Qurani-Kərimdə axirət aləmi və onun adları – Nəşr günü
Qurani-Kərimin müxtəlif ayələrində Qiyamətin adi ilə bağlı işlədilən ifadələrdən biri də “Nəşr” (Nəşr günü) və yaxud “Nüşur”dur.
Bu ifadə, həqiqətdə, insanın ölümdən sonrakı həyatının başqa bir yönünü aşılayır. Necə ki, “Fatir” surəsinin 9-cu ayəsində belə oxuyuruq: وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَى بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا كَذَلِكَ النُّشُورُ “Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır! Biz (o buludları) ölmüş bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Qiyamət günü) Nəşr də (insanların Məhşərin müxtəlif nöqtələrinə yayılması da) belədir!” Rağib İsfahaninin “Müfrədat” kitabındakı qeydlərinə əsasən, “nəşr” və “nüşur” sözü, əslində, genişləndirmək, açmaq və yaymaq mənasını verir və ən çox parça, kağız səhifəsi, bulud, nemətlər və hədislər barəsində işlədilir. “Məqayisül-lüğət” kitabında “nəşr” sözünün dəstələrə bölünərək yayılması mənasında olduğu deyilir. Elə buna görə də, havada yayılan xoş qoxuya “nəşr” deyilir. Bu ifadənin məad və ölümdən sonrakı həyatla bağlı işlədilməsi uyğun ayədə işarə olunduğu kimi, insanların Məhşərin müxtəlif nöqtələrinə yayılması, yaxud da əməl dəftərlərinin paylanılacağı və açılacağı ilə əlaqədardır. Necə ki, “Təkvir” surəsinin 10-cu ayəsində belə buyurulur: وَإِذَا الصُّحُفُ نُشِرَتْ “Əməl dəftərlərinin yayılacağı (açılacağı) zaman!” Diqqəti cəlb edən odur ki, bəzi rəvayətlərə görə, Allah-Taala Qiyamətdə ərşin altından xüsusi bir yağış yağdırar. Yağış yerə düşdükdə, ölülərin cəsədləri cana gəlib dirilər, bitkilər tək canlanar, onlara ruh verilər, sonra yer yarılar və onlar yerin altından baş qaldırar. (Sanki yer onlar üçün ana bətni imiş.) (“Ruhul-bəyan”, c.7, səh.323.) Başqa bir hədisdə oxuyuruq ki, bir şəxs Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib soruşdu: “Allah ölüləri necə dirildəcək?” Həzrət buyurdu: “Heç quru, susuz və otsuz bir yerdən keçibsənmi? Növbəti dəfə həmin yerdən keçdikdə, oranın yamyaşıl olduğunu görübsənmi?!” Həmin şəxs “Bəli, görmüşəm!” – deyə cavab verdikdə, Həzrət buyurdu: “Allah ölüləri eynilə belə dirildəcək.” Yaxud da Həzrət belə buyurdu: “Nüşur (insanların Məhşər səhrasının müxtəlif nöqtələrinə yayılması) elə budur!” (“Ruhul-bəyan”, c.7, səh.323; “Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, c.5, səh.40-41.) Maide.az Oxşar xəbərlər
|