Dəqiq nizamla yaradılmış dünya məqsədsizdirmi?
Əgər qiyamət olmasa, insanın və dünyanın yaradılış prinsipi puç və ilahi hikmətə ziddir. Bu məqam qiyamətin və insanların davranışlarının mühakimə olunduğu və mükafatlandırıldığı bir dünyanın varlığına dəlildir.
Təsəvvür edin: İnsan hər cür ləzzətli yeməkləri hesablanmış miqdarda xüsusi diqqət və mehribanlıq əsasında hazırlayır. Qrupla qarşılamaq üçün uyğun məkanda hər cür yemək və içəcək hazırlayır. Həmçinin bir çox insanı bu qonaqları qarşılamaq və qorumaq üçün təyin edir. Amma bütün bu rituallardan sonra canavar, pişik, siçan kimi vəhşi qonaqlar buraya girərək bu süfrəyə görə vir-birini didirlər. Həm özlərini, həm də süfrəni dağıdırlar. Sonra ev sahibi süfrəni yığır. Bütün bu diqqətli planlaşdırma ilə hazırlanan bu qonaqlığın nəticəsi nədir? Əgər məad olmasa, Allahın işi bu cür qarşılamaq və süfrə qurmaqdan qat-qat əbəsdir. Çünki Allahın da insanın qarşısında sərdiyi kainat qədər geniş bir süfrəsi var; “O, göyləri və yeri (yoxdan) var edəndir” (Ənam, 101). Çox yaxşı və gözəl masa; “O, yaratdığı hər şeyi gözəl yaratdı” (Səcdə, 7). Hesablanmış və dəqiq ölçülmüş süfrə; "Hər şey Onun yanında müəyyən bir ölçü ilədir" (Rəd, 8). Allahın lütf və rəhmətinə əsaslanan süfrə; “O Özü-Özünə rəhmli olmağı yazmışdır” (Ənam, 12). Hər cür nemətlərlə dolu süfrə; “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradıb” (Bəqərə, 29). Həmçinin xoş və ləzzətli nemətlər; “Təmiz ruzi verdik” (İsra, 70). Səmanın altındakı masa və gözəl ulduzlar; “Biz göyləri və dünyanı ulduzlarla bəzədik” (Saffat, 6). Bölmə və planlaşdırma üçün cavabdeh olan bir çox məsul şəxsin olduğu masa; “Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun” (Zariyat, 4), “And olsun işə əncam çəkənlərə” (Naziat, 5). Qəbul etmək olarmı ki, müdrik Allah bütün o xüsusiyyətlərə malik belə bir süfrəni bəşər övladı üçün açıb, lakin onun planlarına əməl etmədən bir qrup insan zalım, firavan və azad, bir qrup isə həbsdə, yoxsul və məzlumdur. Bir neçə gündən sonra hamısı ölür, qurulan süfrə yığılır və hər şey burada bitir? Belə bir müdrikdən bu iş gözlənilirmi?! "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər) “ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən paksan, müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 191). Bu dünya bütün o qədər dəqiqliklə, möhkəmliklə, incəliklə, nizam-intizamla, nəzarətlə bir neçə gün yaşayıb, sonra yox olmaq üçündürmü?! Bu yaradılış və proqram oyuncaq və əbəs deyilmi? Dünya görüşündə və maddi baxışda dünyanın gələcəyi çıxılmaz, qaranlıq, işlərin sonu yoxluq və insan ömrünün sonu puçluqdur. Bu baxışla bəzən soruşur: Niyə yaradılmışam və niyə varam? İndi ki, varam insanların məhvi bahasına olsa belə mən niyə canavar olmamalıyam və istəyimə çatmamalıyam? İndi ki, hər kəs fəda olacaq, niyə mənim kefim üçün qurban olmasınlar? Bu təhlükəli düşüncənin izlərini müasir dünyada görürük. Quran bu barədə buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Möminun, 115). “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” (Qiyamət, 36). Yaradılış haqqa görə, insanların böyüməsi və sınanması üçün qanunlar və ənənələr əsasında qurulur. Həmçinin sizin yolunuz Allaha doğru sona çatır; “Biz AllAhdanıq və Ona doğru qayıdacayıq” (Bəqərə, 156). Bu dünya bir tarladır ki, Qiyamət günü biçilir və hər bir insanın əməlinin qarşılığı verilir. “Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir” (Casiyə, 22) Həmçinin insan öz əməlindən asılıdır; “Hər kəs öz əməlinin girovudur!” (Müddəssir, 38). Loğman oğluna deyir: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!" (Loğman, 16). İstər sərt qayaların içində, istər ən uzaq bölgələrdə və səmalarda, istərsə də ən dərin yerlərdə, yerin və torpağın içində olsun, Allah nəhayət o əməli Qiyamət günü yerinə yetirəcək və heç bir şey Allahın nəzərindən gizli qalmayacaqdır. Həqiqətən də, bu anlayışın insanlarda nə qədər qəribə tərbiyəvi rolu ola bilər. Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür. Oxşar xəbərlər
|