Yas mərasimlərini inkar edənlərə Qurandan 80 illik əzadarlıq nümunəsi
Mьəllif: Admin
Tarix: 9-03-2024, 14:39
Yas mərasimlərini inkar edənlərə Qurandan  80 illik əzadarlıq nümunəsi
Qurani-Kərimin “Yusif” surəsində həyatımız üçün mühüm olan bir çox ibrətamiz qissələr vardır. Bunlardan biri Həzrət Yaqubun (ə) oğlu Yusif (ə) üçün göz yaşı töküb ağlamasıdır. Əlbəttə, bu ağlamağı digərlərindən fərqləndirən nüanslar vardır.

Ayəni oxuyaraq sözümüzə davam edək: “(Yaqub dedi) Heyif sənə, yazıq Yusif. Dərd-qəmdən ağlamaqdan gözləri kor oldu. (Oğlanları ona dedi) Allaha and olsun ki, sən Yusif deyə-deyə ya xəs¬tələnib əldən düşəcək, ya da öləcəksən.” (“Yusif” surəsi, 84-85)

Həzrət Yaqub (ə) oğlu Yusifdən (ə) ayrı düşdüyü üçün təxminən 40 il (bəzi mənbələrdə 70-80 il) ağlayır. O qədər ağlayır ki, hər iki gözü kor olur. Həzrət Yaqub (ə) oğlu Yusifin (ə) sağ-salamat olduğunu bildiyi halda gözləri kor olana qədər ağlayır. Hətta məsələ xəstəlik və ölüm həddinə yetişir.

Yaqub (ə) oğlunun ölmədiyini bildiyi halda və bütün bunlara baxmayaraq bu qədər ağlayırsa, biz niyə ağlamayaq? Quran bu işə icazə verdiyi halda, kimin nə ixtiyarı var ki, dünyasını dəyişənlərə ağlamağı qadağan etsin və bu işə mane olsun?

Peyğəmbərlər bizlərə nümunədirlər. Elə isə Həzrət Yaqubun (ə) oğlu üçün uzun illər ağlamasını niyə bəziləri görməzdən gəlir? Qurani-Kərim Həzrət Yaqubun (ə) bu əməlini gətirməklə ağlamağı təsdiq edir və bütün müsəlman¬lara bunu bir nümunə göstərir.

Əhli-sünnə təfsirlərinə əsasən, Həzrət Yaqub (ə) 80 il Həzrət Yusif (ə) üçün ağlayıb göz yaşı tökdü, matəm saxladı.

İbnul Covzi öz təfsirində “Yusif” surəsinin təfsiri olaraq yazır: Həsənul-Bəsri deyir: “Həzrət Yaqub (ə) oğlu Yusifdən (ə) ayrı düşdüyünə görə 80 il ona göz yaşı tökdü, qəmləndi. Həmin zamanda yer üzərində Allah yanında Həzrət Yaqubdan (ə) daha əziz birisi yox idi.” (İbnul Covzi “Zədul Məsir fi ilmit-təfsir”, səh. 713)

Digər bir təfsirdə sözügedən ayənin təfsiri olaraq yuxarıdakı məsələləri qeyd etdikdən sonra yazır: “Bünyaminin xəbəri Həzrət Yaquba (ə) çatdıqda Həzrət Yaqubun (ə) dərd-qəmi daha da artdı. Bu minvalla onların qovuşması 80 il uzandı. Bu müddət ərzində Həzrət Yaqubun (ə) gözünün yaşı qurumadı.” (Hafiz Bəğəvi - “Məalimut-tənzil”, c. 4, səh. 267)

Digər bir təfsir “Yusif” surəsinin 84-cü ayəsinin təfsiri olaraq yazır: “Həzrət Yaqub (ə) oğlu Yusif (ə) üçün o qədər ağladı ki, gözlərinin hər ikisi ağardı.” (“Ənvarut-tənzil, Əsrarut-təvil”, c. 3, səh. 174)

Quran təfsirləri olaraq qeyd olunan ayənin təfsirində oxşar sözlər çoxdur. Məsələn, Həzrət Yaqubun (ə) müsibətinin həddinin yetmiş oğlu ölən ananın müsibəti həddində olması və Həzrət Yaquba (ə) yüz şəhidin savabı verilməsi, (Hafiz Bəğəvi - “Məalimut-tənzil” c. 4, səh. 269) Yaqubun (ə) Həzrət Yusif (ə) üçün çox üzülüb ağlaması. (Şövkani “Fəthul-Qədir” səh. 709)

Eyni mətləbə digər əhli-sünnə alimi Zəməxşəri də özünün “Kəşşaf” əsərində sözügedən ayəyə işarə edərək yazır: “Həzrət Yaqubun (ə) Həzrət Yusifin (ə) ayrılığından onunla görüşənədək ağlamaqdan gözlərinin yaşı qurudu. Bu müddət 80 il davam etdi. Allah yanında yer üzündə bu işdən dəyərli bir iş yox idi.” (Zəməxşəri, “Kəşşaf”, c. 2, səh. 339)

Bu təfsirdə Peyğəmbərdən (s) belə bir rəvayət də nəql olunmuşdur: “Pey-ğəmbər (s) Cəbraildən (ə) soruşdu: “Yusifin (ə) ayrılığına görə Yaqubun (ə) başına nələr gəldi?”

Cəbrail (ə) ərz etdi: “70 qadının balasının yasında oturmasının savabı qədər onun başına iş gəldi”.

Həzrət (s) soruşdu: “Həzrət Yaqubun (ə) bu səbrinə görə mükafatı nə qədərdir?” Cəbrail (ə) buyurdu: “Yüz şəhidin savabı qədər.” (Zəməxşəri, “Kəşşaf,” c. 2, səh. 339)

Digər əhli-sünnə alimi Cəlaləddin Suyuti İbn Cərirdən, o da İkrimədən nəqlən belə yazır: “Cəbrail (ə) Həzrət Yusif (ə) zindanda olarkən onun yanına gəlib salam verdi.

Yusif (ə) ondan soruşdu: “Ey Allahın yanında hörmətli olan mələk, iyin gözəl, paltarın da təmizdir, Yaqubdan (ə) xəbər gətirmisən?” Cəbrail (ə) ərz etdi: “Bəli, o, çox ağır qəm-qüssəyə qərq olub”. Yusif (ə) soruşdu: “Bunun mükafatı nə qədərdir?”

Cəbrail (ə) ərz etdi: “70 qadının balasının yasında oturmasının savabı qədər onun savabı vardır”. Yusif (ə) soruşdu: “Mən onunla görüşə biləcəyəm?”

Cəbrail (ə) buyurdu: “Bəli”. Yusif (ə) bu sözü eşit¬məklə aram oldu.” (Cəlaləddin Suyuti, “Əd-Durrul-mənsur”, c. 4, səh. 31)

Suyuti yenə belə yazır: “Yaqub (ə) Yusif (ə) üçün qəm-qüssədən gözləri ağaranadək 80 il ağladı.” (Cəlaləddin Suyuti, “Əd-Durrul-mənsur”, c. 4, səh. 31; Təfsiri Təbəri, c. 1, səh. 250)

Bütün bunlarla yanaşı daha bir məqam vardır. Təfsiri Qurtubi “Yusif” surəsinin 84-cü ayəsindən Həzrət Yaqubun (ə) ağlamasından danışarkən deyir: “Ağlamaq, kədərlənmək qadağan deyil. Qadağan olunan budur ki, insan kədər ona üz verəndə paltarını cıra, hay-küy sala və bəyənilməyən sözlər deyə.” (“Təfsiri Qutubi” c. 11, səh. 432)

Quran ayələrinə və həmin ayələrin təfsirinə əsasən gördük ki, Həzrət Yaqub (ə) 80 il oğlu Yusifə (ə) matəm saxladı. Deməli, əzadarlıq etməyin heç bir eybi yoxdur.

Çünki bu işi bütün insanlığa nümunə şəxslərdən biri olan Həzrət Yaqub (ə) etmişdir və Quran da onun etdiyi bu əməli inkar etmir, əksinə, onu bizə çatdırmaqla təsdiq edir. Həzrət Yaqubun (ə) 80 illik matəminə ira¬dınız varmı?

Həzrət Yusifin (ə) göz yaşı töküb ağlaması: Həzrət Yusif də zindanda ağlayıb göz yaşı tökmüşdür. İbn Abbasdan belə nəql olunur: “Həzrət Yusif (ə) zindana düşəndə elə ağlayırdı ki, zindanın qapıları, divarları, hətta tavanı belə onunla birgə ağlayırdı.” (“Təfsir əl-Qurtubi,” c. 9, səh. 88)

Saxta hədisin hədis elmi baxımından yanlışlığı

Peyğəmbər (s) sünnəsində ağlamaq

İslam Peyğəmbərinin (s) həyatından bizə məlumdur ki, Peyğəmbər (s) özü də dünyadan köçənlər üçün ağlayıb.

Peyğəmbər (s) anasının qəbri üstə ağlayır: Əbu Hüreyrə deyir: “Pey-ğəmbəri-əkrəm (s) anasının qəbrini ziyarət etdi və ağladı. Onunla gələnlər də ağladı.” (“Səhih Muslim”, c. 2, səh. 671, “Musnədi Əhməd” c. 2, səh. 441, “Nəsai”, c. 4, səh. 90, “İbn Macə”, c. 1, səh. 501, “Əbu Davud” c. 3, səh. 195; Hakim ən-Nişaburi, “əl-Müstədrək”, c. 1, səh. 357; İbn Şəbbə, “Tarix əl-Mədinə”, c. 1, səh. 118)

Peyğəmbərin (s) Əbdul-Müttəlib üçün ağlaması: Həzrət Əbdul Müttəlib dünyasını dəyişəndən sonra Allah Rəsulu (s) əziz babası üçün ağladı. Ümmü Əymən deyir: “Mən Allah Rəsulunu (s) Əbdul Müttəlibin yatağının aşağı tərə¬finə gedərək ağladığını gördüm.” (Sibt ibn əl-Covzi, “Təzkirə əl-xəvas”, səh. 7)

Peyğəmbərin (s) Əbu Talib üçün ağlaması: Peyğəmbərin (s) himayəçisi və eyni zamanda əmisi Əbu Talib dünyasını dəyişəndə onun üçün ağladı.

Həzrət Əli (ə) bu mənzərəni belə qeyd edir: “Mən Əbu Talibin ölüm xəbərini Həzrətə (s) verdikdə ağladı və mənə belə buyurdu: “Get ona qüsl ver, kəfənlə və torpağa tapşır! Allah onu bağışlasın və Öz mərhəmətində qərarlaşdırsın!” (İbn Səd, “ət-Təbəqat əl-kubra”, c. 1, səh. 105)

Peyğəmbər (s) oğlu İbrahim üçün ağlayır: Ənəs ibni Malik deyir: “Pey-ğəmbərlə (s) bərabər evə daxil olduq. Oğlu İbrahim can verirdi. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı.

Əbdurrəhman ibni Ovf dedi: “Ey Allahın Rəsulu (s), mən nə görürəm? Siz ağlayırsız?” Peyğəmbər (s) buyurdu: “Ey Əbdurrəhman! Düz görürsən. Gözlər yaşlı, qəlb də kədərlidir. Ey İbrahim! Sənin ayrılığın bizi kədərləndirdi.” (“Səhih Buxari”, c. 2, səh. 85; “Səhih Müslim”, “Kitab əl-fəzail”, “Bab Rəhmətuhu bi əs-sibyan”, c. 4, səh. 1808; İbn Əbd Rəbbih, “əl-İqd əl-fərid,” “Kitab ət-təziyə”, c. 3, səh.19; İbn Macə, “Sünən”, “Bab ma caə fi əl-buka əla əl-meyyit”, c.1, səh. 506, h. 1589; Əbd ər-Rəzzaq, “əl-Müsənnəf”, “Bab əs-səbr və əl-buka və ən-niyahə”, c. 3, səh. 552, h. 6672; Həmçinin bax: “Şafii İlmihalı”, səh. 216)

Ənəs deyir: “Elə ki, İbrahim vəfat etdi, Peyğəmbər (s) buyurdu: “Onu hələ kəfənə bükməyin. Qoy son dəfə onunla görüşüm. Sonra Peyğəmbər (s) ona tərəf əyilərək ağladı.” (“İbn Macə”, c. 1, səh. 473- “Cənaiz” kitabı)

Bu hadisəni Tirmizi belə rəvayət edir: “Peyğəmbər (s) Əbdurrəhmanın əlindən tutub onunla birlikdə İbrahimin yastığına yaxınlaşdı. Onu qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdurrəhman dedi: “Siz ağlayırsız? Məgər siz bizə ağlamağı qadağan etmədiniz?”

Peyğəmbər (s) buyurdu: “Xeyr! Mən sizi iki dəstənin, günahkar, axmaq və səfehlerin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim. Çünki onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr edirlər.” (“Tirmizi”, c. 4, səh. 226 – Cənaiz kitabı)

Peyğəmbər (s) öz nəvəsi üçün ağlayır: Peyğəmbərin (s) qızı Zeynəb Peyğəmbərə (s) xəbər göndərdi ki, onlara getsin, oğlu can verir. Peyğəmbər (s) Səd ibn Übadə və əshabından bir neçə nəfərlə onun evinə gəldilər. Peyğəmbər (s) ağlamağa başladı.

Səd dedi: Ey Allahın Rəsulu (s)! Mən nə görürəm, siz ağlayırsız? Peyğəmbər (s) buyurdu: Ağlamaq Allahın bəndələrinin qəlbinə qoyduğu bir rəhmət və bağlılıqdır.” (“Səhih Buxari”, c. 4, səh. 3-191, “Səhih Muslim”, c. 2, səh. 636, “Müsnədi Əhməd”, c. 5, səh. 204-206-207, “Nəsai”, c. 4, səh. 22)

Peyğəmbərin (s) öz əmisi Həmzə üçün ağlaması: Peyğəmbər (s) Uhud döyüşündən sonra gördü ki, hamı öz ölənləri üçün ağlayır. Peyğəmbər (s) buyurdu: “Niyə Həmzəyə ağlayan yoxdur? Gedin Həmzəyə ağlayın.” (“Müsnədi Əhməd”, c. 2, səh. 40. “Tarixi Təbəri”, c. 2 səh. 532; “Səhih Buxari”, “Kitab əl-cənaiz”, “Babu qovl ən-Nəbi yuəzzəb əl-meyyitu bibəzi bukai əhlihi”, c.1, səh. 431, h.1224, və “Kitab əl-mərza”, “Babu iyadə əs-sibyan”, c. 5, səh. 2141, h. 5331 və “Kitab əl-iman və ən-nəzur”, “Babu qovl Allahi-Təala “və əqsəmu billah”, c. 6, səh. 2452, h. 6279; “Səhih Müslim”, “Kitab əl-cənaiz”, “Bab əl-bukai əla əl-meyyit”, c. 2, səh. 635, h.923; ən-Nəsai, “Sünən əs-suğra”, “Kitab əl-cənaiz”, “Bab əl-əmr bil-ihtisabi və əs-səbri ində nuzul əl-musibəh”, c. 4, səh. 22, h.1868; ən-Nəsai, “Sünən əl-kubra”, “Kitab əl-cənaiz”, “Bab əl-əmr bil-ihtisabi və əs-səbri ində nuzul əl-musibəh”, c.1, səh. 612, h.1995; Əbi Davud, “Sünən”, “Kitab əl-cənaiz”, “Babu fi əl-buka əla əl-meyyit”, c. 3, səh.193, h. 3125; Əbd ər-Rəzzaq, “əl-Müsənnəf,” “Bab əs-səbr və əl-buka və ən-niyahə”, c. 3, səh. 551, h. 6670)

Hələbi öz “əs-Sirə” kitabında yazır: “Peyğəmbər (s) Həmzənin qanlı cəsədini görüb ağladı, onun bədən əzalarının kəsilməsindən, ciyərinin çıxarılmasından xəbərdar olduqdan sonra isə fəryad edərək ağlamağa başladı.” (Nurəddin əl-Hələbi, “əs-Sirə əl-hələbiyyə”, c. 2, səh. 247)

Həzrətin (s) əmisi Həmzənin əzasında ağlaması o qədər şiddətli idi ki, İbn Məsud bu barədə deyir: “Biz Allah Rəsulunun (s) əmisi Həmzəyə ağladığı kimi kimsəyə ağladığını görməmişdik. Həzrət (s) onu qibləyə tərəf qoydu. Sonra cənazənin yanında dayandı, o qədər uca səslə ağladı ki, qəşş etmək halına yetişdi.

Sonra cənazəyə xitabən buyurdu: “Ey Allah Rəsulunun (s) əmisi! Ey Həmzə! Ey Allahın şiri! Ey Allah Rəsulunun (s) şiri! Ey Həmzə! Ey yaxşı işlər görən! Ey Həmzə! Ey çətinlikləri həll edən! Ey Həmzə! Ey Allah Rəsulunun (s) çətin¬liklərini uzaqlaşdıran!” (Muhibidin ət-Təbəri, “Zəxair əl-uqba,” səh. 181)

Həzrət Peyğəmbərin (s) ağlaması Uhud döyüşündən qayıdan zaman Mədinə camaatının evlərindən şəhidlər üçün qalxan ağlamaq səsləri ilə başladı. Həzrət Peyğəmbər (s) Mədinə camaatının (Bəni Əbd Əl-Əşhəl və Bəni Zəfər qəbilə¬lərinin) evlərinin yanından keçərkən onların öz şəhidləri üçün ağladığını və növhə səslərini eşitdi. Həzrətin (s) gözləri doldu və ağladı. Sonra isə buyurdu: “Lakin əmim Həmzənin ağlayanı yoxdur.”

Səd ibn Məaz və Useyd ibn Həzir Bəni Əbd Əl-Əşhəl qəbiləsinin evlərinə qayıdarkən onların qadınlarına göstəriş verdilər ki, öz qəm-qüssələrini sinələrində dondurub əvvəlcə Həzrət Peyğəm¬bərin (s) əmisi Həmzə üçün ağlayıb əzadarlıq etsinlər. (Əbu Cəfər ət-Təbəri, “ət-Tarix”, c. 2, səh. 210; İbn Hişam, “Əs-Sirə ən-Nəbəviyyə”, c. 3, səh. 613; “Əs-Siqat”, c. 1, səh. 234; İbn Kəsir, “Əl-Bidayə və ən-Nihayə”, c. 4, səh. 54-55)

Bundan sonra Peyğəmbərin (s) bu göstərişini eşidən hər kəs hər hansı bir şəhidə ağlamamışdan əvvəl birinci Həmzəyə ağlayardı: “Peyğəmbərin (s) “Əmim Həmzənin ağlayanı yoxdur!” kəlamını eşidəndən sonra heç bir qadın öz ölü¬sünə Həmzə üçün ağlamazdan əvvəl ağlamadı.” (İbn Həcər əl-Heysəmi, “Məcmə əz-Zəvaid,” c. 6, səh.126)

Əza məclislərində Həzrət Həmzə üçün ağlamağın davam etdirilməsi

İbn Kəsir deyir: “Bu günə qədər də Ənsar qadınları öz ölənlərinə ağlamazdan əvvəl Həmzəyə ağlayırlar”.

Əhməd ibn Hənbəl İbn Ömərdən nəql edir ki, Allahın Rəsulu (s) Uhuddan qayıdan zaman Ənsarın qadınlarının öz şəhidləri üçün ağladığını gördü. İbn Ömər deyir ki, Allahın Rəsulu (s) buyurdu: “Lakin Həmzənin ağlayanı yoxdur.” (İbn Ömər) dedi: “Həzrət (s) bir az yatıb istirahət edəndən sonra qadınlar Həmzə üçün ağlamağa başladılar. O gündən bu günədək qadınlar əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə əzadarlıq edirlər.”

İbn Kəsir bunu deyəndən sonra belə bir nəzər irəli sürür: “Bu rəvayət Müslimin şərtinə görə səhihdir.” (İbn Kəsir, “əl-Bidayə və ən-Nihayə”, c. 4, səh. 55)
Vaqidi də bu ənənənin davam etdiyini, qadınların əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə ağladığını deyir: Vaqidi deyir: “O zamandan indiyədək qadınlar birinci Həmzəyə əzadarlıq edirlər.” (İbn əl-Əsir, “Usd əl-Ğabə”, c. 2, səh. 48)

İbn Səd də həmin məsələlərə işarə edərək deyir: “O gündən Ənsarın qadınları birinci Həmzəyə, sonra isə öz ölənlərinə ağlayırlar.” (İbn Səd, “ət-Təbəqat əl-kubra”, c. 2, səh. 44)

Peyğəmbərin (s) əmisi oğlu Cəfərə ağlaması: Cəfər və əshabı şəhid olandan sonra Allahın Rəsulu (s) onun evinə getdi və onun övladlarını yanına çağırdı, gözlərindən yaş axan halda onları qoxuladı.

Cəfərin xanımı dedi: “Anam-atam sizə fəda olsun, sizi ağladan nədir? Yoxsa Cəfərdən sizə bir xəbərmi çatıb?”

Peyğəmbər (s) buyurdu: “Bəli, bu gün şəhid oldular”.

Əsma deyir: “Mən yerimdən durub ağladım. Fatimənin evinə daxil olanda gördüm ki, o, ağlayaraq deyir: “Vay əmim!” Peyğəmbər (s) buyurdu: “Həqiqətən ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar.” (“Tarix ibni Əsir”, c. 2, səh. 90; İbn Əbd əl-Birr, “əl-İstiab”, c. 1, səh. 313; İbn əl-Əsir, “Usd əl-ğabə”, c.1, səh. 241; İbn Həcər əl-Əsqəlani, “əl-İsabə”, c. 2, səh. 238; İbn əl-Əsir, “əl-Kamil fi ət-tarix”, c. 2, səh. 420)

Peyğəmbərin (s) Fatimə binti Əsəd üçün ağlaması: Əbu Talibin həyat yoldaşı və Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd Həzrət Peyğəmbərin (s) yannda sevimli kəslərdən idi. O da Həzrəti (s) müdafiə etmək üçün çox səy göstərmişdi. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi.

Peyğəmbər (s) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarix¬çilər belə deyirlər: “Peyğəmbər (s) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.” (Muhibiddin “ət-Təbəri, Zəxair əl-uqba”, səh. 56)

Peyğəmbər (s) öz nəvəsi Hüseyn (ə) üçün ağlayır: Harisin qızı Ummul-Fəzl Peyğəmbərin (s) yanına gəlib dedi: “Ey Allahın Rəsulu (s)! Keçən gecə xoşagəlməz bir yuxu gördüm. Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimə düşür.”

Peyğəmbər (s) buyurdu: “Yaxşı yuxu görmü¬sən. İnşallah qızım Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq”.

O xanım dedi: “Peyğəmbər (s) dediyi kimi Fatimə Hüseyni (ə) dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Peyğəmbərin (s) yanına getdim. Bir də gördüm ki, Peyğəmbərin (s) gözündən sel kimi yaş axır.

Dedim: “Ey Allahın Rəsulu (s)! Sizi ağladan nədir?” Peyğəmbər (s) buyurdu: “ Həzrət Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, bu uşağı məndən sonra şəhid edəcəklər.” (“Kənzul- ummal”, c. 8, səh. 199)

Bu barədə digər hədislər də vardır ki, bunu oxucuların öz öhdəsinə buraxırıq. (“Tirmizi”, c. 13, səh. 193, “Musnəd-Əhməd ibn Hənbəl”, c. 4, səh. 294)

Peyğəmbər (s) Mütə döyüşündə şəhid olanlara ağlayır: İslam Peyğəm¬bəri (s) miladi təqvimi ilə 629-cu ildə Zeyd bin Harisənin başçılığı altında Qüdsün cənubundakı Mütə qəsəbəsinə 3000 nəfərlik ordu göndərir. Göstəriş verir ki, Zeyd şəhid olsa, Cəfər sərkərdə olsun, Cəfər şəhid olsa, Abdullah ibni Rəvaha başçı olsun, o da şəhid olsa, müsəlmanlar özləri bir sərkərdə seçsinlər.

Onlar gedirlər və üçü də şəhid olur. Onların şəhadət xəbəri gəlməmiş Peyğəm¬bər (s) bunu camaata çatdırır və buyurur: “Zeyd bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu.

Sonra Cəfər bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu. Ondan sonra bayrağı ibn Rəvaha götürdü və o da şəhid oldu. Peyğəmbər (s) bunu deyəndə gözündən yaş axırdı.” (“Səhih Buxari” c. 2, səh. 204. “İbn Kəsir əl- Bidayətu vən-nihayə”, c. 4, səh. 255)

Zeyd ibn Harisənin şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması: Zeyd ibn Harisə Mutə döyüşünün komandirlərindən idi. Allah Rəsulunun (s) göstərişi ilə Cəfər ibn Əbi Talib və Abdullah ibn Rəvahə ilə birlikdə müha¬ribəyə rəhbərlik edirdi. Onun şəhadət xəbəri bildirilən kimi Allah Rəsulu (s) onun evinə getdi.

Zeydin qızı Həzrəti (s) görəndə boğazını qəhər tutdu və uca səslə ağlamağa başladı. Həzrət (s) də ağladı. Soruşdular: “Niyə ağlayırsınız?” Həzrət (s) buyurdu: “Dostun dosta olan məhəbbətindən (ağlayıram).” (Muhəmməd əl-Munəvi, “Feyz əl-qədir”, c. 3, səh. 695)

Peyğəmbər (s) Həzrət Xədicə üçün ağlayır: “Həzrət Xədicənin vəfat etməsi Peyğəmbərə (s) çox təsir edir. Xədicənin vəfatından sonra bir il onu gülən görmədilər.

Halbuki Peyğəmbər (s) daim gülümsəyər, insanlarla gülərüz rəftar edərdi. Ona görə də Peyğəmbərə (s) “Zəhhak”, yəni çox gülümsəyən ləqəbi vermişdilər. Peyğəmbərin (s) Həzrəti Xədicə üçün bu qədər ağlaması bəzilərini narahat etdi. Dedilər: “Sən Xədicə üçün niyə bu qədər ağlayırsan? O qoca və yaşlı idi.

Biz Xədicədən daha cavan və gözəlik.” Peyğəmbər (s) buyurdu: “Mən ona niyə ağlamayım ki? Hamı məni inkar edəndə o məni təsdiq etdi. Hamı mənə arxa çevirəndə o mənə dayaq oldu. Mənə bu yolda heç kim kömək olmayanda o mənə köməkçi oldu...” (Səhih Buxari, “Kitabul-mənaqibul ənsar”, c. 19, səh. 43; Səhih Müslim, “Fəzailus-səhabə”, 73, 74, 77, 78 (2434, 2435, 2436, 2437); Ət-Tirmizi, “Mənaqib”, 3885, 3886)

Peyğəmbərin (s) Uhud şəhidi olan Səd ibn Rəbi üçün ağlaması: Hakim “əl-Müstədrək” kitabında Cabir ibn Abdullahdan nəql edərək yazır: “Səd ibn Rəbi Uhudda şəhid olandan sonra Allahın Rəsulu (s) Mədinəyə qayıtdı... Allahın Rəsulu (s) onun evinə daxil oldu, biz də Həzrətlə (s) birgə daxil olduq. And olsun Allaha ki, o evdə ev əşyaları və döşənəcək yox idi. Biz Həzrətin (s) yanında oturduq.

Həzrət (s) bizim üçün Səd ibn Rəbinin şəxsiyyəti haqqında danışdı və onun üçün Allahdan rəhmət dilədi... Bu sözləri eşidən qadınlar ağlamağa başladılar. Həzrətin (s) gözləri də doldu və qadınları ağlamaqdan çəkindirmədi.” (Vaqidi, “əl-Məğazi”, c. 1, səh. 329-330; Təqi əd-Din əl-Muqrizi, “İmta əl-əsma”, c. 13, səh. 269)


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930