Ölüyə qüsl verilməsinin fəlsəfəsi
Ölüyə qüsl verilməsinin səbəbi bəzilərinin düşündüyü kimi təkcə zahiri təmizliyə görə deyildir. Bu qüsl həm fiziki (zahiri), həm də mənəvi (batini) paklığa görədir.
Necə ki, dəstnamaz mənəvi paklıq üçün, qüsl isə həm fiziki, həm də mənəvi paklıq üçündür. Meyitə qüsl verilməsinin hikməti rəvayətlərdə gəlmişdir. Qüslün əsl səbəbi vəfat edən şəxsin ölüm anında yaşadığı halətlə bağlıdır. Rəvayətdə deyilir: “Ölən insana qüsl vermənin səbəbi, onu xəstəlik dövrü məruz qaldığı napaklıqdan təmizləməkdir. Çünki o, öldükdən sonra mələklər və axirət əhli ilə qarşılaşacaqdır. Daha doğrusu, Allah dərgahına qayıtdıqda pak olan mələklər ilə görüşəcək və onlar buna, bu da onlara toxunduqda pak və təmiz olması daha yaxşı olar. Odur ki, qüslu verilən şəxs pak olaraq Allaha yönələcək, Onun rizasını və şəfaətini diləyə biləcəkdir. Digər bir səbəb isə ölən insandan ölərkən özünün yaradıldığı məni (sprema) xaric olur və həmin şəxs cünub olmuş sayılar. Buna görə də ona qüsl verilər.” (“Əl-Vəsail” c. 2, səh. 679; “Biharul-Ənvar” c. 81, səh. 297) Abdullah, Qəzvindən rəvayət edir: “Əhli-beytdən olan imam Muhəmməd Baqirdən “ölüyə qüsl verilməsinin səbəbini və ölünü yuyanın qüsl almasının vacibliyi ilə əlaqədar soruşdum. O, belə cavab verdi: “Ölüyə ölərkən cünub olduğundan mələklərlə görüşdüyü zaman pak olsun deyə qüsl verilir. Ölü yuyanın da möminlərlə görüşdüyü üçün qüsl alması lazımdır.” (“Biharul-Ənvar”, c. 81, səh. 285. hədis: 2) Tibbi araşdırmalar sübut edir ki, xəstənin dəri örtüyündə çoxlu miqdarda mikrob olur (təqribən hər santikvadratda 40,000). Bəzi mikroblar xəstə öldükdən sonra güclənərək artır. Bu zaman dəri örtüyü yoluxucu xəstəliklərin yayıcısına çevrilir. İslamda meyit yuyulmazdan öncə çirkin hesab olunur və ona toxunanların xəstəliyə yoluxmamaları üçün qüsl etməyi tövsiyə edilir”. (“Hökmlərin fəlsəfəsi”, səh. 252-259) Bəzi rəvayətlərdə də insanın yaşından və cinsindən asılı olmayaraq bu hal ilə rastlaşdığı qeyd olunur. Ölüyə qüsl verilmə şəkli forma etibari ilə cənabət qüslu kimdir və bu, şəriət kitablarında təfərrüatı ilə qeyd olunmuşdur. Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. "İslamda Vardır" kitabından Ahlibeyt.ge Oxşar xəbərlər
|