İnsanın heyvanlarla bağlı hansı məsuliyyəti vardır?
İmam Əli (ə) xilafətinin əvvəllərində buyurmuşdu: “İnsanlar və şəhərlərlə təvqalı rəftar edin. Çünki siz hesaba çəkiləcəksiniz, hətta diyarlar və heyvanlarla bağlı belə”.
Aləmlərin ən üstün varlığı olan insanın heyvanlarla bağlı hansı məsuliyyətləri vardır? İslam dininin nəzərinə görə, hakim insanların qanuna əməl edib-etmədiyinə nəzarət etdiyi kimi, insan da heyvanların həyatının vəziyyətinə nəzarət etməyə məsuldur. Çalışmalıdır ki, malik olduğu heyvanın qidasını, suyunu və qalmaq yerini təmin etsin və bu sahədə səhlənkarlıq etməsin. Çünki əks halda heyvanların haqqına qarşı zülm etmiş olar. Əllamə Hilli yazır: “Əgər heyvan sahibi heyvanın xərcini az edərsə, bu halda əgər həmin heyvan halal ətli olarsa, hakim onu bu üç işdən birini yerinə yetirməyə vəzifələndirər: 1. Heyvana infaq etmək. 2. Onu başqasına satmaq. 3. Heyvanı kəsmək ki, bir daha aclıqdan əziyyət çəkməsin. Əgər bu əməli yerinə yetirməkdən boyun qaçırdarsa, hakim onun malını və ya torpağını satar və heyvanın xərcini ödəyər. Əgər mülkə malik olmasa, həmin heyvanı satmaq daha üstündür”. Qurani-Kərimin ayələrini oxuyan zaman belə qənaətə gəlmək olur ki, insan kimi, bütün canlıların da şüuru vardır. Ona görə də onların haqqına riayət olunmalıdır. Müqəddəs Quran buyurur: “Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar”. (“Ənam” 38). Həzrət Peyğəmbər (s) bir dəvəni görür ki, bir yerə bağlanmışdır və yükü də belində qalmışdır. Həzrət (s) buyurur: “Bu dəvənin sahibi kimdir? Ona deyin ki, özünü hesab vermək üçün hazır etsin”. Yəni, özünü Qiyamət günü bu heyvanla bağlı hesaba hazır etsin. Çünki, bu əməlinə görə ondan hesab çəkiləcəkdir. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim sərçəni səbəbsiz yerə öldürərsə, Allah Qiyamət günü ona sual verəcəkdir”. Beləliklə, deyə bilərik ki, bütün canlıların haqqı vardır və hər kim bu haqqa əməl etməzsə, Qiyamət günü hesaba çəkiləcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|