Dostun ən yaxşısı nədən bilinər?
Söz – zahiri və batini cəhətdən ya gözəl və bəyənilən olur, ya da pis və nifrət olunan. İnsan çalışmalıdır ki, dilinə ancaq gözəl sözlər gətirsin və çirkin sözlərdən uzaq olsun. Çünki insanın ağzından çıxan sözlər ziyan vurmaq qabiliyyətinə malikdirlər.
Əlbəttə ki, aqil insan yaxşı bilir ki, nəsihət hər nə qədər acı olsa da, insanın xeyirinədir və onu inkişaf etdirər. Əgər cəmiyyət nəsihəti qəbul edə bilirsə, deməli buluğa çatıbdır. Çünki insanlar kamalın hansı məqamında olursa-olsunlar, kamil insan olmaq yolunda irəliləyirlər. Onlar yaltaqlıq, təkəbbür kimi sifətlərdən qaçmağa çalışarlar. Bu yol nə qədər çətin olsa da və yollarında meydana gələn keçməməzliklər nə qədər çox olarsa, yenə də səy göstərər və hətta sanki cərrahiyə bıçağı ilə bədənlərinə hopmuş bu mənəvi xərçəngi çıxartmağa cəhd edərlər. Hər kim öz zəif tərəfini tanımaq istəyirsə, nəsihətdən heç bir zaman qorxmaz. Bəlkə istəyər ki, aqil insanlar onun səhvini tapıb, desinlər. Bnu İlahi nemət bilirlər. İmam Sadiq (ə) buyurur: “Ən üstün dostlarım – o kəslərdir ki, eyiblərimi mənə hədiyyə versinlər”. İmam Əli (ə) buyurur ki, yaltaqlıdan çəkinin. Belə ki, yaltaqlıq insanı kamala çatmaqdan saxlamaq sifətlərdən biridir. İnsan məhz bu rəzil sifətə görə, tutduğu uca məqamdan süqut edə bilər. Çünki yaltaqlıq nadan dostlar kimidir ki, diabet xəstəsinə yaltaqlıq halvası yedizdirərlər. Onları ölümə tərəf çəkərlər. Bu səbəbdən idi ki, İmam Əli (ə) Malik Əştərə verdiyi nəsihətdə buyurur ki, yaltaq insanlardan uzaq olsun. Onları acı dillə tənqid etsin ki, bəlkə sağalarlar. Həzrət Əli (ə) buyurur: “Sənin seçilmiş vəzirlərin o kəslər olmalıdır ki, dillərinə haqq sözü gətirsinlər, baxmayaraq ki, haqq acı olsa belə. Allah, dostlarına bəyənmədiyi işlərdə daha az yardım edər, baxmayaraq ki, bu sözlər və işlər sənə naxoş gəlsə belə. Təqvalılara və doğru danışanlara qoşul. Sonra onlardan istə ki, səni çoxlu tərifləməsinlər. Düçar olmadığın batilə görə səni sevindirməsinlər. Çünki yaltaqlığa qarışmış tərif təkəbbürə səbəb olar. İnsanı itaətsizliyə vadar edər”. Beləliklə, deyə bilərik ki, insanın ağzından çıxan söz ya gözəl və bəyənilən olar, ya da pis və nifrət olunan. İnsan gərək bəyənilən və yaltaqlıqdan uzaq sözlərdən daha çox istifadə etsin ki, həm özünə və həm də ətrafında olanlara fayda versin. Çünki insanın ağzından çıxan hər bir sözün ətrafa və özünə təsirləri olar. Həmişə haqqı deməyə çalışsın və heç zaman yaltaqlıq etməsin. /Deyerler.org/ Oxşar xəbərlər
|