İslamda vəsiyyət
Mьəllif: Admin
Tarix: 7-02-2024, 11:04
İslamda vəsiyyət
Hər bir müsəlmanın vəfatından öncə vəsiyyətnamə yazması lazımdır. Vəsiyyətnamədə bir sıra məsələlər qeyd oluna bilər. Xüsusən üzərində başqasına aid olan hər hansı bir haqq və əmanət olanlar bu mövzuda daha həssas olmalıdırlar.

İnsan ölümün onu nə zaman haqlayacağını bilə bilməz. Odur ki, qəfil ölüm gəldiyi zaman həmin şəxsin öz sağlığında aldığı əmanət, yaxud borc pul və bu qəbildən olan digər şeylər vəfatından sonra sahibinə çatdırılmalıdır.

Şəxs ona vacib olan, lakin yerinə yetirmədiyi bəzi vacib əməlləri də vəsiyyət¬namədə qeyd edə bilər ki, varisləri şəriətdə göstərildiyi kimi onları yerinə yetirsinlər.

Vəsiyyət edən özü ilə bağlı, məsələn, məzarı, yaxud kəfəni, yaxud başdaşında yazılacaq hər hansı bir söz və sair bu kimi detalları da vəsiyyətnamədə yaza bilər.

Vəsiyyətnamənin xüsusi bir yazılış forması yoxdur. Hər kəs öz bacardığı və istədiyi şəkildə onu yaza və ya yazdıra bilər. Yeganə şərt budur ki, vəsiyyətnamədə dinin təməl qaydalarına, şəriət və həmin məntəqənin yaxşı adətlərinə zidd, yaxud yenilik sayılmayacaq şeylər olmasın.

Quran buyurur: “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.”

“Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and içdirin!”

Sağlığında vəsiyyət etməyi unudana, yaxud səhlənkarlıq edənə ölüm anında son dəfə imkan verilir. Hədisdə buyurulur: “Allah ölüm döşəyində olan hər insana vəsiyət etməsi üçün eşitmə, görmə və ağıl gücü verər. Ancaq vəsiyyət edib-etməmək həmin şəxsin öz ixtiyarındadır. Bu, ölüm rahatlığıdır. O zaman vəsiyyət etmək hər bir müsəlmanın üzərinə düşən haqdır.”

Allahın Rəsulu (s) buyurur: “Vəsiyyət etmək - hər bir müsəlmanın vəzifəsidir”.

Digər hədisdə Allah Rəsulu (s) buyurur: “Heç bir müsəlmana gecəni vəsiyyətnaməsi başının altında olmadan keçirmək yaraşmaz.”

Həzrət Əli (ə) buyurur: “Hər hansı kimsə varislərinə haqsızlıq etmədən və zərər vermədən (malının bir hissəsinin Allah yolunda verilməsini) vəsiyyət edərsə, eyni ilə həyatda ikən malını (Allah yolunda) sədəqə vermiş şəxs kimi savab qazanar.”

Vəsiyyət edən vəsiyyəti sağlıqlı zamanında yazmalıdır. Çünki ölümün nə zaman gəlməsi naməlumdur. Bu mövzuya işarə edən ayədə buyurulur: “Artıq nə bir vəsiyyət etməyə iqtidarları çatar, nə də ailələrinin yanına qayıda bilərlər”.

Bəzən biri öldükdən sonra varisləri onun vəsiyyətini dəyişdirir. Bu cür əməl yolverilməzdir və İslam baxımından da günahı vardır.

Vəsiyyət mövzusu təkcə yazmaqla deyildir. Vəsiyyət başqasına söz forma¬sında da deyilə bilər, yaxud kimsə bir məsələni öz yaxın bildiyinə vəsiyyət edə bilər. Həmin şəxs vəsiyyəti olduğu kimi çatdırmağa borcludur.

Vəsiyyətə mal-mülk bölgüsündən başqa mənəvi mövzular da daxil ola bilər. Bu mövzuda Həzrət Yaqub (ə) və Həzrət İbrahim (ə) bizə nümunədir:

“İbrahim və (sonra da) Yaqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər biri dedi: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz”.

Həmçinin, Loğman (ə) öz oğluna vəsiyyətində bir sıra mənəvi məsələləri tapşırır: “Loğman öz oğluna etdiyi öyüd-nəsihətində Allaha şərik qoşmamağı namaz qılmağı yaxşı işlər görməyi insanlardan təkəbbürlə üz döndərməməyi və yer üzündə lovğa-lovğa dolanmamağı yerişində müvazinət gözləməyi danışanda səsini qaldırmamağı ədəb-ərkan qaydalarını gözləməyi əmr edir.

Bu mövzuda daha bir nümunə Həzrət Rəsulullahdır (s). Belə ki, o həzrət “Vida” həccində müsəlmanlar qarşısında çıxış edərək bir sıra mühüm mövzulara toxunmuş və ümumi şəkildə müsəlmanlara vəsiyyət etmişdir.

Qeyd etmək lazımdır ki, vəsiyyətin icrasına şəxsin vəfatından sonra başlanılmalıdır.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031