Kərbəla şəhidi – Səid ibn Abdullah Hənəfi
O, Kufənin böyüklərindən idi. Son qasid olaraq kufəlilərin məktubunu Məkkədə İmam Hüseynə (ə) təhvil verdi.
İmam (ə) da Kufə əhalisinə cavab olaraq Müslim ibn Əqili göndərməmişdən qabaq onu özünün qasidi kimi Kufəyə göndərdi. O, Müslim Kufəyə gələnə qədər orada qaldı və onunla beyət etdi. Müslim ibn Əqil də Səid ibn Abdullahı yenidən bir məktubla İmam Hüseynin (ə) yanına göndərdi və o Həzrətdən ayrılmadı. Aşura günü İmam (ə) ox yağışı altında namaza dayandığı zaman, Səid ibn Abdullah bir neçə fədakar səhabə ilə İmamın (ə) önündə durdu və öz bədənlərini oxlara sipər edərək var gücləri ilə oxların qarşısını aldılar. On üç ox yarası alan Səida yerə yıxılarkən, İmamın (ə) nurani simasına baxıb dedi: "Ey Rəsulullahın (s) övladı! Öz vəzifəmə vəfa etdimmi?" İmam (ə) cavabında buyurdu: "Bəli, sən məndən öncə Cənnətə gedəcəksən." Səid ibn Abdullah bu sözləri eşitdikdə sevincə qərq oldu və canını Yaradana tapşırdı. Oxşar xəbərlər
|