Ölünün dəfn edilməsinin səbəbi
Sual yarana bilər ki, niyə ölüləri bəzi ölkələrdəki kimi yandırmır, yaxud suya atmırıq? Niyə məhz dəfn?
Allah Rəsulunun (s) hədisindən də öyrəndiyimiz kimi, bir kimsəyə diri ikən qoyduğumuz hörməti öldüyündən sonra da qorumalıyıq. Meyitə qarşı hörmət-sizlik olunmamalıdır. Əgər dəfn edilməsə, tədricən xoşagəlməz qoxusu hər tərəfi bürüyər, insanlarda ona qarşı ikrah hissi oyadar, qiyafəsi dəyişiləcək. Əgər harasa atılsa, heyvanların yeminə çevrilər, bədən hissələrini ətrafa səpələyəcəklər. Ölən kimsənin bədəni ruhu çıxdıqdan sonra müxtəlif mikroblara bulaşır, bu da ətraf mühit və insanlar üçün zərərlidir. Heç bir insan vəfat etmiş bir yaxınına bu cür hörmətsizliyi rəva bilməz. Quran ayələrindən öyrənirik ki, ölünü dəfn etmək Həzrət Adəmin (ə) oğullarından etibarən mövcuddur. Qabil Habili öldürdükdən sonra necə dəfn edəcəyini bilməmişdi. Quran həmin mənzərəni belə vəsf edir: “Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.” “Maidə” surəsi, 31 Ayədən göründüyü kimi, öldürülən kimsəni torpağa dəfn etməyi Allah ən optimal yol kimi təqdim edir. Bəziləri ölüləri yandırmaqla yer zəbt etməməyi və bu kimi səbəbləri gətirə bilər. Amma unutmayaq ki, dinimiz yuxarıda da dediyimiz kimi, ölmüş insanın cansız bədəninə də ehtiramı əmr edir. Ölünü yandırmaq, yaxud dəfn etməyə şərait olduğu halda suya atmaq, yaxud uca dağlardan, sıldırım qayalıqdan atmaq ölən şəxsə qarşı hörmətsizlik sayılır. İslam dini ölünün ehtiramına xatir onu xüsusi qaydalar üzrə dəfn etməyi əmr edir. Ölünün yuyulması, kəfənlənməsi, dəfni, qəbrinin ziyarəti, onun üçün dualar oxumaq və bu qəbil işlərin hər biri buna görədir. Bir kimsənin məzarının olması onu zaman-zaman yad etməyi, həmçinin onu yad etməklə birgə axirəti xatırlamaqda bizə yardım edir. İnsanın məzarı üstə əyləşməyi, onu tapdalamağı belə rəva görməyən dinimiz onu yan¬dırmağa, yaxud digər vasitələrə razı olarmı? Sual: Ölünün üzərinə güzgü qoymaq olarmı? Cavab: Ölən adamın üzərinə güzgü qoyulması barədə dini mətnlərdə qar-şımıza əsaslı bir mənbə çıxmamışdır. Bu, sadəcə bir ənənədir və dinin əsasla¬rına heç bir xələl gətirmədiyi üçün bu günə qədər də bəzi məntəqələrdə elə ənənə olaraq davam etməkdədir. Ola bilsin ki, bu ənənənin başlanğıcı hansısa hadisə ilə bağlıdır. Lakin ən ağlabatan variant bundan ibarətdir ki, şəxsin ölü və ya diri olmasını, yəni canını tapşırıb-tapşırmadığını yoxlamaq üçün güzgünü onun ağzına yaxınlaşdırırlarmış və əgər güzgünün üzəri buxarla örtülməzmişsə, şəxsin artıq nəfəs almadığı və ölü olduğu anlaşılırmış. Ola bilsin ki, sonradan bu, ölünün üzərinə güzgü qoyulmasına çevrilmişdir. Sual: Cənazənin dəfnindən və hər ziyarətdən sonra əl barmaqlarının məzarın üzərinə qoyularaq “Qədr” surəsinin oxunmasının şiə, yaxud sünni mənbələrində bir əsası varmı? Cavab: Dünyasını dəyişənlərin ruhlarına Qurandan ayələr, surələr və hətta Qurani-Kərimi xətm etmək faydalıdır. Bunda şəkk yoxdur. Lakin sırf bu məz-munda, yəni barmaqları qəbrin üzərinə qoyub “Qədr” surəsini oxumaq barədə rəvayətlərə şiə mənbələrində daha çox rast gəlinir. İmam Muhəmməd Baqir (ə) buyurmuşdur: “Kim mömin qardaşının məza¬rını ziyarət edər və qibləyə yönəlib əlini onun məzarı üzərinə qoyaraq “Qədr” surəsini yeddi dəfə oxuyarsa, Qiyamət gününün qorxusundan amanda qalar.” “Furuul-Kafi” c. 3, səh. 196; “Biharul-Ənvar” c. 82, səh. 54; “Mən lə yəhzurul-Fəqih”, c. 1, səh. 115 İmam Rza (ə) buyurur: “Kim bir möminin məzarı üzərinə gəlib “Qədr” surəsini yeddi dəfə oxuyarsa, Allah həm onu, həm də məzardakı mərhumu bağışlayar.” “Mən lə yəhzurul-Fəqih”, c. 1, səh. 115; “Əl-Vəsail” c. 2, 882 Bəzi rəvayətlərdə bu surənin “Fatihə” və bəzi rəvayətlərdə isə hər hansı bir surə olması qeyd olunur. Nəticə etbarilə Qurandan bir surə oxumaq nəzərdə tutulur. Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı "İslamda Vardır" kitabından Ahlibeyt.ge Oxşar xəbərlər
|