Ölü toplum nə zaman dirilər...
Bismilləhir-Rahmənir-Rahim!
Mübarək İslam dini insanı ictimai bir varlıq olaraq mövqeləndirir. Bu status, fərddən həm özü ilə bağlı, həm də ətrafı ilə bağlı müəyyən yanaşmaları labüd edir. Bunların arasında özünütəftişdən və özünüqurmaqdan tutmuş, nəfsin islahı institutuna aid olan kateqoriyalarla yanaşı, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyədək ictimai münasibətləri tənzimləyən fenomenlər vardır. Səadətdə yaşamağın sadə yolu Bugünkü bəhsimizdə biz əmr-be-məruf və nəhy-əz-münkər terminləri ilə topluma tanış olan və mənası yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə olan dini vacibatlara toxunacağıq. Bunların əhəmiyyətini vurğulayan hədisdə, əziz Peyğəmbərimizdən (s) nəql olunur: «Nə qədər ki, mənim ümmətim əmr-be-məruf və nəhy-əz-münkər edib, yaxşı və təqvalı işlərdə əlbir olsa – səadətdə və xoşbəxtlikdə yaşayacaqdır. Amma, əgər bu işləri tərk etsələr, xeyir-bərəkət aralarından gedəcəkdir». Əziz Peyğəmbərimiz (s) bizə səadətdə olub və səadətdə yaşamağın çox sadə yolunu göstərir - əmr-be-məruf və nəhy-əz-münkər. Nədir əmr-be-məruf və nəhy-əz-münkər? Bu, insanı ibtidai varlıqlardan ayıran bir şeydir. Əgər insan əmr-be-məruf və nəhy-əz-münkər etməsə, o, primitiv bioloji varlığa çevrilir. İnsanla başqa varlıqların arasında əsas fərq – əmr-be-məruf və nəhy-əz-münkər kimi əməllərlədir. Yəni, bundadır ki, digər insanları pis şeylərdən çəkindirsin və yaxşıya tərəf yönəltsin. Əgər insan bunu etməsə, onun itidai varlıqlarla heç bir fərqi yoxdur. Əgər insanlar yaxşılığa, gözəlliyə, düzgünlüyə, həqiqətə dəvəti, əmr-be-mərufu dayandırsalar və pislikdən, eybəcərliklərdən çəkindirməsələr, nəhy-əz-münkər etməsələr – o toplum ölü olar, o toplumda bərəkət olmaz və o toplumda vücudi bir şey olmaz! Belə toplum yaşayar, o toplum evindən bayıra çıxar, avtobusa minər, hərəkət edər, yemək yeyər, su içər, amma o toplum insani toplum olmaz! İnsan olmaq üçün, bərəkətli, vücudi bir həyat yaşamaq üçün insan gərək əmr-be-mərufu və nəhy-əz-münkəri unutmasın. Əmr-be-mərufsuz və nəhy-əz-münkərsiz din yoxdur. İnsanları gözəlliyə, yaxşılığa, düzgünlüyə dəvət etmək – onları eybəcərlikdən, alçaqlıqdan, rəzillikdən uzaqlaşdırmaq deməkdir. Bura bağlanası yer deyil Əlbəttə, bu, asan deyil, buna görə insana heç də həmişə «çox sağ ol» demirlər, buna görə insana heç də həmişə «əla» demirlər. Amma, insan bu dünyada kimlərinsə «çox sağ ol»una, kimlərinsə «əla» deməyinə görə yaşamır. Əgər istəyir ki, pimitiv varlıq olmasın, bu cür olmamalıdır. Əgər həşərat olmaq istəyirsə, onda heç. Bu gün dünya deyir: «kamil insan», bu gün dünya deyir: «vətəndaş». On dörd əsr bundan öncə Peyğəmbərimiz (s) insanlara İslam məntiqi, İlahi məntiqi öyrədib, deyib: «ölü olma, diri ol!». Yəni, insanları pislikdən çəkindir, yalandan, qeybətdən, alçaqlıqdan, eybəcərlikdən çəkindir. İnsanları gözəlliyə dəvət et, Allaha tərəf dəvət et, namaza dəvət et, insanlığa dəvət et, mərdliyə dəvət et. Toplum o zaman səadətə çata bilər ki, insanlar bunu etsin. Etməsə, məhv olacaq. Bunun ən parlaq nümunəsi kimi İmam Hüseynin (ə) hərəkatını görürük. Təbərrük üçün “Ərbəin” ziyarətindən bir cümləyə işarə edək. Deyilir: “O, /İmam Hüseyn (ə) nəzərdə tutulur/ öz ürəyinin qanını Sənin yolunda /yəni, Allahın/ verdi ki, ta Sənin bəndələrin (yəni bizlər, insanlar) nadanlıq və zəlalətin heyrətindən nicat tapsın”. İmam Hüseyn (ə) öz ürəyinin qanını Allah yolunda fəda etdi ona görə ki, toplumu xilas etmək lazım idi. İmam Hüseyn (ə) gördü ki, toplumu yaşadan dəyərlər toplumda məhv olur. Dəyərlərin aradan getməsini görüb, öz ürəyinin qanını Allah yolunda fəda etdi. Niyə? Ona görə ki, bəndələr nadanlıqdan, cahillikdən, zəlalətdən, yolu azmaqdan ayılsınlar. Yəni, başa düşsünlər ki, dünya yapışılası yer deyil! Deyir, bura bağlanası yer olsa idi, mən Hüseyn bağlanardım buraya! Bura bağlanası yer olsa idi, mənim atam Əli (ə), qardaşım Həsən (ə), anam Fatimeyi-Zəhra (s.ə.), cəddim Rəsulallah (s) bağlanardı buraya! Rəsulallaha (s) deyirdilər Məkkə müşrikləri: Sənə nə lazımdır? Nə istəyirsən? Ona deyirdilər ki, nə istəyirsən verək, amma, demə «Lə iləhə illəllah»! Bunlar elə bilirdilər Rəsulallah (s) da bunlar kimi maddi nemətlər istəyir, hakimiyyət istəyir və bu cür şeylər istəyir. Bədbəxt insanlar! Bunlar başa düşmürdülər Rəsulallah (s) nə istəyir! Deyirlər bircə «Lə iləhə illəllah» demə. Niyə? Çünki, «Lə iləhə illəllah» deyəndə bütlər sınır, dağılır. Niyə? Bu sözün dalında o durur ki, mərd ol! «Lə iləhə illəllah» anlayan, harada yaşasa – insandır. İnsan olmayan yerə də atasan, yenə də insan olaraq qalacaq. Bir günlük həyatı da qalsa, bu bir günü də çalışar mənalı yaşasın «Lə iləhə illəllah»ı anlayan! Amma, bunu başa düşmək və yaşamaq gərək. İmam Hüseyn (ə) ürəyinin qanını ona görə hədiyyə etdi ki, insanlar aldanmasın bu dünyaya. Bu dünya bağlanası dünya deyil. Bu dünya dəyməz ona ki, bağlanasan. Bu dünya müvəqqəti dünyadır. Burada elə yaşamaq lazımdır ki, vəzifəni yerinə yetirəsən. Məsuliyyətini dərk et, boynuna düşən vəzifəni et – qalanı Allahlıqdır. Bu dünya onun üçündür ki, bilinsin – sənə verilən möhlətdə nə edəcəksən, necə yaşayacaqsan, gedəndə rəhmət aparcaqsan, ya yox. Bu yol yaşanıb. Keçən əsrdə də, iniş əsrdə də möminlər yaşadıblar bu yolu, on dörd əsrdir ki, yaşanır. Ola bilər müvəqqəti buludlar Günəşin qabağını alsın, amma bunlar hamısı müvəqqəti məsələlərdir. Hələlik dünya İnsanın bu həyatda yaşayışının müvəqqətiliyi və bu dünyanın imtahan yeri olması mövzusuna toxunarkən, bu imtahanın nəticələrinin bəlli olduğu zaman barədə, Qiyamət günü barədə xüsusi qeyd etmək gərəkdir. Qurani-Kərimdə Qiyamət və onunla bağlı səhnələr və mövzular, insan üçün vəd olunmuş gün kimi təqdim olunur. Quran-Kərimin “Muminun” surəsinin 115-ci ayəsində Allah Təala buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?!”. Qiyamət günü bir bənzərsiz gündür ki, Allah Təala bütün insanları – imanlı insanları da, imansızları da, gözəl əxlaqı olan insanları da, pis əxlaqlıları da, abırlı insanları da, abırsızları da, ədalətli insanları da, zülmkarları da – qısası, bütün insanları cavab vermək üçün dirildəcək. Demək, bütün insanlar ki, dünyaya gəliblər və dünyadan gediblər və hal-hazırda vardılar və Qiyamətə qədər gələcəklər, gedəcəklər, bütün yaranıb sonra ölənlərin hamısı diriləcək və öz əməllərinə görə cavab verəcəklər. Imam Səccaddan (ə) nəql edirlər: “Ey Adəm övladı! Bil ki, bu günün arxasınca daha böyük, daha qorxulu və qəlblər üçün daha ağrılı gün gələcək. Həmin gün – Qiyamət günüdür. Həmin gün insanlar bir yerə toplanacaq və həmin gün hamı olacaq. Belə bir gündə Allah Təala yaratdığı ilk və son məxluqu bir yerə yığacaq”. Gözəl, yaxşı, pak əməllərə görə savab, mükafat veriləcək. Eybəcər, çirkin əməllərə görə isə cəza veriləcəkdir. Qiyamət günü bir gündür ki, adamın puluna, malına, dərəcəsinə, tituluna, rənginə, elinə, obasına və başqa bu dünyada çox mühüm sayılan və dəyər kimi təqdim olunan məsələlərə heç bir əhəmiyyət verilməyəcək. İnsanın əməlinə baxacaqlar, insanı əməlinə görə qiymətləndirəcəklər və əməlinə görə də uyğun bir qiymət verib, göndərəcəklər. Çox acınacaqlı və çox faciəli bir durumdur, bir haldır ki, qəflət yuxusunda olan bəşər bir neçə günlük müvəqqəti yaşayışa bağlanıb, maddi və tez keçən, ötəri mövzularla öz başını qatıb, lakin, sabahkı gününü, mütləq hər bir insan üçün olası və müqəddəratı üçün taleyüklü bir günü – Qiyamət gününü unudur. Unudur bu günü insan! İnsan unudur burada müvəqqətiliyini. İnsan unudur ki, bir gün öləcək və bir gün qapısı döyüləcək və bir gün burada nə varsa, hamısını qoyub gedəcək. Müqəddəs Allah kəlamında bu haqda belə deyilir: «Bunlar bu müvəqqəti, hələlik dünyanı sevirlər və o çətin günü qulaq ardına vururlar». Bunlar deyəndə, kimdənsə kənar adamlardan söhbət getmir, hamımızdan, hər birimizdən söhbət gedir. Hamımız özümüzə bir sual verək: «görəsən, bu ayənin bizə aidiyyəti nə qədərdir?». Gerçəklik və ədalət günü Qiyamət gününün müxtəlif yönləri, cəhətləri, xüsusiyyətləri, əlamətləri var. O gün haqqında daha dolğun məlumat almaq üçün bir neçə yol var. Və bu yollardan biri budur ki, Allah kəlamında o günün malik olduğu adlar var. Misal üçün, o günə deyərlər, «yəvmul-hisab», yəni hesab günü, «yəvmud-din», yəni din günü. Din gününün mənası burada, əvəz günü kimi gedir. Bəli, Mütəal Allah, əslində əvəz gününün Sahibi mənasındadır. Hamı başa düşür hesab günü nədir. Nə yaxşıdır insan öz əməllərinin hesabını burada versin ki, daha o dünyaya gedəndə təəccüblənməsin ki, bəs vəziyyət belə pis imiş. Qiyamət günü haqqında bizdə bir sıra təsəvvürlər yaranır. Lakin, bu adlardan bəziləri də var ki, bunlar bir açıqlama istəyir, təfsiri baxımdan yanaşma istəyir. Və bunlardan biri də «Haqq günü» adıdır. Yəni, Qiyamət gününün adlarından biri də «haqq günü»dür. Misal üçün, ayədə gəlir ki, «o, bir haqq günüdür». «Haqq» sözü ərəb dilində müxtəlif mənalar daşıyır. Təfsirlər göstərir ki, adət üzrə haqq sözü, Məadla, Qiyamətlə bağlı gələndə, iki mənada işlənir. «Haqq» sözünün bir mənası – gerçəkliyə, reallığa uyğun deməkdir. Yəni, yalan olmayan və batil olmayan. Allah ki, Qiyamət gününə deyir «yəvmul-həqq», yəni deyir bu gün mütləq olacaq. Bu, real və gercək gündür. Bu bir mənası. Əgər haqq sözünün mənası bu mənanı özündə daşısa, bu, o deməkdir ki, «insanlar, ayılın, oyanın! Qiyamət günü haqq bir gündür və bu günün olması mütləq və mütləqdir!». Haqq sözünün başqa bir mənası da ədalət mənasındadır. Yəni, ədalət günüdür. Bir gündür ki, həmin gün heç kimə zülm edilməz və heç kimin haqqı aradan getməz. Yəni, Qiyamət günü bir gündür ki, o gün insanların hər biri öz haqqına çatacaq. Yaxşı insan öz mükafatına çatacaq, nanəcib insan da öz haqqına çatacaq. Bu, çox böyük və mühüm bir məsələdir. Qiyamət gününə inam varsa, insandan insan yetişə bilər. Əgər insanın Qiyamətə etiqadı varsa, nəsə çıxa bilər ortalığa. Qiyamətə etiqadı yoxdursa, çox çətindir. İnsan ola bilər desin ki, «bəli, var Yaradan. Amma ki, indi yaşayırıq, hər nə var – buradadır». Amma, ən mühüm məsələ budur ki, o tay var, yoxsa yox? Əgər, o tay yoxdursa, adam burada necə olsa yaşaya bilər?! Düzdür, əxlaqın bir dərəcəsi var ki, deyir əgər, o tay olmasa idi də, mən elə Allah deyən kimi yaşayardım. Çünki, bu yaşayış – ən üstün zirvədir. Bunu Həzrət Əli (ə) deyir. Və biz də deyirik Həzrət Əlini (ə) sevirik və Əliyə (ə) bənzəmək istəyirik, amma əməldə nə qədər real bacarırıq və ya bacarmırıq – bunu hərə özündə haqq-hesab etməlidir. Bu, başqa bir məsələdir. Allahın vədəsi haqdır! Beləliklə, peyğəmbərlər (ə) gəlirlər və deyirlər ki, «O tay var! Qiyamət günü var! Bir gün var ki, artıq həmin gün sorğu-sual olunacaqsan! Bir gün var ki, yaxşı əməllərinə yaxşı qiymət veriləcək, pis əməllərinə isə pis qiymət veriləcəkdir!». Allah Kitabının «Nəml» surəsinin 67-68-ci ayələrində kafirlərin dilindən deyilir: «Biz və ata-babalarımız çürüyüb torpaq olandan sonra, bizi qəbirdən necə çıxaracaqlar?». Bəs onlara da cavab verilir ki, «Bəs səni yaradan, necə yaradıb? Ölü idin, diriltdi. Bir dənə zərrədən səni xəlq etdi». Ayənin arxasında gəlir: «Bizə və atalarımıza bundan qabaq da belə sözlər demişdilər və bunlar qədim əfsanələrdən başqa bir şey deyil. Bu, bir sözdür, deyilib». Təəccüb olunan məsələ budur ki, “Sən necə danışırsan?”, “Sənə necə dil veriblər?”, “Necə olub dirilmisən?”, “Necə olub dünyaya gəlmisən?”, “Necə olub heçdən var olmusan?” - kimi sualları vermirlər özlərinə Qurani-Kərimin 10-cu surəsinin 53-cü ayəsində buyrulur: «Səndən «haqdırmı?» - deyə soruşarlar». Soruşacaqlar ki, Qiyamət haqdırmı? «De ki, bəli! Rəbbimə and olsun ki, haqdır və siz ondan qaça bilməzsiniz». Yəni, Qiyamət bir gündür ki, ondan qaçmaq yoxdur. Müqəddəs Kitabın 31-ci surəsinin 33-cü ayəsində buyrulur: «Şəkk-şübhəsiz Allahın vədəsi haqdır!». Deyilir: diqqətli olun! Dünya həyatı sizi məğrur etməsin, aldanmayasınız, qürurlanmayasınız, başınız buralara qatışmasın. Dünya çəkir, adam da elə bilir elə buralıqdır. Amma bir gün qapı döyülür və qurtarır məsələlər. Bəli, Qiyamət günü bir məsələdir ki, Quran deyir: «olacaq!». Olacaq! Və yüz faiz olacaq! Deyir aldanma, bu dünyaya aldanma, bu dünyaya aşiq olma. Bu dünya, aşiq olunası bir yer deyil. Yüzlərlə olub, milyonlarla olub, amma sən də oldun bir. Amma unutmayanlar barmaqla sayılası qədər olub… Bəlkə, biz də onların heç olmasa bir zərrəsi qədər olaq… Allahım! Bizləri Qiyamətin həqiqətlərini dərk edib, bu dərkə uyğun yaşayanlardan qərar ver! Amin! Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı Oxşar xəbərlər
|