Sağlam ağıla malik olmaq üçün lazım olan vasitələr – Qurani-Kərimin tövsiyələri
Düşünməyin insanın imanına böyük təsiri vardır. Bu təsirlər ilə tanış olaq.
Qurani-Kərim insanı daima düşünməyə dəvət edir və buyurur ki, əgər düzgün düşünmək istəyirsənsə, sənə doğru yolu göstərərəm. İnsana təsir edən amillərdən biri – onun ağıl qüvvəsidir. Sağlam ağıla malik olmaq üçün isə insan 3 vasitədən istifadə etməlidir: - öz nəfsini islah etməli; - öz əməllərini hesaba çəkməli; - ibrət götürməli. Bəs özünü islah etmək nədir? a). Təzkiyə, yəni özünü islah etmək sözü “zəki” sözündən götürmüşdür və mənası doğruluq və düzgünlük deməkdir. Təzkiyə insan nəfsini nalayiq əxlaqdan təmizləyər və onu fəzilətli sifətlərə yiyələndirər. Təzkiyə iki yerə bölünür: zahiri və batini təzkiyəyə. Bu haqda Müqəddəs Quran buyurur: “Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı”. (“Nur” 21). b). Mühasibənin üsulları. Mühasibə sözü “həsəbə” sözündən götürülmüşdür və mənası “hesaba çəkmək”dir. Mühasibə ilə bağlı iki cür ayələr mövcuddur. Bir dəstə ayədə deyilir ki, insan özünü hesaba çəkməlidir. ”Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!”. (“Həşr” 18). Bu ayə iki İlahi əmrə şamil edilir. Biri – təqvaya malik olmaqdır, o birisi isə insanın Qiyamətdən əvvəl axirətə göndərdiyi əməllərdir. Bir dəstə ayələr isə buyurur ki, hamını hesaba çəkmək lazımdır ki, bu da Qiyamət günündə bərqərar olan məhkəməyə aid edilir. “Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə, heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. (“Ənbiya” 47). c). İbrətin üsulları. İbrət sözü “əbərə” sözündən götürülmüş və müxtəlif mənalara malikdir. O cümlədən: “yuxunu yozmaq”, “çaydan keçmək”, “bir haldan başqa hala keçmək” deməkdir. Lüğətdə isə daha çox nəsihətə şamil edilir. Ayətullah Cavadi Amuli buyurur: “İbrət götürmək – pis sifətdən yaxşı sifətə keçmək deməkdir. Əgər insan pis sifətdən yaxşı sifətə keçərsə, deyərlər ki, ibrət götürmüşdür”. Müqəddəs Quranda ibrətlə bağlı iki cür ayələr vardır. Bir dəstə ayələrdə Allah Təala insanlara təbiətdən ibrət götürməyi göstəriş verir. “Allah gecə-gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tövhid, qüdrət və hikmətinə dair bir dəlil) vardır”. (“Nur” 44). İkinci dəstə ayələr isə Allah bəndələrinin keçmiş nəsillərin başına gələnlərdən ibrət alması göstərişidir. “Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tövhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır”. (“Ali-İmran” 13). Beləliklə, deyə bilərik ki, əgər insan sağlam düşünmək istəyirsə, əvvəlcə bu üç üsula riayət etməli və onu əməldə büruzə verməlidir. Bu zaman insanın doğru təfəkkür etməyə imkanı yaranar. /Deyerler.org/ Oxşar xəbərlər
|