Qüdsi hədislə Qurani-Kərimin fərqi
Qüds sözü paklıq deməkdir. Hədis əgər Allah Təalanın pak zatına nisbət verilərsə, qüdsi hədis olar. Qüdsi hədis o hədislərdir ki, Həzrət Peyğəmbər (s) Allahdan hekayət edər. Sözlərində möcüzə olmaz. Halbuki, Quran xüsusi sözlərlə nazil olmuşdur və başqaları onun kimisini gətirməkdə acizdir. Ona görə də deyə bilərik ki, Qüdsi hədislər Quran kimi deyildir, bəlkə Cəbrayılın (ə) vasitəsilə və ya ilham vasitəsilə Həzrət Peyğəmbərə (s) nazil olmuşdur. Quran ayələrinin möcüzəvi xarakteri vardır, lakin Qüdsi hədislərin deyil. Quran da, hədis də bir mənbədən qaynaqlanar. Bu fərqlə ki, Qüdsi hədislər risalətin möcüzəsi deyildir. Lakin Quran möcüzədir və risalətin sənədidir. Həzrət Peyğəmbər (s) də onu təbliğ etməyə vəzifələndirilmişdir. Bundan başqa, Quran təhrif edilməyən, dəyişdirilməmiş bir səma kitabıdır. İslam dininin rəsmi kitabıdır. Halbuki, Qüdsi hədislər belə deyildir. Onların bəzisinin Həzrət Peyğəmbərə (s) nisbət verilməsi qəti deyildir. Quran ayələrini oxuyan zaman dəstəmaz almadan onun hərflərinə əl vurmaq olmaz. Əgər insanın əli nəcis olarsa, paklamalıdır. Lakin Qüdsi hədisdə belə deyildir. Əlbəttə ki, Allahın müqəddəs adı və başqa müqəddəs adlar istisna olunmaqla. Bəzilərinin nəzərinə görə, Həzrət Peyğəmbərin (s) nəql etdiyi Qüdsi hədislərin sayı 100-ə yaxındır. Əhli-beyt (ə) alimlərindən olan Şeyx Hürr Amuli Peyğəmbərdən (s) gələn Qüdsi hədisləri bir kitabda toplamışdır. Quranla Qüdsi hədisin fərqi: 1. Quran möcüzədir, Qüdsi hədis belə deyildir. 2. Quran təhrif olmaqdan məsumdur. Lakin Qüdsi hədis belə deyildir. 3. Qurana dəstəmazsız toxunmaq olmaz, lakin Qüdsi hədisə olar. 4. Qüdsi hədisi inkar edən kafir sayılmaz, lakin Quranı inkar edən sayılar. 5. Qüdsi hədisə əsaslanıb namaz qılmaq olmaz. Qüdsi hədislərin əksər hissəsi əxlaqi xarakter daşıyır. Bəziləri Qiyamət və Əhli-beytdən (ə) də bəhs edir. Lakin əksər hissəsi məhz əxlaqi hədislərdir. Qüdsi hədislərdən birini bəyan edək: “Qəzəbim ağırdır o kəsə ki, Məndən başqa yavəri olmayan kəsə zülm edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|