Bəla və müsibətlər mənfi səciyyə daşıyır, yoxsa müsbət?
Qurani-Kərim – böyük tərbiyəvi bir kitab olaraq, bizə keçmiş nəsillərin başına gələn bəlaları misal çəkərək, bizləri doğru yola hidayət etməyə çalışır.
Bununla bağlı Quran ayələrindən çıxartdığımız nəticələr: 1. “Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar”. (“Əraf” 94). Bu ayə bizə söyləyir ki, insanları qəflətdən oyatmaq və günahlarını onlara dərk etdirmək üçün Allah onlara bəla göndərir və bu yolla hidayət olmaqları üçün imkanlar yaradır. 2. “İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar”. (“Rum” 41). Bəli, təbii fəlakətlər insanı özünə gətirər və hidayət olması üçün zəminələr yaradar. 3. “Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!”. (“Səcdə” 21). 4. “Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər”. (“Əraf” 130). Uca Allah bu ayədə fironçuların adını çəkərək, onu bütün şeytana (lən) itaət edənlərə şamil etmişdir. Hətta onların hidayət olması üçün belə yolları açıq qoymuşdur. Əlbəttə, əgər tarixə nəzər salsaq, görərik ki, millətlər başlarına gələn bəlalara qarşı müsbət nəzərdə olmamışdılar. Onların əksər hissəsi bu bəlalardan düzgün nəticə çıxartmamışdılar. Ona görə də Allah onları tamamilə məhv etmişdir. Ad və Səmud qövmü kimi. Ancaq bəlalardan nəticə çıxardanlar da olmuşdur. Həzrət Yunusun (ə) qövmü kimi. Ona görə də deyə bilərik ki, bəla və müsibət heç də mənfi xarakter daşımır, əslində insanın qəflətdən ayılmasına xidmət edən hadisələrdən biridir. Alimlər ona görə də bəlanı nemət adlandırırlar. /Deyerler.org/ Oxşar xəbərlər
|