Cənazə namazı
Mьəllif: Admin
Tarix: 19-02-2024, 12:34
Cənazə namazı
Cənazə namazının qılınma forması və hökmləri ilə bağlı fiqh kitablarında ətraflı söz açılmışdır. Cənazə namazı ölü üçün edilən duadır.

Bu namaza qatılanların sayının çoxluğu vəfat edən üçün savab baxımından faydalıdır. Nadir hallarda meyitə cənazə namazı qılınmır ki, bu da şəriət kitablarında gəlmişdir.

Böyük günah sahiblərinə belə cənazə namazı qılınır. Hədis və rəvayətlərdə intihar etmiş şəxsə də cənazə namazı qılınmasına göstəriş verilmişdir. Onlardan bəzisinə nəzər salaq:

Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimdən daşlanaraq öldürülənə, öz canına qıyana (intihar edənə) belə cənazə namazı qılın və heç bir kəsi namazsız dəfn etməyin.” (“Mən lə yəhzərul-fəqih, c. 1, səh. 103; “Əl-İstibsar”, c. 1, səh. 469; “Əl-Vəsail”, c. 3, səh. 816)

Bir rəvayətdə isə gəlmişdir: “Qiblə əhli olan hər kəsə cənazə namazı qılın. Bunun hesabı Allaha aiddir.” (“Əl-İstibsar”, c. 1, səh. 468)

Meyitə 5 təkbir deməyin səbəbi (şiə mənbələrinə əsasən)

İmam Cəfəri Sadiq (ə) Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Allah beş namaz vacib qılmışdır. Cənazə namazı üçün də hər namazın əvəzində bir təkbir qoymuşdur.” (“Furu-ul Kafi, c. 3, səh. 181; “Biharul-Ənvar, c. 81, səh. 342)

Muhəmməd ibn İsa adını çəkdiyi bir kəsdən belə nəql etmişdir: “İmam Rza (ə) soruşdu: “Meyitə beş təkbir deyilməsinin səbəbi nədir?”.

Dedim: “Rəvayət ediblər ki, həmin təkbirlər beş namazdan ayırılmışdır (götürülmüşdür)”.

İmam buyurdu: “Bu, hədisin zahiridir. Batininə gəlincə isə, Allah bəndələrə beş vacib namazı, zəkatı, orucu, həcci və vilayəti vacib etmiş, meyit üçün isə hər bir vacibdən bir təkbir qərar vermişdir.

Odur ki, vilayəti qəbul edən beş təkbir, qəbul etməyən isə dörd təkbir deyir. Bu səbəbdəndir ki, siz beş təkbir, sizinlə müxaliflik edənlər isə, dörd təkbir deyirlər”. (Şeyx Səduq, “İləluş-şəraye”, c. 1, səh. 443, hədis 3- 4)


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031