Təlqin etmək
Allah Rəsulunun (s) adəti beləydi ki, kimisə dəfn edikdən sonra dərhal geri dönməzdi. Onun bu əməli şəriətə sünnə olaraq daxil olub.
Həzrət Peyğəmbər (s) bir cənazəni dəfn etdikdən sonra qəbrinin başı üzərində durur və “Uca Allahdan qardaşınız üçün bağışlanma diləyin. Çünki o, hal-hazırda sorğu-suala çəkilir” deyə buyurardı. (“Əbu Davud”, Cənaiz, 67-69, 73) Təlqin vəfat edənin mələklərə cavab verməsinə kömək edən bir əməldir. Sələfi-vəhhabilər bu işə “bidət” adını versələr belə, bu əməlin sünnət olmasını təsdiqləyən kifayət qədər rəvayət əhli-sünnə mənbələrində yer almışdır. Bundan əlavə, təlqin əhli-sünnə nəzərində sünnət və savab əməllərdən biridir. Belə ki, ölüyə səslənərək, “ey fiankəsin oğlu filan” deyilir və təlqində meyitin adı və atasının adı çəkilir. Təlqinə bidət deyənlərə əhli-sünnə mənbələrindən bəzi dəlilləri göstərmək istəyirik: Rəvayət olunur ki, Təbərani və Əbduləziz əl-Hənbəli belə demişdir: “Mən öldüyüm zaman mənə Peyğəmbərin (s) ölülərinizə davranmağınızı əmr etdiyi kimi davranın. Rəsulullah (s) bizə əmr etdi və belə dedi: Qardaşlarınızdan biri ölüb, qəbrini torpaq ilə örtdüyünüzdə sizdən biriniz onun qəbri başında dursun və belə desin: Ey filan oğlu filan. Sonra ona Allahdan başqa ilah olmadığına, Muhəmmədin (s) Onun elçisi olduğunu, kitabının Quran olduğunu ona xatırlatsın.” (“Ət-Təlhis”, səh. 242-243, İmam ən-Nəvəvi, “Əl-Məcmu” , 243, Təbərani də bunu “Əl-Mucəmul-Kəbir” əsərində nəql etmişdir; Heysəmi “Məcməuz-Zəvaid” (4248)) Əhli-sünnənin bir sıra səhih kitablarında dünyasını dəyişənlərə “Lə iləhə illəllah”ı təlqin etmək tövsiyə edilir: “Ölülərinizə “Lə iləhə illəllah”ı təlqin edin.” (“Səhih Müslim”, 916, “Əbu Davud”, 3117 “Tirmizi”, Cənaiz 7 və sair) Əmr ibn As öz ailəsinə belə demişdir: “Məni dəfn etdiyiniz zaman qəbri¬min yanında bir dəvənin kəsilib ətinin paylanmasına qədər durun, ta ki mən sizinlə ünsiyyət qurum və Rəbbimin elçilərinə nə söyləyəcəyimə baxım.” (“Səhih Müslim”, 121) İbnul-Ərəbi öz “Məsalik” əsərində yazır: Ölü qəbrinə qoyulduğu vaxt ona təlqin verilməsi müstəhəbdir, gözəl sayılmışdır. Bu, Mədinənin xeyirli salehlərinin etmiş olduğu bir şeydir. Allahın kitabında deyilir: “Öyüd ver, çünki öyüd möminlərə fayda verər”.( “Zariyat”, surəsi, 55 ayəsinə müvafiqdir) İmam Nəvəvi demişdir: “Dəfndən sonra ölünün təlqininə gəlincə, bizim əshabımızdan bir çoxları bunun müstəhəb olduğuna hökm etmişdir.” (“Əl-Əzkar”, səh. 123) İmam Malik deyib: “Ölülərinizə “Lə iləhə illəllah”ı təlqin edin.” (“Səhih Muslim”, Cənaiz, c. 1, səh. 631) Bu mövzu tabeinlərin zamanında da sünnə olaraq davam etməkdə idi. Belə ki, tabeinlərdən Zamra bin Həbib və Səid bin Mənsur belə rəvayət etmişlər: “Ölünün qəbri torpaqla örtülüb düzəldiyi və insanlar qəbirin ətrafından dağılmağa başladığı zaman qəbrinin yanında durub belə demələri səhabələr müstəhəb görmüşdülər: “Ey filan “Lə iləhə illəllah de”. Bunu üç dəfə təkrar edər. Sonra yenə ölüyə xitabən: Ey filan, Rəbbim Alah, dinim İslam, Peyğəmbərim Muhəmməddir (s).” (Muhəmməd b. İsmail. S. Səlim, c. 1, səh. 203; Seyyid Sabiq, c. 1, səh. 547) Bunu da qeyd edək ki, təlqin üç məqamda müstəhəbdir: 1. Canvermə əsnasında. 2. Meyit qəbirə qoyulduqdan sonra. 3. Qəbir torpaqla doldurulduqdan və dəfn mərasimində iştirak edənlər dağılışdıqdan sonra. Vəfat edəni tez tərk etməmək Allah Rəsulunun (s) sünnəsidir. Bu, meyitin qəbir həyatına tədricən öyrəşməsi üçündür. Dörd məzhəb imamından biri olan imam Şafei deyir: “Qəbrin başında Qurandan ayə və sürələr oxumaq müstəhəbdir. Quranı xətm etmək daha gözəldir.” (Nəvəvi – “Riyazus-Salihin” səh. 293) Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. "İslamda Vardır" kitabından Ahlibeyt.ge Oxşar xəbərlər
|