Bəzi duaları Allah ürəyimizə salmışdır
Dua - ibadətdir. Duanın həqiqəti – Allah Təalaya diqqət etmək, Ondan rəhmət və inayət istəməkdir. Allah yaxındır və insanların səsini eşidər. Allah insanları Onu səsləməyə dəvət edir. Dua etməyənlərin aqibətindən də xəbər vermişdir. “Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. (“Bəqərə” 186). “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq - ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60). Duanın həqiqətinə baxan zaman görmək olur ki, “Ya Allah!” deməyin özü də duadur. Çünki, orada Allahı çağırmışıq. Lakin bəzən Allahı çağıran zaman Ondan hacətlərimizi də istəyirik. Əgər bu hacətimiz həqiqi olarsa və səmimi qəlbdən ediriksə, növbətçi forma daşımırsa – Allah həmin duanı qəbul edəcəyini vəd etmişdir. Lakin onun zamanından xəbər verməmişdir. Ona görə də əgər duanı ədəbi ilə etsək, mütləq yerinə yetəcəkdir. Ancaq ən yaxşı şəkildə və ən yaxşı zamanda. Təbiidir ki, biz başqa bir insandan bir şey istəyən zaman ehtiyaclı olduğumuzu və gücsüzlüyümüzü bəyan etmiş oluruq. Özümüzdə çatışmamazlıq hiss edərik və şəxsiyyətimiz zəiflələyər. Bizdə həqarət hissi yaranar və hər nə qədər istəyimizi təkrar edəriksə, həqarət hissi daha da davamlı olar. İnsan başqasından bir şey istəyən zaman özünü zəlil hiss edər. Bu, elə bir batini hissdir ki, hamıya aydındır və onu sözlərlə ifadə etmək olmur. Allah bizə hamıdan yaxındır və hətta şah damarımızdan belə daha yaxındır. Allah bizi hamıdan yaxşı tanıyır. Aydındır ki, Allahdan – istəmək başqa bir insandan istəməklə fərqlənər. Bizim Allaha etdiyimiz dua və ya hacət istəməyimiz, bir insandan istəməyimiz kimi deyildir. Eləcə də təşəkkür etməyimiz də o cür. Biz Allahın qarşısında olanda həqarət hiss etmirik, özümüzü xar görmürük. Əksinə izzəti-nəfsimizi gücləndirər və Onun qarşısında əyildiyimiz üçün fəxr edərik. İnsan başqa bir insandan bir şey istəyən zaman xoşhal olmaz və istəyər ki, belə olmasın. Lakin Allaha dua etmək belə deyildir. Hətta bəzi duaları O, özü bizim qəlbimizə salar. Allah etdiyimiz dualara görə bizim taleyimizi dəyişə bilər. Allaha dua etmək - əslində xeyir mənbəyinə qovuşmaq deməkdir. O, mütləq Həyy olduğu üçün, bizi da dirildər, canlandırar. Ona görə də Allahla rabitə qurmaq bizə şəfa verər və rahatladar. İnsanlardan bir şey istəyən zaman abrımız gedər. Əgər bizim istəyimizi qəbul etsə bir qədər özümüzü sakitləşdirərik. Lakin əgər qəbul etməzsə, ziyan çəkənlərdən olarıq. Ancaq Allahdan istəmək belə deyildir. Etdiyimiz ibadət həyatımıza bərəkət verər. Bizim yəqinimiz vardır ki, Allah hacətimizi ya bu dünyada, ya da axirətdə bizə verəcəkdir. İnsanlardan bir şey istəməyi Allah bəyənmir. Lakin bir neçə halda istisna vardır. Məsumlar (ə) buyurur: “Əgər mömin şəxs çətinliyini başqa bir möminə deyərsə, həqiqətdə Allaha demiş olar”. Bu mövzu elm axtarışında olanlara da aiddir. Belə ki, şagird elmini artırmaq üçün əgər müəlliminə sual verməyi həqarət hesab edirsə, səhv edir. Çünki Məsumlar (ə) buyurur ki, insan ən kiçik şeyi öyrənməyə görə belə, sual verməlidir. Şagird gərək müəllimin yanında təvazökar olsun və ondan elm öyrənməyi özünə həqarət hiss etməsin. Bəli, yaşadığımız Qurban bayramı dualarımızın qəbul olduğu və eşidildiyi zamanlardandır. Əgər bu fürsətdən ən yaxşı şəkildə istifadə etsək, Allah dualarımızı mütləq qəbul edəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|