Ailənin mömin olması üçün həyanın qorunması vacibdir
Allah Təala hər bir insana fitrət əta etmişdir. Allahın əhkamı elə bəyan edilmişdir ki, bütün insanlar ona meyl edir və onu istəyirlər. Ona görə də deyirlər ki, İlahi din insan fitrəti ilə bağlıdır. Zaman keçdikcə dəyişməzdir. Çünki fitrət dəyişməzdir.
O zamana qədər ki, insan varlığında susuzluq olar, bu susuzluq ancaq su ilə sirab olar. Ona görə də susuz insan ancaq su axtarar, başqa bir şey deyil. İnsan əgər kamala çatmaq istəyirsə, bu zaman ancaq fitri şeylərin ardınca olar. Allahın insan fitrətinə qoyduğu nemətlərdən biri - həyadır. Həya elə bir nemətdir ki, insanların hamısında mövcuddur. Həzrət Adəm (ə) ilk insan olmuşdur və o, behiştdən çıxdıqdan sonra çirkinlikləri üzə çıxdı. Ona görə də öz eybini gizlətmək üçün vasitə axtarmağa çalışdı. “Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar”. (“Əraf” 22). Buradan aydın olur ki, həya insan fitrətinə qoyulmuş bir sifətdir. Şeytan (lən) da məhz insanın həyasını aradan aparmağa çalışar. İnsanı insanlıqdan çıxartmağa can atar. Ailədə və cəmiyyətdə həyanın olması zəruridir. Ailə, övladlarımıza tərbiyə verdiyimiz ilk məkandır. Hər bir insanın əxlaq və rəftarı burada formalaşar. Əgər övlad tərbiyyəsində həyaya xüsusi diqqət etsək, övladlarımız bu sifəti gələcək həyatlarında da büruzə verə biləcəklər. Allah Təala həya mövzusunu valideynə belə bildirir: “Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır”. (“Nur” 58). Bu ayə valideynə öyrədir ki, övladlarına düzgün tərbiyə versinlər. Valideynlərin otağına girməzdən əvvəl qapını döysünlər. Bu, elə bir tərbiyədir ki, uşağa təlim verilməlidir. Çox təəssüf ki, ailələrimizin bir çoxu bu ayəni unudur və onu övladlarına öyrətmirlər. Həyanın əhəmiyyəti. Həya elə bir mövzudur ki, həm ağıl onu təsdiq edir və həm də hədislərimiz onun əhəmiyyətindən bəhs edir. İmam Əli (ə) həyanı imanın nişanəsi bilir. Belə ki, buyurur: “İnsanın həyasının çoxluğu imanın dəlilidir”. Həmçinin Həzrət Peyğəmbər (s) bir nəfərə moizə deyən zaman buyurmuşdu: “Allahdan həya et, necə ki, ən yaxşı qonşundan edirsən. Çünki o, yəqini artırar”. Bu nurani hədisdən belə nəticə çıxartmaq olar ki, necə ki, insan qonşusunun yanında həya edər və abrının getməsini istəməz, insan Allahdan da həya edərək yəqinini artıra bilər. Yəni, günah etməkdən həya edər və bu zaman yəqinə çatar. Yəqin imanın ən yüksək dərəcəsidir. /Deyerler.org/ Oxşar xəbərlər
|