Niyə insan əvvəl özünə dua etməlidir?
Ayətullah Müctəba Tehrani əxlaq dərsində buyurmuşdur: “Bəhsimiz duadır. Mübarək Ramazan ayında ən fəzilətli əməllərdən biri - İlahi kəlamları tilavət etmək və o birisi də duadır. Duanı məsur və qeyri-məsur kimi hissələrə bölmək olar.
Məsur dualar o dualardır ki, Məsumlardan (ə) bizə çatmışdır. Onlar da müvəqqəti və qeyri-müvəqqəti olur. Xüsusi zaman və məkandan deyilməlidir. Biz məsur dualarda və hətta Quran ayələrində görürük ki, dua edən şəxs əvvəl özü üçün dua edir və sonra başqalarına dua edir. Məsələn “İbrahim” surəsinin 41-ci ayəsində əvvəl özü üçün dua edir və sonra da başqaları üçün. “Nuh” surəsinin 28-ci ayəsində isə buyurur: “Pərvərdigara! Məni, ata-anamı və mənim evimə mömin olaraq daxil olanı, mömin kişiləri, mömin qadınları bağışla və zülmkarların ancaq həlakətini artır”. Ya da “Səhifeyi-səccadiyə”nin 24-cü səhifəsində İmam Səccad (ə) gözəl dua edir ki, orada da əvvəl özü haqqında dua edir və sonra da başqaları haqqında. Onu qeyd etmək lazımdır ki, hər bir duada özünü əvvəl zikr etmək mütləq deyildir. Yəni həmişə belə olmur. Çünki insan Allahdan müxtəlif şeylər istəyir. Əgər insan istəyirsə duası qəbul olsun, əvvəl özünü günahlardan pak etməlidir və sonra dua etməlidir. Xüsusilə də Qədr gecələrində əvvəl salavat deyin, sonra tövbə edin və yenə salavat deyin və nəhayət hacətinizi istəyin. Əvvəl özünüzü günahdan təmizləyin, bağışlanma istəyin ki, Allah günahlarınızı bağışlasın. Bu bağışlanmış halla duanın qəbul olması ehtimalı daha çoxdur. Quran ayələrinə nəzər salanda görmək olur ki, insan əvvəl özü üçün bağışlanma istəməli və sonra başqalarının sorağına getməlidir. Başqaları içində ailən ilk növbədə olmalıdır. Ailən, övladların və qohumların. “İbrahim” surəsində görürük ki: “Həmd, tamamilə, qoca vaxtımda mənə İsmayıl və İshaqı əta edən Allaha məxsusdur. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir”. “ Pərvərdiagara! Məni də nəslimdən olanları da namaz qılan et! Pərvərdigara! Mənim duamı qəbul et”. (“İbrahim” 39-40). “Bəqərə” surəsində isə Həzrət İbrahimin dili ilə eşidirik: “Və (yadına sal ki,) İbrahim ilə İsmayıl birlikdə beytin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Pərvərdigara! Bizdən qəbul et! Doğrudan da Sən eşidən və bilənsən”, - deyirdilər”. “Pərvərdigara! Bizi Sənin əmrinə itaət edən (bəndələrindən) et, bizim nəslimizdən Sənin itaətində olan bir ümmət qərar ver, həcc ibadətimizin tərzini bizə göstər və bizə mərhəmət et! Həqiqətən, tövbələri qəbul edən (mərhəmət edən) və mehriban Sənsən”. (“Bəqərə” 127-128). Gördüyümüz kimi, peyğəmbərlər (ə) dua zamanı özlərinə, övladlarına və qohumlarına dua edirdilər. İnsanın əsil mirası mal deyil, övladıdır. Çünki öldüyümüz zaman mallarımızdan tamamilə əlimiz kəsilir. Rəhbərlik də bu cürdür. Ölüm gələn kimi bütün bunlar da bitərlər. İnsanın dünya ilə tək rabitəsi övladı ilə olur və əgər övladı varsa, həqiqi mirası vardır deməkdir. Əgər övlad saleh əməl sahibidirsə, səmərəsi sənə də çatar. Çünki əməli sənin tərbiyəndən asılıdır. Sənin tərbiyənin məhsuludur. Ancaq əgər pis əməl sahibidirsə, yenə də səninlə bağlı olar. Ata və ana da bu cürdür. Onlar da insanın dünya ilə olan bağlarıdır. Ona görə də bu rabitələr başqa rabitələrdən daha güclüdür. Onların faydası sənə çatdığı üçün onlara da dua etməlisən. Ümmi Sələmə nəql edir: “Həzrət Peyğəmbər (s) mənim yanımda idi. İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) dalınca göndərir və sonra əbanı götürüb, onların üzərinə atır və buyurur: “Allahım, bunlar mənim Əhli-Beytimdir. Çirkinliyi onlardan uzaq et və onları pak et”". Başqa bir hədisi ibni Abbas Əsma binti Əmisdən nəql edir: “Görürdüm ki, Peyğəmbəri-Əkrəm (s) hər ikisi, yəni Əli (ə) ilə Fatimə (s.ə) üşün xüsusi dua edərdi”. Deməli duada ardıcıllıq belə olur: əvvəl özü üçün, sonra övladları üçün, ata və anası üçün, qohumları üçün, ona bağlı olan insanlar üçün dua etməlisən. Bəli, bu deyilənlər məsur dua haqqındadır. Bu dualarda həm dua var, həm də dəvət vardır. Peyğəmbər (s) də belə edərdi. Həm dəvət edər və həm də dua edərdi. Bütün İlahi övliyalar da bu üslubu davam etdirmişdilər. İmam Hüseyn (ə) də həm dua edər və həm də dəvət edərdi. Həmin insanın məzhəbinə belə baxmazdı. Zəhir Osman nəql edir ki, “Həccim qurtarmışdı və evə qayıdırdım. Yolda çalışırdım ki, İmam Hüseynlə (ə) rastlaşmayım. O yerdə ki, xeyməsini qurardı, oradan uzaqlaşardım. Ancaq bir yerdə məcbur olduq ki, bir yerdə xeymə quraq”. Zəhir ərəblərin görkəmli şəxsiyyətlərindən olmuşdur. Ailəsi, xidmətçiləri onunla bir yerdə idilər. Hədisi nəql edən yazır ki, o və ailəsi xeyməsində oturmuşdu. Mən də yemək yeyirdim, gördüm ki, bir nəfər gəlir və Zəhirə deyir: “Ya Zəhir, Əba Abdullah (ə) səni dəvət edir”. Hədisi yazan nəql edir: “Biz o qədər susmuşduq ki, sanki başımızın üstündə quş oturmuşdu və başımızı aşağı salmışdıq. Bu sakitliyi Zəhirin arvadı pozur. Deyir: “Sübhənallah! Peyğəmbərin (s) övladı səni dəvət edir, sən qalxmırsan ki, gedəsən?! Get gör nə deyir? Sözlərinə qulaq as və qayıt”. Zəhir də İmam Hüseynin (ə) xeyməsinə gedir və onların arasında olan söhbət tarixdə aydın şəkildə verilməmişdir. Ancaq onu nəql edirlər ki, Zəhir İmam Hüseynin (ə) xeyməsindən çıxanda başqa bir insan olur. Üzündə nur əmələ gəlmişdi. Öz xeyməsinə çatanda orada olanlara deyir ki, hamısı getsinlər. Deyir: “Sizinlə heç bir işim yoxdur.” Soruşurlar ki, nə olmuşdur? Cavab verir: “Qərara almışıq ki, Hüseynlə (ə) olaq. Mən ondan ayrılmayacağam”. Bəli, görün bu dəvət necə nəticə qoymuşdur. Hətta arvadına belə deyir ki, getsin. Arvadı isə cavabında ona deyir: “Mən hara gedim? Mən ki, sənin səadətinin mənbəyi olmuşam. Qiyamət günü Peyğəmbərin (s) yanında necə başıuca gəzəcəksən?!”. Ya Əba Abdullah! Bizə də nəzər sal! Bizim bir çox dünya və axirət çətinliklərimiz vardır. Zəhirə etdiyin o nəzəri bizə də et. Ya Hüseyn! Bizim bu topluma da nəzər sal! Aşuranın günorta vaxtı idi. Döyüş səhnəsi qurtarmışdı. Zəhirin arvadı xitmətçisi ilə gəlmişdi. Xidmətçisinə kəfəni verir və deyir ki, get ağanı dəfn et. Bu xidmətçi gedir, ancaq öz ağasını kəfənləməmiş qayıdır. Arvadı soruşur ki, niyə kəfənləmədin? Xidmətçisi cavab verir ki, ağamı necə kəfənləyim ki, Peyğəmbərin (s) övladının başsız bədəni kəfənsizdir... /Deyerler.org/ Oxşar xəbərlər
|