Lövh hədisi
Həzrət Fatimənin (ə) Lövh hədisi çox mötəbər hədislərdəndir. Onun çox tutarlı sənədlərinə, fərqli qaynaqlarda çoxlu nəql olunmasına diqqət etməklə, şiə imamlarının imamət və xilafətinin isbatı mövzusunda xüsusi əhəmiyyətə malikdir.
Bu qüdsi-hədisdə Allahın Rəsulunun (s) canişinlərinin adlarının bir-bir sadalanaraq aydın şəkildə qeyd olunması, onu mərifət mövzusunda və din rəhbərlərinin tanınmasında üstün mövqedə saxlayır. İmam Hüseyn (ə) dünyaya gəldikdə, Allahın Rəsulu (s) bu ilahi kəlamı rəvayətin əvvəlində xüsusiyyətləri qeyd olunmuş lövhdə muştuluq və gözaydınlığı olaraq həzrət Zəhraya (ə) hədiyyə etdi. Rəsuli-əkrəmin (ə) və İmam Əlinin (ə) səhabəsi, İmam Hüseynin (ə) Kərbəlada qəbrinin ilk zəvvarı və ömrünün uzun olması səbəbindən İmam Məhəmməd Baqirin (ə) imamət zamanına kimi yaşamış Cabir ibn Abdullah Ənsari İmam Hüseynin (ə) dünyaya gəldiyi o şad gündə Fatimənin (ə) evinə getmiş və bu lövhdən bir nüsxə köçürmüşdür. İllər sonra İmam Məhəmməd Baqir (ə) ata-babaları tərəfindən ona çatmış lövhlə, Cabirin köçürdüyü nüsxəni üzləşdirmişdir. Beləliklə, bu qüdsi-hədisin etibarı daha da artmışdır. Bir çox qaynaqlarda gəlmiş Lövh hədisinin mətni aşağıdakı kimidir: İmam Sadiq (ə) buyurur: “Atam Cabir ibn Abdullah Ənsariyə dedi: - Səninlə bir işim var. Nə vaxt mümkün olar ki, səninlə təklikdə söhbət edim və o iş barədə səndən bir söz soruşum? Cabir dedi: - Hər nə vaxt istəsən. Bir gün atam xəlvətdə onunla söhbət etdi və Cabirə buyurdu: - Ey Cabir, Allahın Rəsulunun (s) qızı anam Fatimənin (ə) əlində gördüyün lövh və anamın sənə o lövh barədə dediklərini mənə xəbər ver. Cabir dedi: - Allahı şahid tuturam ki, Allahın Rəsulu (s) sağ ikən Hüseynin (ə) dünyaya gəlməsi münasibətilə gözaydınlığı vermək üçün anan Fatimənin (ə) xidmətinə getmişdim. Onun əlində yaşıl rəngli bir lövh gördüm. Onun zümrüddən olduğunu güman etdim. Lövhdə günəşin (parlaq) rənginə oxşayan ağ bir yazı gördüm. Ona dedim: - Ey Allahın Rəsulunun qızı, atam-anam sənə qurban, bu lövh nədir? Buyurdu: - Bu lövhü Allah-Təala Öz Rəsuluna hədiyyə etmişdir. Orada atamın, ərimin, iki oğlumun, övladlarımın vəsilərinin adları yazılıb. Atam muştuluq olaraq onu mənə vermişdir. Sonra anan Fatimə (ə) onu mənə verdi. Mən də onu oxudum və üzündən bir nüsxə yazdım. Atam ona dedi: - Ey Cabir, onu mənə göstərə bilərsənmi? Dedi: Bəli. Sonra atam Cabirlə birlikdə onun evinə getdi. Cabir nazik bir səhifə gətirdi. Atam dedi: - Ey Cabir, sən öz yazına bax, mən onu sənin üçün oxuyum. Cabir öz yazdığı nüsxəyə baxdı, atam onu Cabirə oxudu. Bir hərf də olsun, ziddiyyəti olmadı. Sonra Cabir dedi: - Allahı şahid tuturam ki, o lövhdə belə yazıldığını gördüm: Bismillahir-Rəhmanir-Rəhim Bu məktub yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən Onun peyğəmbəri, nuru, səfiri, vasitəçisi və dəlili Muhəmməd üçündür. Onu Aləmlərin Rəbbi tərəfindən Ruhul-əmin endirmişdir. Ey Muhəmməd! Mənim adlarımı uca tut, nemətlərimə şükür et və lütflərimi inkar etmə. Mən həqiqətən Allaham, Məndən başqa heç bir məbud yoxdur. Mən zülmkarları qıranam, hökuməti məzlumlara çatdıranam və cəza günü hökm verənəm. Mən həqiqətən Allaham, Məndən başqa heç bir məbud yoxdur. Hər kim Mənim fəzlimdən başqa bir şeyə ümid bağlasa, ya ədalətimdən başqa bir şeydən qorxsa, ona aləmlərdə olanlardan heç kəsə vermədiyim bir əzab verərəm. Buna görə də yalnız Mənə ibadət et və yalnız Mənə təvəkkül et. Mən elə bir peyğəmbər göndərməmişəm ki, onun dövrü bitsin və müddəti tamamlansın, ancaq onun üçün bir vəsi qərar verməyim. Mən səni bütün peyğəmbərlərdən və vəsilərini bütün vəsilərdən üstün tutmuşam. İki nəvən Həsən və Hüseynlə səni əziz tutdum. Həsəni atasının günləri keçdikdən sonra (ömrü sona çatdıqdan sonra) Öz elmimin mədəni, Hüseyni vəhyimin xəzinədarı etdim, şəhadətlə onu əziz tutdum və işinin sonunu səadətə çatdırdım. O, şəhidlərin ən üstünü və məqamı bütün şəhidlərin məqamından ucadır. Öz tam kəlməmi (maarif) onunla və aydın dəlilimi onun yanında qərar verdim. Onun itrəti səbəbi ilə savab və cəza verərəm. Onlardan birincisi abidlərin səvrəri, keçmiş övliyalarımın zinəti Əlidir. (Sonra) Onun bəyənilmiş cəddi ilə eyni adda olan oğlu Muhəmməd elmimi yarandır və hikmətimin mədənidir. (Sonra) Cəfərdir. Onun haqqında şəkk-şübhə edənlər həlak olacaqlar. Hər kim onu qəbul etməsə, Məni qəbul etməmişdir. Mənim söz və vədim yerinə yetəcəkdir. Cəfərin məqamını uca tutaram, onu dostları, ardıcılları və tərəfdarları arasında şad edərəm. Ondan sonra Musadır. (Onun dövründə) çox çətin və zülmət bir fitnə hər yeri bürüyəcək. Mənə itaətin vaciblik ipi qırılmaz və Mənim höccətim gizli qalmaz, övliyalarım dolu camla doyarlar (səadətə yetişərlər). Onlardan birini inkar edən kəs Mənim nemətimi inkar etmişdir. Kitabımdan bir ayəni dəyişdirən kəs Mənə iftira atmışdır. Bəndəm, dostum və seçdiyim Musanın müddətinin bitməsindən sonra dostum və yardımçım Əlini inkar edənlərə və onun barəsində yalan danışanlara vay olsun. Üzərinə dəfələrlə ağır nübüvvət yükünü qoyacağım və onları yerinə yetirmək səbəbilə imtahan edəcəyim kəsi çirkin və təkəbbürlü bir adam öldürəcək və saleh bəndənin inşa etdiyi şəhərdə, yaratdıqlarımın ən pisinin yanında dəfn olunacaq. Mənim əmr və vədim gerçəkləşəcəkdir. Onu oğlu, canişini və elminin varisi Muhəmməd ilə sevindirərəm. O, Mənim elmimin mədəni, sirrimin yeri və xalqa höccətimdir. Ona iman gətirən hər bəndənin yerini cənnət edərəm və şəfaətini ailəsindən cəhənnəmə layiq olan 70 nəfər barəsində qəbul edərəm. Onun işinin sonunu dostum, yardımçım, yaratdıqlarım arasında şahidim, vəhyimin əmanətdarı olan oğlu Əlinin vasitəsilə səadətə çatdıraram. Onun sülbündən Mənim yoluma dəvət edən və elmimin xəzinədarı Həsəni vücuda gətirərəm. Sonra bu sülaləni onun oğlu aləmlərə rəhmət olan Muhəmməd vasitəsilə təkmilləşdirəcəyəm. Onda Musanın kamalı, İsanın nuru və Əyyubun səbri vardır. Onun (qeyb zamanında) dostlarım zəlil vəziyyətə düşəcək, onların başları türk və deyləm başları hədiyyə olunduğu kimi hədiyyə ediləcək. Onlar öldürüləcək, yandırılacaq, dəhşət və qorxu içində olacaqlar. Yer onların qanına boyanacaq, qadınlarından şivən və müsibət səsləri eşidiləcək. Onlar Mənim həqiqi dostlarımdır. Onların vasitəsilə hər çətin və zülmət fitnəni aradan qaldıraram, onların bərəkəti ilə şübhə, bəla və zəncirləri götürərəm. Rəbb tərəfindən onlara salam və rəhmət vardır, hidayət olanlar məhz onlardır.” Əbdürrəhman ibn Salim deyir: “Əbu Bəsir dedi: Ömründə bundan başqa bir hədis eşitməmiş olsan, bu, sənin üçün bəsdir. Onu layiq olmayan adamlardan gizlin saxla.” Oxşar xəbərlər
|