İslam dininin nəzərində qidalanma mədəniyyəti necədir?
İnsanı Allah xəlq etdiyi üçün ,onun necə doğru qidalanmasının yollarını da tövsiyə edir. Uca Allah insana qidalanma mədəniyyətinin yollarını göstərir ki, bu yolla cismi sağlam olsun və təkamülə çatmaq yolunda çətinlikləri yaranmasın.
Əgər tarixə nəzər salsaq, görərik ki, hətta başqa dində olan insanlar da belə, İslam dininin tövsiyə etdiyi qidalanma mədəniyyətindən istifadə edib, fayda aparmışdılar. Onlar tibb sahəsində böyük nailiyyətlər əldə etmiş müsəlmanlara müraciət etmişdilər. Bəs Müqəddəs Quran bizə nələri tövsiyə edir: 1. Halal qidanı tanlmaq və ondan bəhrələnmək. “Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)”. (“Bəqərə” 172). 2. Halal olmayan qidanı tanımaq və ondan çəkinmək. “(Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür”. (“Əraf” 157). 3. Qurani-Kərim meyvə və ət yeməyi tövsiyə edir. “Və seçdikləri meyvələrlə. Və meyilləri çəkən quş əti ilə”. (“Vaqiə” 20-21). Peyğəmbərimiz (s) də iftarı açan zaman xurma yeməyi tövsiyə etmişdir. Çünki xurma bədənin şəkər ehtiyatını təmin edir və bədəni gücləndirir. İmam Əli (ə) buyurur: “Nə zaman müsəlman insan zəifləyər, gərək ət və süd yesin. Çünki Allah Təala qüvvəti o ikisində qərar vermişdir”. 4. Zeytun yağından istifadə etmək. Zeytun yağı – peyğəmbərlərin (ə) təamı adlandırılmışdır. Dinimiz bu yağdan və hətta zeytunun özündən istifadə etməyi tövsiyə etmişdir. İslam Peyğəmbəri (s) buyurur: “Zeytun yağını yeyin və həmçinin bədəninizə sürtün ki, bu əməllə şeytan 40 gün sizin bədəninizə daxil olmayacaqdır”. 5. Yeməkdə etidala riayət etmək. “(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31). Həzrət İmam Rza (ə) buyurur: “O həddə yemək ye ki, bədəninə uyğun olsun və ondan çoxunu yeməyin dəyəri yoxdur. Hər kim həddində yeyər, ona fayda verər. Həmçinin su içmək də bu cürdür”. /Deyerler.org/ Oxşar xəbərlər
|