Quran nəzərində "Əbrar" (yaxşılar) kimlərdir?
Yaxşı insan olmaq hər bir şəxsin arzusudur. Hər bir insan özünü yaxşı hesab edir ya yaxşı olduğunu göstərmək istəyir. Heç bir halda pis olduğunu qəbul etmək istəmir.
Amma buna diqqət etmək lazımdır ki, hər bir məktəb özünə görə yaxşılıq üçün meyar təyin etmişdir. Bunun əsasında bəziləri yaxşı bəziləri isə pis insan sayılır. İnsanların xaliqi olan Allah bəşərin hidayəti üçün göndərdiyi səmavi kitabda kimlərin yaxşı insan olduğunu bəyan edir. Yaxşılığın meyarlarını qeyd edir. Onların xüsusiyyətlərini sayır. Bu xüsusiyyətlərə toxunmaqdan əvvəl yaxşılığı məna edəcəyik. Onun lüğət və termin mənalarını qeyd edəcəyik. “Əbrar” sözü “Barr” (isimi-fail) sözünün və ya “Bərr” (sifəti-müşəbbəhə) sözünün cəm formasıdır. “Birr” sözü lüğətdə “yaxşılıq və lütf”, “çox yaxşı iş görmək” və “başqaları qarşısında işin yaxşılığı” mənasındadır. "Birr" sözü "ehsan" xeyirxahlıq deməkdir. Onun reallaşması elədir ki, insan öz işini yaxşı görür, yaxşı bir işi savab və təşəkkür üçün deyil, yaxşı olduğu üçün və ya başqalarının xeyiri onda olduğuna görə edir. Quran təfsirçiləri “birr” (yaxşılıq) üçün müxtəlif mənalar ifadə etmişlər; - Allaha hər hansı itaətə “birr” (yaxşı iş) deyilir. - “Birr” Allaha yaxınlıq amili olan yaxşılıq, xeyirxahlıq və Allahı razı salan hər bir işə deyilir. Həmçinin Quranın təfsirçilərinin “Əbrar” sözünün mənasında müxtəlif tərifləri və ya təbirləri var; "Əbrar" Allaha tam itaət edib, Onun razılığını qazanıb və günahlardan çəkinən şəxslərdir. Yaxud Allaha, Peyğəmbərə (s) və axirət gününə bəsirətlə iman gətirənlərdir. Allah "Bəqərə" surəsinin 177-ci ayəsində buyurur: «لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ وَ أَقامَ الصَّلاةَ وَ آتَى الزَّکاةَ وَ الْمُوفُونَ بِعَهْدِهِمْ إِذا عاهَدُوا وَ الصّابِرینَ فِی الْبَأْساءِ وَ الضَّرّاءِ وَ حینَ الْبَأْسِ أُولئِکَ الَّذینَ صَدَقُوا وَ أُولئِکَ هُمُ الْمُتَّقُونَ» "Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır!". Ayənin nazil olma səbəbi barədə “Şeyx Tusi” deyir: "O zaman ki, qiblə Kəbə evi oldu, əvvəlki qiblənin nəsx edildiyini hamı müşahidə etdi. Xüsusən də yəhudi və xristianlar bu məsələdən danışdılar. Allah bu ayəni ona görə göndərmişdir ki, onlar yaxşı əməllərin yalnız üzü qibləyə durub namaz qılmaqdan ibarət olduğunu zənn etməsinlər. Daha doğrusu bilsinlər ki, başqa itaətlər də var ki, onlar xeyirxah əməllərdən sayılır. Bu ayədə yaxşıların sifətləri üç əqidə, əxlaq və əməli sahəni ehtiva edir. Allah yaxşı insanların xüsusiyyətlərini qeyd edir. Bununla da yaxşılığın meyarlarını bizə vurğulayır. İnşallah gələn bəhsimizdə bu xüsusiyyətləri diqqətinizə çatdırıb onların əhəmiyyətindən danışacayıq. Ümidvarıq ki, Mütəal Allah bizi yaxşılardan (Əbrar) qərar versin. Oxşar xəbərlər
|