlamadıqları və açıqlama istədiklərinin şahidi oluruq. Əslində, təkcə Quran yox, Peyğəmbərin dediyi hər bir söz də ilahi kəlamdır. Bu iddianı “O əsla nəfsinin istəyi ilə danışmır”[11] ayəsi də təsdiq edir. [1] Bəqərə, 183 [2] Bəqərə, 43 [3] Bəqərə, 129 [4] Cümə, 2 [5] Ali-İmran, 31 [6] Maidə, 3 [7] Həşr, 7 [8] Nəhl, 43 [9] Daha ətraflı bax: “Nəml” surəsi, 28 [10] “Ənam” surəsi, 38 [11] “Nəcm” surəsi, 3 Bütün Peyğəmbərlər məsumdur kitabından (ixtisarla) İlahiyyatçı, yazar Mahir Şəkərov Ahlibeyt.ge Oxşar xəbərlər
|