İxlas və ixlaslı əməlin əhəmiyyəti
“İxlas” kəlməsi Qurani-Kərimdə təqribən 50 dəfə zikr olunur. O, paklığa, saflığa və hər şübhədən uzaq olmağa dəlalət edir. Saf bir şey heç bir şübhə və qarışığı olmayan bir şeydir. Necə ki, Uca Allah “Nəhl” surəsində buyurur: "Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər" (Nəhl, 66).
İxlas həyatın mənəvi və maddi tərəfi ilə bağlıdır. Buna görə də ixlasla saf həyat arasında birbaşa əlaqə qurmaq olar. İxlaslı və təmiz həyat Quranın tövsiyəsidir. Yəni insan Allaha ibadəti yalnız Onun üçün və Allaha yaxınlaşmaq üçün yerinə yetirməlidir. Hətta cənnətə çatmaq və ya cəhənnəm odundan və əzabından xilas olmaq üçün Allaha ibadət etməməlidir. İxlas məsələsinin əzəməti və əhəmiyyəti ilə bağlı bu kifayətdir ki, Qurani-Kərimin “Məryəm” surəsində böyük peyğəmbərlərin məqamı üçün ixlas məqamını təqdim etdiyini görürük: “Musanı da bu kitabda xatırla, çünki o, ixlaslı idi.O bir elçi və Peyğəmbər idi” (Məryəm, 51). Şeytan da Allahın qapısından qovulduqda Allaha and içdi ki, o, Allahın ixlaslı bəndələrindən başqa bütün bəndələrini azdırmağa çalışır. Çünki ixlaslıların Allahdan başqa heç bir məqsədi yoxdur. Ona görə də şeytan onları başqa bir işlə məşğul edə bilməz: "(İblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam. Yalnız Sənin ixlaslı bəndələrindən başqa!" (Sad, 82-83). Oxşar xəbərlər
|