Ərbəinin sevgi çatdırışları
Bismilləhir-Rahmənir-Rahim!
40 gündür ki, iman əhli Aşuranın yanğısını yaşayır. Və bundan 10 gün öncə də başlayaraq, nurani insanlar yetişdirən, şəxsiyyətli insanlar formalaşdıran bir əyyam yaşanır. Allah Təalanın xüsusi inayətilə bu günlər ərzində Aşuranın və Kərbəla məktəbinin mahiyyəti, fəlsəfəsiylə bağlı bir çox mövzularda bəhslər olub. Bəhslərlə yanaşı, bütün Hüseynsevərlər məkanı kimi, Vətənimizin də hər bir guşəsində anım mərasimləri, əzadarlıq tədbirləri keçirilib. Bu tədbirlərin mənəvi zənginliyi, nurani dolğunluğu xüsusi diqqət yetirilən mövzulardandır. Və bu sırada ən əsası – Aşuranın həqiqətlərini, Kərbəlanın dərslərini nəzəriyyədən əməl müstəvisinə keçirtmək, bu nurani dərsləri gündəlik həyatda yaşatmaq fürsətlərindən yararlanmaqdır. Məhərrəmlik dərsləri Ərbəindən 10 gün sonra səfər ayı da bitəcək. Hüseyn (ə) qeyrətini, Hüseyn (ə) mübarizəsini simvolizə edən əzadarlıq mərasimləri, insanın vücudi inkişafı üçün nurani fürsətlər yaradan əyyam, yavaş-yavaş arxada qalacaq. Və burada insanın özünə verdiyi suallar var: nə götürə bildi məhərrəm-səfər əyyamından? Nə halda çıxdı bu əyyamdan? Hansı vəziyyətdə bu əyyamı yola salır? Daxilində nə kimi dəyişikliklər baş verib? Nə kəşf edib bu dönəmdə özü üçün, nələri götürə bildi? Bu məktəbin hansı dərslərini öyrəndi? Və bu əyyam bitəndən sonra gündəlik qayğıların təsirləri ona bu dərsləri unutduracaqmı? Əyyamdan götürdüyü ibrətlər həyatına nə qədər təsir qoyur? Bu əyyam bitəndən sonra hərə öz həyatına bir cür davam edəcək. Bir qisim insanlar bu əyyam bitdikdən sonra, həyatlarını diametral surətdə dəyişirlər: gündəlik burulğan onları öz orbitinə çəkir və bir müddətdən sonra, artıq məhərrəmliyin onun ovqatında qoyduğu izlər tədricən silinir. Xoş olsun o insanların halına ki, bu əyyamda duyduqlarını, bu dönəmdə yaşadıqlarını, bu əyyamda əldə etdiklərini qoruyub saxlaya bilir, ilboyu bu haləti yaşada bilr. Bu əyyam insana çox məsələləri öyrədir. Amma mərkəzi xətt kimi, Kərbəla məktəbində bu dərs keçir: izzəti, ləyaqəti heç zaman, heç bir şəraitdə, heç bir kəsə, heç bir məsələyə görə güzəştə getməmək. Əyyam insana hər zaman, hər şəraitdə və hər vəziyyətdə izzəti qorumaq dərsini keçir. İmam Hüseyn (ə) buna görə şəhid olub: razı olmayıb o Həzrət (ə) öz izzətini, ləyaqətini heç bir şeyə, o cümlədən, həyatına da belə dəyişməyə. Bu əyyam insana Aşura məktəbinin müxtəlif çalarlarını, müxtəlif fraqmentlərini öyrədir. İmam Hüseynin (ə) uğrunda vuruşduğu dəyərlər; Əba Əbdillahın (ə) ən ağır vəziyyətlərdə səbirlilik, təvəkkül, iman, şücaət nümayiş etdirməsi; düşmənə qarşı da belə, rəhimli və şəfqətli olması; hər an Allahla qırılmaz rabitədə olmaq durumu və saysız-hesabsız digər dərslər var burada. Yaxud Xanım Zeynəbin (s.ə) o müsibətli Aşuradan sonrakı misilsiz ağır imtahanlardan ən yüksək səviyyədə çıxması kimi dərslər var burada. Və bu dərslər nəzəri səciyyəli qalmamalıdır, insanın gündəlik həyatında öz real əksini tapmalıdır. Ərbəin günü Ərbəin günü. İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə şəhid olmalarından 40 gün ötür. Ərbəin günü – bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - «ərbəin» günü, hicrətin 61-ci ili səfər ayının 20-də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir. Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: «Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: «Əlimi pak qəbrin üzərinə qoy» (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: «Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!» dedi». Ərbəinlə bağlı cənab Cabir Ənsari – Peyğəmbərimizin (ə) qocaman səhabəsi ki, Ərbəin günündə İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət etdi – bir mühüm nöqtəni vurğulamışdır. Cənab Cabir Ənsari o kəsdir ki, əziz Peyğəmbərin (ə) insan yetişdirən bağının ən nəcib meyvələrindən hesab edilir. Bəli, həmin bu cənab Cabir, Ərbəin günü Kərbəlanın əziz şəhidlərinə salam verdikdən sonra, bu sözləri deyir: “Biz də sizin daxil olduğunuz (aid olduğunuz, etdiyiniz) işə şərik idik”. Cabir Ənsarini müşayiət edən, bu qocaman səhabəyə yolda yardımçı olan həmin Ətiyyə adlı mömin insan xatırlayır: “Ona dedim: “Ey Cabir! Biz əziyyət çəkmədik, qılınc vurmadıq! Bu insanların başları bədənlərindən ayrılıb, ailələri tənha qalıb, uşaqları yetim qalmışdır. Necə ola bilər ki, biz əcrdə, savabda onlarla şərik olaq?”. Cənab Cabir cavabında buyurur: “Ətiyyə! Mən öz iki qulağımla Allahın Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Hər kim bir camaatın əməlini sevsə, o əməlin savabında onlarla şərikdir”. Sonra dedi: “Ey Ətiyyə! Rəsulullah (s) buyurdu: “Mənim də əshabımın niyyəti – Hüseynin (ə) və əshabının həmin niyyətidir””. “Mən gözəllikdən başqa bir şey görmədim” Sevmək. Nifrət etmək. Aşura başdan-başa sevgidən və nifrətdən bəhs edir. Aşurada hər şey İlahi məhəbbətdən və Allaha xatir olan nifrətdən, eybəcərliyə nifrətdən yoğrulub. Bu gün biriləri tapılır ki, sevgi kimi, məhəbbət kimi duyğulardan öz çirkin, fəsad planlarını irəli aparmaq üçün istifadə edir. Biriləri tapılır ki, məhəbbət kimi ülvi hissi o dərəcədə bayağı və primitiv edir ki, hətta bunun üçün təqvimdə günlər də uydurur – öz mənfiliklə dolu əməllərini yaşatmaq üçün. Amma bir günlər var ki, başdan-başa həqiqi sevgini simvolizə edir. İnsanlara həqiqi sevgini öyrədən bir günlər, Allah xatirinə nifrətin nə olduğunu da çatdırır. Aşura – bu günlərdəndir. Ərbəin – bu günlərdəndir. Həzrət Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) mübarək vücudi çeşməsindən su içmiş cənab Cabir, Ərbəin günü bir daha bu dərsi keçir. Ərbəinlə bağlı yaşanan mövzularda bu, həmin dəst-xəttin davamıdır ki, Xanım Zeynəb (s.ə.) Aşura sonrası müsibətlərlə əlaqədar düşmən ona mənəvi dağ çəkmək istədikdə, “Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim” deyərək, gözəllik və eybəcərliyin həqiqətdə nə olduğu barədə bəşəriyyətə dərs keçmişdi. Bütün bu ağrılara, olmazın məşəqqətlərə, müsibətlərə gözəllik adı verir. Çünki, Allah üçündür. Həqiqi Gözəlliyin yolunda olduğu üçün, özü də gözəldir. Bunlar bir kəslərdir ki, insan duyğularının ən ali dərəcələrindən dərs verirlər. Kimi və nəyi sevirsənsə, onunlasan Əsrlər keçəcək. Bəşəriyyət nə qədər irəli getsə də, bu dərslər köhnəlməyəcək. Əksinə, Aşuradan gözəllik və eybəcərliyin nə olması barədə dərs götürmək daha da təravətlənəcək. Aşura bizə öyrətdi və Ərbəin bir daha bu dərsi xatırlatdı: “Kimi və nəyi sevirsənsə, onunlasan”. Kimi sevirik biz? Nələrə məhəbbətimiz var? İstəyirsənsə biləsən kiminləsən – bax gör nəyi sevirsən. İstəyirsən biləsən dəyərin nədir – bax gör məhəbbətin nəyədir. Kimi sevdiyinə və nəyə bağlı olduğuna nəzər yetir. Kimin adı gələndə halının dəyişdiyinə diqqət et. Beləliklə, kimliyin müəyyənləşər. Allahı xatırladan kateqoriyalara, kamala aparan şeylərə vurğunsansa – xoş halına. İnsanın qəlbi nələrlə döyünürsə – insan elə odur. Ərbəin bizə öyrədir ki, sevgini, məhəbbətini mütəmadi olaraq təftiş et. Bununla bilərsən özünün intibaha, yaxud tənəzzülə yönəlməyini. Bununla bilərsən hansı yoldasan. Rəsuli-Əkrəm (s) buyurur: “İnsan, sevdiyi kəslə bir yerdədir”. Kimi sevirsənsə – onunlasan. Müqəddəs simaları, Həzrət Peyğəmbəri (s), Əhli-Beyti (ə) sevirsənsə – onlarlasan. İmam Hüseynin (ə), Əbülfəzl Abbasın (ə), Rüqəyyənin, Xanım Zeynəbin (s.ə), Əli Əkbər ağanın, 6 aylıq şəhid Əli Əsğərin adı gələndə qəlbin titrəyirsə – onlarlasan. İnsan gərək sevdiklərini də, nifrət etdiklərini də sıralasın. Və baxsın. Təftiş etsin. Nə alınacaqsa, onunla biləcək həm durumunu, həm dəyərini. Məhəbbəti nəyədirsə, dəyəri də odur. İnsanın məhəbbəti nəyədir – ünvanı da oralardır. Məhəbbəti insanlığa, ədalətə, mərhəmətə, əqlə, zəkaya, şücaətə, namusa, qeyrətə, izzətə, həyaya, iffətədirsə – bu keyfiyyətlər onun üçün kamaldır. Və deməli, bu keyfiyyətləri daşıyan nə qədər kamil daşıyırsa, özündə bu cəhətləri nə qədər çox təcəsüm edirsə – deməli həmin insan onun üçün daha dəyərli, daha önəmli, daha əzizdir. Əgər insanın məhəbbəti pula, hakimiyyətə, mənsəbə, şöhrətə, vəzifəyədirsə – deməli, bunun daşıyıcılığı nə qədər çoxdursa, həmin şəxs onun üçün o qədər önəmli və əhəmiyyətlidir. İmam Muhəmməd Baqirin (ə) bu mövzuda çox ayıldıcı bir buyuruşu var. İnsanı silkələyən bir buyuruşdur. Buyurur: “And olsun Allaha! Allah tərəfindən bizə bəraət yoxdur, Allahla bizim aramızda qohumluq yoxdur. Bizim Allaha qarşı bir höccətimiz yoxdur və itaətdən başqa Allaha heç bir digər vasitə ilə yaxınlaşmırıq. Buna görə sizlərdən kim Allaha itaət edərsə, bizim imamətimizin ona xeyri olar. Və kim Allahın itaətindən boyun qaçırarsa, imamətimizin ona xeyri olmaz. Vay olsun sizlərə, aldanmayın. Vay olsun sizlərə, aldanmayın!”. Çox ciddi xəbərdarlıq edir İmam (ə). Allaha itaətlə şərtləndirir imamətə bağlılığı. Buyurur ki, insan Allaha itaət etməsə, onun İmam Hüseynə (ə) göz yaşı axıtmasının xeyri olmaz. Həqiqi göz yaşları o zaman olur ki, insan Allah Təalaya bəndəlik etmək eşqində bulunsun. Allahın buyurduqlarına sayğı ilə yanaşsın. Məhəbbətin verdiyi nicat İnsanın qəlbində sevgi qərarlaşarsa, aqibəti xeyir olar. Həzrət Əlidən (ə) nəql edilən hədisdə həqiqi məhəbbətin müqabilində nicat tapmaqla bağlı nurani bir müjdə var. Bir gün günorta vaxtı İmam Əlinin (ə) səhabələrindən olan Haris Həmədani gəlir o Həzrətin (ə) yanına. Həzrət (ə) soruşur: “Səni buraya nə gətirmişdir?”. Haris deyir: “And olsun Allaha! Məni bura sənə olan məhəbbət yetirmişdir”. Əmirəlmöminin (ə) buyurur: “Əgər doğru deyirsənsə, məni 3 yerdə mütləq görəcəksən: ruhun bədənindən çıxan zaman; Sirat körpüsündə və Kövsər hovuzunun kənarında”. İstəyiriksə bu mübarək aqibətlə üzləşək – gərək həqiqi məhəbbət olsun qəlbimizdə. Həqiqi məhəbbətin cövhərində isə Allaha bəndəlik durur. Sevən insanın bu sevgiyə uyğun əməli olmalıdır. Allah Təalanın məhəbbəti necə əldə olunar? İmanın ləzzəti insan tərəfindən nə zaman dadılar? Peyğəmbərimiz (s) öz səhabələrindən birinə buyurur: “Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə. Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et. Çünki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mümkün deyil”. İnsan istəyirsə Allahın məhəbbətini qazansın, Rəsuli-Əkrəmin (ə) bu mübarək buyuruşuna əməl etməlidir. Dostu-düşməni, məhəbbəti-nifrəti Allaha görə olmalıdır. Mübarək hədisin davamında Peyğəmbərimiz (ə) buyurur: “İnsan belə etməsə, nə qədər çox namaz qılıb, oruc tutsa da – imanın ləzzətini dada bilməz”. İnsan duyğularını və rəftarlarını Allaha xatir tənzimləyə bilsə, nəinki təkcə namazlarının və oruclarının əhəmiyyəti böyük olar, o, imanın ləzzətinin nə olduğunu dərk edə bilər. İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə isə kimin daha üstün olması məsələsinə aydınlıq gətirilir. Buyurulur: “İki mömin bir-biriləri ilə görüşəndə, onlardan hansı mömin qardaşına daha çox məhəbbət bəsləyirsə – daha üstündür”. Gördüyümüz kimi, meyar yenə də məhəbbətdir. Allaha xatir Onun bəndəsinə məhəbbət bəsləyən, mübarək dinimizin nəzərində daha üstün dərəcəyə malikdir. İnsanlararası münasibətlərin mürəkkəbliyi barədə minbir kitab yazılıb və münasibətlərdə harmoniyaya nail olmaq barədə minbir tövsiyə verilib. Amma mübarək dinimiz çox sadə yerinə yetirilə bilən, amma effektivliyi baxımından misli görünməyən bir resept təqdim edir: yarışın xoş münasibətdə! Yarışın səmimiyyətdə və mehribanlıqda! Yarışın qarşılıqlı məhəbbətdə! Yarışın bir-birinizə sayğılı olmaqda! Və bu məhəbbət Allaha görə olsun. Yəni, insan Allaha nə qədər yaxındırsa, ona bəslənən məhəbbət də bir o qədər möhkəm olsun. İmanlılığın təsbitidir bu. Əslində, buna riayət olunsa, insanlararası münasibətdə bircə dənə problem qalmaz. İmam Cəfər Sadiqdən (ə) nəql edilən başqa bir hədisdə dostluq və düşmənçilik etməyin yeganə düzgün meyarı təqdim olunur: “Dinə xatir dostluq və düşmənçilik etməyənin dini yoxdur”. Dəyər əsasında olmalıdır insanın dostluğu və düşmənçiliyi. Həqiqi dəyər əsasında. İlahi dəyər əsasında. Bütün başqa meyarlar – batildir. Bütün başqa meyarlar insanı öz həqiqi missiyasına çatdırmır. Allahım! Bizləri bu mətləbləri dərk edərək, gündəlik həyatda tətbiq edənlərdən qərar ver! Amin! Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof Oxşar xəbərlər
|