Ölü üçün ehsan vermək
“Ehsan” sözü cəmiyyətdə ancaq insanlara müəyyən günlərdə verilən yeməyin adına çevrilib. Halbuki bu söz daha geniş mənaya malikdir.
“Ehsan” sözü ərəb mənşəli olub, gözəllik deməkdir. İnsan hansı vasitə ilə bu gözəlliyi yarada bilərsə, ona da səy göstərməlidir. İnsanın özü üçün, yaxud cəmiyyətin islahı uğrunda atdığı hər addım ehsandır. Bir təbəssüm belə ehsandır. İnsan¬larla yaxşı rəftar, dərdlərinə şərik olmaq, Allaha itaət (namaz, oruc və digər ibadi məsələlər) ehsan sayılır. Bilməliyik ki, “ehsan” ümumi mənaya malik olan bir sözdür və özündə bir çox məsələləri birləşdirir. Vəfat edən üçün bir neçə yolla ehsan edə bilərik: Maddi ehsan (yemək, pul və sair): Dinimizin tövsiyə etdiyi və şəriətə sünnət kimi daxil olan budur ki, vəfat edənin qonşuları üç gün boyunca yemək bişirib ölən kimsənin evinə aparsınlar. Zaman keçdikcə bu ehsan forması özünü fərqli şəkildə göstərməyə başladı. Belə ki, yemək əvəzinə insanlar gücləri yetdiyi miqdarda pul köməkliyi göstərməyə çalışdılar. Bu adət-ənənə indiyə qədər davam etməkdədir. Vəfat edənin yaxınları da ölənin adına ehsan, sədəqə verib, ruhuna Quran oxumalı, bağışlanması üçün dualar etməlidirlər. Çünki qəbir evinə ilk dəfə sakin olan mərhumun (yaxud mərhumə) bu kimi xeyir əməllərə çox ehtiyacı var. Allahın Peyğəmbəri (s) bir mübarək hədisində buyurur: “Ata-ananız üçün onlar həm həyatda ikən, həm də dünyadan köçəndən sonra ehsan verməyinizə mane olan nədir? Hər bir şəxs ata-anası tərəfindən sədəqə verə, (xeyir işlər görə) bilər. Beləliklə, onun bu etdiklərinin savabı onlara yazılar. Ayrıca olaraq, bunu etdiyi üçün Allah həmin şəxs üçün daha artıq savab yazır.” (“Biharul-Ənvar” c. 82, səh. 62) Sünnəyə görə, ölənin yaxınları və qonşuları onları doyuzdurmaq üçün yemək hazırlamalıdırlar. Abdullah ibn Cəfər deyir: “Cəfər ölən zaman bəd xə¬bər gəldikdə Peyğəmbər (s) dedi: Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir.” (“Səhih əl-Cami əs-Səğir” hədis: 1015; “Əbu Davud”, c. 8 səh. 406; “Tirmizi”, c. 2, səh. 234; “İbn Macə”, c. 1, səh. 514) Digər rəvayətdə deyilir: “Rəsulullah (s) Cəfər ibn Əbu Talib şəhid olanda: “Cəfərin ailəsinə yemək bişirib aparın. Çünki onların başına onları məşğul edən bir müsibət gəlmişdir” buyuraraq cənazəsi olan evinə yemək aparılmasını istə¬mişdir. (“Əbu Davud”, Cənaiz, 25, 26; “İbn Macə”, Cənaiz, 59) Başqa bir rəvayətdə isə bu hədis bir qədər də geniş şəkildə gəlmişdir. Cəfər ibn Əbu Talib şəhid olduqda, Peyğəmbər (s), qızı Həzrət Fatiməyə üç gün boyunca yemək bişirib Cəfərin xanımı olan Əsma binti Ümeysin evinə göndərməsini əmr etmişdir. Həzrət Fatimə də üç gün boyunca yemək bişirib yanındakı qadınlarla birlikdə üç gün onun evinə gedib onun dərdinə şərik oldular. Beləliklə də, bir yaxınını itirən kimsənin evinə üç gün boyunca yemək aparmaq sünnətə çevrildi. (“Əl-Vəsail”, c. 2, səh. 888) Sünnəyə müvafiq olan əməl vəfat edən şəxsə yük olmaq deyil, yardım etməkdir. Vəfat edən şəxsin yanında yemək yemək rəvayətlərə əsasən ədəbdən deyil. Lakin ev yiyəsi könüllü olaraq ona başsağlığına gələnlərə çay, su, yemək verirsə, bu halda heç bir eybi yoxdur. Onlar üçün bağışlanma diləmək: Peyğəmbər (s) buyurmuşdur: “Hər hansı bir şəxs ata-anasına qarşı həyatda ikən gözəl davrandığı halda, ölümlərindən sonra Allahdan onlar üçün bağışlanma diləmədiyi üçün, ata-anasına pislik edən olaraq yazılır. Lakin valideynlərinə qarşı həyatda ikən pis davranan olsa belə, ölümlərindən sonra Allahdan onlar üçün əfv dilədiyinə görə ata-anasına yaxşılıq edən övlad kimi yazılır.” (“Biharul-Ənvar”, c. 82, səh. 65) Borclarını ödəmək, nəzirlərini vermək və onların təhqir edilməsinə vasitə olacaq hər hansı pis iş görməmək: Peyğəmbərdən (s) rəvayət edilən başqa hədisdə isə: “Övladın valideyni üzərindəki haqlarından biri də onların borclarını verməsi, nəzirlərini verməsi və onlara küfr edilməyə vasitə olacaq hər hansı pis iş görməməsidir. Bunları etdiyi təqdirdə, valideynlərinə qarşı pis rəftar edən olsa belə, valideynlərinə yaxşılıq edənlərdən sayılır. Lakin onların borclarını ödəməz, nəzirlərini verməz və onlara küfr edilməsinə vasitə olacaq hər hansı pis iş edərlərsə, həyatda ikən onlara qarşı yaxşılıq edənlərdən olsa belə valideynlərinə qarşı pislik edən övlad sayılır.” (“Biharul-Ənvar”, c. 82, səh. 65) Səd ibn Übadə deyir: “Mən Peyğəmbərə (s) dedim: Anam ölüb, amma boynunda nəzir qalıb, nə edim? Peyğəmbər (s) buyurdu: “Onun əvəzinə sən ödə.” (“Tirmizi”, c. 3, səh. 51) Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. "İslamda Vardır" kitabından Ahlibeyt.ge Oxşar xəbərlər
|